PDF Oxu

Mədəniyyət

  • 1 681

Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisi yubileyini qeyd edir

Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisi yubileyini qeyd edir

Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri - Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF" 2016) Sərgisi öz 15 illik yubileyini qeyd edir. Keçirildiyi illər ərzində "AITF" Sərgisi, bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin qovşağı ("hab") statusunu qazanmışdır.

Turizm sahəsi ölkənin qeyri-neft sektorunun perspektivli sahələrindən biridir. Respublika rəhbərliyi tərəfindən "AITF" sərgisinə hər zaman hərtərəfli dəstək verilir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Respublika rəhbərliyi tərəfindən həm turizmə, həm də "AITF" Sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir.

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən "AITF" Sərgisi, həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası ("AZTA") tərəfindən dəstəklənir. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ("UNWTO") və Asiya-Sakit Okean Turizm Assosiasiyası ("PATA" "AITF") Sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniya tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

"AITF-2016" Sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının ("AZTA") stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

Beləliklə, sözügedən sərgilər danışıqlar üçün etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin öyrənilməsinə və səmərəli əlaqələrin qurulmasına da kömək edəcək. "AITF" və "HOREX Caucasus" sərgilərinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Bu yubiley proqramı iştirakçı və ziyarətçilərin yaddaşlarında Bakıda keçirilən sərgilər xüsusunda xoş və parlaq iz buraxacaqdır.

"AITF" və "HOREX Caucasus" sərgiləri 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

ZÜMRÜD

Digər xəbərlər