PDF Oxu

Mədəniyyət

  • 1 869

"Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 110 illiyi

"Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 110 illiyi

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım"

XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya imperiyasında və imperiyanın yaratdığı "xalqlar həbsxana"sında demokratik ideyların sədaları altında oyanış baş verdi. Oyanış və tərəqqinin Azərbaycan demokratik fikrindəki ideyaları XX əsrin əvvəllərində nəsrə başlayan mütərəqqi qəzet və jurnallar vasitəsilə xalqa çatdırılırdı. Bu mətbuat tribunaları arasında "Molla Nəsrəddin" jurnalının özünəməxsus rolu var idi. Qətiyyətlə demək olar ki, "Molla Nəsrəddin" jurnalı Azərbaycan demokratik fikrində xalqı tərəqqi və oyanışa səsləyən əsas və əsaslı tribuna olmuşdur.

XX əsrin əvvəllərində tərəqqi, oyanış, yeniləşmə, hürriyyət və sair bu kimi məsələlərin Azərbaycan demokratik fikrində geniş əks-səda doğurduğu bir zamanda elə təbiətin özündən, zəmanənin özündən tam 105 il bundan əvvəl 1906-cı ilin aprelində "Molla Nəsrəddin" doğuldu. "Molla Nəsrəddin" tezliklə zəmanənin nəbzini tutaraq öz amacına çatmağı, Azərbaycanın mədəniyyət və mənəviyyatında, eləcə də ictimai-siyasi tarixində öz şərəfli yerini almağı bacardı. "Molla Nəsrəddin" jurnalı cəhalətə, fanatizmə, avamlığa, geriliyə və mövhumata qarşı, tərəqqi və yenilik uğrunda mübarizəsində maarifçiliyə geniş yer verirdi. Bu tərəqqipərvər maarifçilik xalqı oyatmaq, onun milli şüurunu yüksəltmək, xalqı tərəqqi və yeniləşməyə hazırlamaq məqsədi güdürdü.

Zəmanə tələb edirdi ki, xalq özünü, acınacaqlı vəziyyətini və bu vəziyyətdən çıxış yolunun nədə olduğunu aydın dərk etsin, ictimai-siyasi proseslərin passiv seyircisi deyil, fəal və mübariz iştirakçısı olsun. "Molla Nəsrəddin" jurnalı dövrün gerçəkliklərindən irəli gələn, vaxtı çatmış ictimai-siyasi məsələləri, əsasən düzgün ifadə etdiyinə görə, xalq tərəfindən sevildi və xalq kütlələri arasında şöhrət tapdı. Xalq "Molla Nəsrəddin"də öz həyatını, acınacaqlı vəziyyətini görür, ondan bu vəziyyətdən çıxmanın yollarını öyrənir, eləcə də jurnalın demokratiya və tərəqqi uğrunda mübarizə çağırışına qoşulurdu. Jurnalın "Sizi deyib gəlmişəm ,ey mənim müsəlman qardaşlarım!" müraciəti onun məhz xalqa xidmət edəcəyindən xəbər verirdi. Xalq bu müraciətdə "Molla Nəsrəddin"in xalqa, vətənə əsl sevgisinin ifadəsini aydın hiss edirdi. Xalqın jurnala hörmətlə yanaşması onun idealarını dəyişmək, yeniləşmək və tərəqqi üçün proqram olaraq qəbul etməsi də, məhz buradan irəli gəlirdi.

Bəzi tədqiqatçılar "Molla Nəsrəddin" jurnalının, əsasən cəhalət və mövhumata qarşı mübarizə apardığı fikrinə üstünlük verirlər. Bu cür fikirlər "Molla Nəsrəddin"in tarixi rolunu kiçiltmiş olar. Əslində, "Molla Nəsrəddin"in amalı çox böyük idi. "Molla Nəsrəddin"çilər, dövrün irəlidə gedən millətləri ilə ayaqlaşacaq maarifə, elmə və qabaqcıl mədəniyyətə yiyələnəcək, tərəqqini, yeniləşməni, hürriyyəti özünün yaşayış tərzinə çevirəcək, öz milli dəyərlərini yüksəkdə tutacaq bir xalq uğrunda mübarizə aparırdılar. Jurnalın bu ideya istiqamətində Azərbaycanın ictimai fikir tarixindəki izi silinməzdir. Avamlığı və cəhaləti üzündən zülmə və hər cür mərhumiyyətlərə məruz qalan xalq "Molla Nəsrəddin" də özünü tapdı və öz mənəvi intibahı uğrunda mübarizəyə başladı.

