PDF Oxu

Mədəniyyət

  • 1 941

Mədəniyyətimizin inkişafında və təbliğində QHT-lərin rolu müzakirə olunub

Mədəniyyətimizin inkişafında və təbliğində QHT-lərin rolu müzakirə olunub

Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona görüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib. Tədbirdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev "QHT-lərlə Əməkdaşlıq, Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi" mövzusunda məruzə edib.

Bildirilib ki, bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcə də, Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırılıb.

Nazirliyin Regionlarla İş Sektorunun müdiri Pərviz İsgəndərli, İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Qeyri-hökumət təşkilatları ilə İş Sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev layihələrin prioritet mövzuları, layihələrin təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat verib. Tədbirdə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi məsələləri müzakirə olunub.

ZÜMRÜD

Digər xəbərlər