Dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasi ilə birgə mədəniyyət və turizm müəssisələri üçün multikulturalizm ilinin açılışı münasibətilə "Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı geniş Kitab Sərgisinin təqdimatını keçirib.
Mədəniyyət müəssisələrinin və aparıcı kitabxanaların nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada keçirilən tədbiri kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ili "Multikulturalizm ili" elan edilməsinin əhəmiyyətindən, Azərbaycanda multikulturalizmin səviyyəsindən, multikulturalizmin respublikamızda artıq alternativi olmayan həyat tərzinə çevrilməsindən, illərdir ölkəmizin çoxsaylı milli azlıqlar üçün doğma vətənləri olduğundan danışıb.
Sərgi haqqında ətraflı məlumat verən K.Tahirov sərginin ilin sonuna kimi guşə kimi fəaliyyət göstərəcəyini, daim yeni ədəbiyyatla zənginləşəcəyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Aslan Cəfərov nazirliyin multikulturalizmlə bağlı keçirdiyi tədbirlərdən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə çıxış edərək, Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu söyləyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" sitatına əsaslanan mərkəz fəaliyyətini bu istiqamətdə qurur və silsilə tədbirlər keçirir, müxtəlif dillərdə kitab çapı ilə məşğul olur. O kitablardan çoxu artıq bu sərgidə öz əksini tapmışdır.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı sərgi ilə tanış olublar. 25 dildə çap olunmuş ədəbiyyatdan ibarət sərgi tədbir iştirakçılarının böyk marağına səbəb olub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...