"Molla Nəsrəddin"in xalqa təsir gücünü görən çar hökuməti jurnal üçün ağır senzura şərtləri qoymuşdu. Lakin bu "Molla Nəsrəddin"çiləri qorxutmurdu. C. Məmmədquluzadə "Məsləkimiz" adlı məqaləsində yazırdı: "1908-ci ildə də "Molla Nəsrəddin" öz məsləkində davam edib yazacaqdır... , "Molla Nəsrəddin" köhnə sayaqla hürriyyət və ədalət bayrağı altında çalışacaqdır".

Xalqın səbrinə güvənən və təvəkkülünə bel bağlayan xalqa cənnət vəd edərək dözməyi, necə varlarsa eləcə qalmağı, hər türlü yeniliklərdən çəkinməyi aşılayanların, insanlara böyük Sabirin göstərdiyi kimi "çəkmə millət qəmini, çəkmə, çək, öz qəlyanını" deyənlərin əksinə olaraq, "Molla Nəsrəddin"çilər "səbr eylə" fəlsəfəsinə qarşı ciddi mübarizə aparırdılar. Onlar əsl dərdin millət dərdi olduğunu, əsl mübarizənin xalqın tərəqqisi, millətin əsrin səsinə səs verərək yeniləşməsi uğrunda mübarizə olduğunu göstərirdilər.

Göründüyü kimi tərəqqi problemi Molla Nəsrəddinçi yazarların ictimai görüşlərində mühüm yer tuturdu.Onlar içtimai tərəqqinin düzgün olaraq geniş mənada içtimai həyatın bütün - sosial iqtisadi , siyasi və mədəni sahələrinə aid edirdilər. Onlar "tərəqqi" anlayışını yenilik, sivilizasiyalı inkişaf kimi şərtləndirirlər. Cəmiyyətin yeniləşməsi , sivilizasiyalı cəmiyyət halına gəlməsi, onların uğrunda mübarizə apardıqları yeganə amal idi. "Molla Nəsrəddin" jurnalı ətrafına cəmləşən demokratik ruhlu ziyalılar tərəqqi uğrunda mübarizəni özlərinin məslək işi hesab edirdilər. Onlar tərəqqini bioloji amillərlə , xalqların təbiəti ilə bağlayanları və güya xalqın tərəqqiyə zidd olduğunu iddia edən mürtəce fikir sahiblərini kəskin tənqid etmişlər.

Öz millətinə xor baxanları, ana dilində danışmaqdan utananları, müxtəlif bəhanə ilə millətin tərəqqisini qeyri-mümkün sayan boşboğazları özünəməxsus üsulla ifşa edən "Molla Nəsrəddin" jurnalı yazırdı: "Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin "hökümət qoymayır məktəblərdə ana dilimizi öyrənək ..."

"Bir saatlığa tutaq ki, hökümət qoymur məktəblərdə ana dilimizi öyrənək, tutaq ki, bunu hökümət qoymur. Bəs ana dilini istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?.."

... Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizdə danışmağı ar bilməyə vadar edir?"

"Molla Nəsrəddin"çilər vətənini, millətini, dilini sevən xalqı öz mənəviyyatı və tərəqqisi uğrunda mübarizədə məğlubedilməz sayırdılar.

