Dünən Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Milli Kitabxananın saytında yaradılan "Musiqi kitabxanası" və "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi barədə qısaca məlumat verərək, layihənin Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif və verdiyi tapşırıq əsasında həyata keçirilməsinə başlanmasından, Beynəlxalq Musiqi Kitabxanası Layihəsi /Petruççi Musiqi Kitabxanası (IMSLP) haqqında danışaraq, layihənin həyata keçməsində dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev layihənin məqsədini açıqlayaraq bildirib ki, Azərbaycan musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq məqsədilə xalqımızın musiqi irsinin, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq musiqimizin, folklorumuzun dünyada ən çox tanınan və populyar olan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu, layihənin Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Müəllif Hüquqları Agentliyi tərəfindən gerçəkləşdiyini söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov layihə haqqında danışaraq, layihənin həyata keçməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirib və uğurlar arzulayıb.
Tədbir iştirakçılarına Milli Kitabxananın saytında yaradılan "Musiqi kitabxanası" və Beynəlxalq Musiqi Kitabxanası layihəsi təqdim olunub.
Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olublar.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...