PDF Oxu

Mədəniyyət

  • 1 693

"Şahdağ" Turizm Mərkəzində məktəblilər üçün xüsusi xizək proqramı

"Şahdağ" Turizm Mərkəzində məktəblilər üçün xüsusi xizək proqramı

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan "Şahdağ" Turizm Mərkəzi 2016-cı ilin fevral ayından başlayaraq, Qusar rayon mərkəzində və kəndlərində yerləşən məktəblər üçün "xizək proqramını" açıq elan edir. Mərkəzdən qəzetimizə verilən məlumata istinadən, proqram daxilində 7-11-ci sinif şagirdləri üçün qrup şəklində məşğələlər təşkil olunacaq, eləcə də məktəblilərin mərkəzə gətirilməsi və geri qaytarılması, xizək avadanlıqlarını, xüsusi geyimlərin icarəsi və kanat yollarından istifadə edilməsi "Şahdağ" Turizm Mərkəzi tərəfindən təmin ediləcədir. 2 saatlıq məşğələlər zamanı Azərbaycanda ilk Beynəlxalq Xizək Məktəbinin peşəkar təlimçiləri məktəblilərə xizək sürməyin ən təhlükəsiz və asan yollarını öyrədəcəklər. Yalnız xizəksürmə ləvazimatlarının kirayə haqqının yarısını ödəməklə iştirakçılar beynəlxalq dərəcəli təlimçilərdən dərs almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, turizm mərkəzinin ötən il təşkil etdiyi eyniadlı 3 aylıq proqram daxilində ümumilikdə 800 nəfərədək məktəbli xizək dərsi almağa müvəffəq olmuş, proqram şagirdlərin hədsiz marağına səbəb olmuşdur. Məhz bu səbəbdən bu il yenidən "xizək dərsləri" təliminə start verilmişdir. Builki proqram keçənilki xizək təlimlərindən kənd məktəblərini də əhatə etməsi ilə fərqlənir. Beləliklə, artıq hər bir şagirdin xizək sürmə arzusunu reallaşdıra biləcəyi bir imkan var. Bu cür stimul verən tədbirlərin ölkəmiz üçün yeni olan xizək idman növünün inkişafında, gələcək idmançıların və peşəkarların yetişdirilməsində böyük töhfə olacağı danılmazdır. Bütövlükdə, Azərbaycanda qış idman növlərinin və xizəksürmə mədəniyyətinin mənimsənilməsində ölkəmizdə ilk dağ-xizək kurortu olan "Şahdağ" Turizm Mərkəzinin rolunu xüsusilə qeyd etmək olar.

ZÜMRÜD

Digər xəbərlər