Onlar Azərbaycan xalqının inkişafdan geri qalmasının səbəblərini müstəmləkəcilik zülmünün yaratdığı ağır şəraitdə , biçarəlikdə , avamlıq və cahillikdə görürdülər. Lakin demokratik ideyaların doğma vətənlərinə yol açması ilə müstəmləkəçilik buxovlarının get - gedə zəyiflədiyini və xalqın yeniliyə , tərəqqiyə inkişafa doğru , qaranlıqdan işığa doğru can atdığını Molla Nəsrəddinçilər açıq - aşkar hiss edir və xalqın tərəqqisi uğrunda zamanın hökmü, əsrin tələbi olaraq çarpışırdılar. Dahi Sabir göstərirdi ki , XX əsr bizi "sahili-nicata", "tariqi-sadətə" səsləyir. Sabir tərəqqini "əcnəbilərin seyrə balonlarla çıxdığı əsrin bizi dindirməsi" zərurəti sayırdı. Sabir xalqı heç də tamamilə əzab çəkən, hər cür vəziyyətə dözən avam kimi deyil, getdikcə özünü dərk edən, öz hüququ uğrunda mübarizə aparan tərəqqiyə və yeniləşməyə can atan kimi təsvir edirdi. Indi xalq "hüququ üstdə ədavət" edir, cəmiyyətdə özünün yerini tutmağa çalışır. Bunu dövr ilə, zəmanə ilə bağlayan şair yazırdı:

Dəyişib zəmanə indi, dolanıb bütün ümurat,

Ayağı çarıqlılar da gəlib istəyir musavat,

Xalqın oyanmasını, onun hürriyyət uğrunda mübarizə aparmasını çox yüksək qiymətləndirən şair deyirdi:

Millət ayılıb talibi-hürriyyət olurmuş,

Millətdə də yahu, belə bir qeyrət olurmuş?

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə yazırdı : "İndi XX əsrdə, görürsən ki , dünyanın bir səmtində adamlar az qalırlar ölünü diriltsinlər .... az qalırlar ki , havaya uçub aydan ulduzdan xəbər gətirsinlər ; digər yanda ruhanilər tərəqqini, yeniləşməni şeytan işi sayaraq, deyirlər ki, "bizlər köhnə qaydalardan çıxa bilmərik, yoxsa islam əldən gedər".

Xalqın geridə qalmasının əsas səbəbkarı kimi xurafat və cəhaləti nəzərdə tutan ədib fikirlərinə davam edərək yazırdı: "Belə olan surətdə necə ola bilər ki, mömin müsəlmanlar tərəqqi eləsinlər, yəni özlərini kafirlərə oxşatsınlar".

İctimai tərəqqiyə qarşı çıxanlar təkcə ruhanilər deyildi. Eyni zamanda, sözdə tərəqqidən dəm vurub, əməllərində isə tərəqqiyə mane olan, dırnaqarası "abrazavonski"lər də var idi. Cəlil Məmmədquluzadə belələrini nəzərdə tutaraq yazırdı: "Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan-axıra qədər müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, "ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri-millətlər kimi tərəqqi et". Ədib göstərirdi ki, bu çığırıb-bağıranlar yalnız çığırıb, bağırmaqla öz işlərini bitmiş sayırlar. Əməldə isə tərəqqi üçün nəinki əllərini tərpətmirlər, hətta tərəqqiyə mane olan əməllərə rəvac verirlər. Ona görə də bu cür yazıların qiyməti çürük qəpikdir. İndi boş-boş nəsihət edib, "millət xəstədir" deyib təəssüflənmək vaxtı deyil, tərəqqi uğrunda əməli mübarizə aparmaq, milləti sağaltmaq vaxtıdır.

Cəlil Məmmədquluzadə "Məktəb məktəb deməklə Fatıya tuman olmaz". Mirzə Ələkbər Sabir "Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun" sözləri ilə oyanış, tərəqqi, yeniləşmə uğrunda mübarizəni ürəkdən, əməli iş görməklə, çəkinmədən, davamlı olaraq aparmağı lazım bilirdilər.

Əsrin tərəqqi əsri olduğunu söyləmək, xalqı tərəqqiyə səsləmək işin bir tərəfidir. Əsas məsələ xalqın tərəqqisinə əngəl olan səbəbləri aradan qaldırmaq , bundan da mühüm məsələ xalqa tərəqqi yolunu göstərmək idi.

Məhz Molla Nəsrəddinçi demokratik ziyalılar tərəqqiyə əngəl olan amilləri amansız tənqidə məruz qoymaqla yanaşı, xalqa tərəqqinin həqiqi yolunu göstərməyə çalışırdılar.

