Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub.
Nazirlikdən qəzetimizə verilən məlumata görə, Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb.
Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanmış və xüsusi daş-qaşlarla bəzədilib.
Sərgini açıq elan edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işini daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd edib. Mədəniyyət Mərkəzi tərəfindən 2015-ci ildə "Könlüm keçir Qarabağdan" adlı sərgidə Qarabağ xalçaları, mətbəxi sərgilənmiş, ötən ilin dekabr ayında isə "Azərbaycan-özbək milli geyimlərinin nümayişi" adlı moda sərgisində Qarabağa aid geyimlər nümayiş etdirilib. O, qeyd olunan sərgilərin Daşkənddə böyük rezonans doğurduğunu, ictimaiyyət tərəfindən maraqla qarşılandığını və yerli mətbuatda geniş işıqlandırıldığını söyləyib.
Tədbirdə çıxış edən özbək yazıçı, Özbəkistanda Azərbaycan dili üzrə tərcüməçi Şəhla Qasımova Azərbaycanın Qarabağ geyimlərinin diqqətəlayiq və öz rəngarəngliyi ilə seçildiyini, bu diyarda yaşayıb yaratmış azərbaycanlıların tarixinin, mədəniyyətinin necə zəngin olduğunu sübut etdiyni söyləyib.
Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Qarabağ rəqslərini ifa ediblər.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırılıblar.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaxın günlərdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin, diplomatların xanımları Qarabağ geyimlərinin sərgisi ilə tanışlığı nəzərdə tutulub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...