PDF Oxu

Mədəniyyət

  • 1 676

Azərbaycan turizm imkanları ilə dünyanın diqqət mərkəzindədir

Azərbaycan turizm imkanları ilə dünyanın diqqət mərkəzindədir

Təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycan daim xarici vətəndaşların diqqətində olub. Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub. Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı.

Turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biri olan Ümumdünya Turizm Təşkilatı beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmi inkişaf etdirdi. Azərbaycan 2001-ci ildə təşkilata üzv oldu. Təşkitlatın xətti ilə Bakıda seminarlar keçirilməyə başlandı.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub. Ulu Öndərin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə edilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanıb. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix - mədəniyyət abidələri bərpa edilib və turistlərin istifadəsinə verilib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.

Xarici dövlətlərin daim maraq dairəsində olan Azərbaycanla əməkdaşlıq genişlənir. Bu günlərdə Azərbaycan ilə Livan arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Livanın turizm naziri Mişel Faraonun Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovla görüşündə turizm sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Səfir nazirə ölkəmizin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan qısa müddətdə bir çox tarixi nailiyyətlərə imza atıb, regionda lider dövlətə çevrilib. Diplomat, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və xaricdə həyata keçirilən xeyriyyə tədbirləri, onun respublikamızın dünyada tanıdılması istiqamətində gördüyü işlər, mədəniyyət, idman, elm, təhsil, səhiyyənin inkişafına göstərdiyi diqqət barədə məlumat verib. Nazir M.Faraon Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətləri barədə məlumatlı olduğunu bildirib.

Turizmin inkişafı ölkənin iqtisadiyyatının artması deməkdir. Belə ki, turizm ölkə iqtisadiyyatının əsasını təşkil edir. Eləcə də, Azərbaycanın dünyada tanınmasında turizmin inkişafı əsas şərtləndirici amillərdəndir. Turizm sektorunun inkişafı məqsədi ölkəmizdə dünyanın ən müasir turizm obyektləri, mehmanxanalar, müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Ekspertlərin fikrincə, Azərbaycan turizmi bu cür inkişaf edərsə, yaxın 5-10 ildə öz əhalisinin sayı qədər turist qəbul edə bilər. Bu, təkcə maddi gəlirlə deyil, həm də Azərbaycanla tanışlığa öz töhfələrini verəcək. Azərbaycan, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də öz sözünü deyəcək.

ZÜMRÜD

Digər xəbərlər