PDF Oxu

Mədəniyyət

  • 2 017

Rusiyada Azərbaycanın ilk turizm nümayəndəliyinin açılışı olub

Rusiyada Azərbaycanın ilk turizm nümayəndəliyinin açılışı olub

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Balçuq Kempinski" hotelində ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan "Tour a Vent" şirkətinin təntənəli təqdimatı keçirilib. Nazirlikdən qəzetimizə verilən məlumata istinadən, mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, "Azal" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Azərbaycanın və Rusiyanın tanınmış aparıcı turizm agentliklərinin və mehmanxanalarının rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adlandırıb. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirir və bu sahənin qeyri-neft sektorunun inkişafında mühüm amil olduğunu diqqətə çatdırır. Azərbaycanın geniş turizm imkanlarından danışan P.Bülbüloğlu turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə çağırıb, toplaşanları isə Azərbaycana səfərə dəvət edib:"Əminəm ki, Azərbaycandan razı qayıdacaqsınız!", - deyə səfir vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynadığını deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin 39 faizdən çoxunu rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb. Moskvada yeni açılan "Tour A Vent" agentliyinin bu əlaqələrin daha genişlənməsinə xidmət edəcəyini söylədi. V.Şixəmmədov bildirdi ki, agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.

Tədbirdə çıxış edən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Rusiya "Turizm Agentlikləri Alyansı" Assosiasiyasının icraçı direktoru Natalya Osipova, Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin və başqaları iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirdilər, qədim tarixi, füsünkar təbiəti, mülayim iqlimi və ən başlıcası mehriban insanları ilə zəngin Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsi, ilk Avropa Oyunları, mötəbər idman yarışlarına uğurla ev sahubliyi etməsi turistlərin bu ölkəyə axınının daha da artmaslna səbəb olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, "Formula 1" yarışması barədə, Şahdağ Turizm Mərkəzi, "Jumeirah Bilgah Beach" oteli, Qafqaz otelləri, Park İnn, Naftalan otellərinin nümayəndələri təqdimatlar keçirib.

Təqdimat mərasimində Azərbaycan Turizm Assosiasiyası, "Azərbaycan Hava Yolları" QSC ilə Rusiya "Turizm Agentlikləri Alyansı" Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalandı və ikitərəfli görüşlər keçirildi.

Tədbirdə keçirilən lotereya oyununda Azərbaycana həftə sonu turları, tematik turlar, eləcə də "Formula-1" yarışmasının Qran-Pri mərhələsinə biletlər qazanılıb.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən "Tur A Vent" şirkəti arasında müqavilə imzalanıb.

ZÜMRÜD

Digər xəbərlər