Demokratik ziyalılar tərəqqinin qarşı alınmaz olduğunu tarixin təkərini geriyə döndürməyin mümkün olmadığını anlayır və xalqa anladırdılar. "Molla Nəsrəddin" jurnalı zəmanənin təzələnəcəyini təlqin edir , tərəqqinin qarşısıalınmazlığına inamını ifadə edir və tərəqqiyə mane olanlara acı istehza ilə deyirdi : "Rusiya nücəbaları hökümətdən təvəqqi edirlər ki , bir elə maşın icad eləsin ki, günlər və saatlar qabağa getmək əvəzinə, dala çönsün, ta ki, qayıdıb bir-iki ildən sonra çataq köhnə idarəyə".

Dövrün tərəqqi düşmənləri də müxtəlif kateqoriyalara bölünürdü. Xalqın tərəqqisindən zərər və ziyana düşənlər vardır ki, onlar tərəqqinin açıq düşünənləri sayılırlar. Lakin bir çoxları da vardır ki, onlar tərəqqini anlamadıqlarına görə tərəqqiyə düşmən kəsilirlər. "Molla Nəsrəddin"çi demokratlar xalqın tərəqqisindən zərər-ziyana düşənlərin əsl sifətlərini aşkara çıxarır, onları acı gülüşlə, niyyətlərini öz ifadələri ilə izhar etməklə kəskin tənqidə tuturdular. "Övladı-vətən xam qalarsa , əyyam da keyf çəkməli olar" deyənlərə Sabir öz demokratik düşüncələrinin gücü və satirik qələminin dili ilə tutarlı cavab vermişdir.

Millətə çatdıqca qəm, əyyas idik,

Hakimə yar, amirə qardaş idik,

Qibleyi -taətgəhi övbaş idik,

Harda aş olsaydı,ora baş idik,

Hər gecə, hər gün bizə bayram idi,

Ax!... necə kef çəkməli əyyam idi!

"Molla Nəsrəddin"çi demokratik fikir nümayəndələri xalqın tərəqqisinə nail olmaq üçün bütün mütərəqqi üsul və vasitələrdən istifadə edirdilər. "Molla Nəsrəddin"çilər dövrün qabaqcıl ziyalıları olaraq xalqı, ilk növbədə elm və maarif işığına səsləyirdilər. Əsl mənada tərəqqinin, məhz elm və maarifə yiyələnməklə əldə ediləcəyinə özləri inandığı kimi xalqı da inandırmağa çalışlrdılar. Onlar elm və maarifin işığı ilə oyanan xalqın tərəqqidə intişar tapacağına, öz gələcəyini öz əlləri ilə quracağına möhkəm inanırdılar.

Demokratik ruhlu ziyalılar xalqı siyasi düşüncədən və tərəqqidən məhrum "passiv", "nadan" kütlə hesab edənlərə qarşı çıxır, xalqın gücünə, yaradıcılığına inanır, xalqı bu gündə saxlayan mövcud şəraitin dəyişdirilməsini vacib sayırdılar. "Molla Nəsrəddin"çilər inanırdılar ki, xalq əzilsə də, gözləri kor, qulaqları kar edilsə də, inamının özünə qaytarılacağı təqdirdə tarixin gedişini dəyişəcək, tərəqqi, yolunun yenilməz yolçusuna çevriləcəkdir.

"Molla Nəsrəddin" jurnalı yazılarında "indi ixtiyar millətdədir" deyərək, xalqı oyanışa tərəqqiyə və özünün quracağı gələcəyə səsləyirdi.

Xalqın gücünə və gələcəyinə dərin inam bəsləyən "Molla Nəsrəddin"çi demokratlar xalqını sevən, xalqın səadət və tərəqqisi uğrunda yorulmaz mübarizlər və hürriyyət yolunun yolçuları idilər. Onlar xalqa tərəqqi və yeniləşmə yolunda həqiqi fədailəri, xalq rəhbərlərini yalançı millətpərəstlərdən fərqləndirməyi tövsiyə edirdilər. Xalqın fədaisi olub xalqa rəhbərlik edib, xalqı arxasınca aparmaq hər adamın işi deyil. Xalq rəhbəri xalqla bir olub, gücünü xalqdan almalıdır.

Doğurdan da, Azərbaycanın müstəqillik əldə etməsinin ilkin illərində özünü xalq rəhbəri adlandıran, milləti qabağa aparmaq istəyənlər çox oldu. Lakin təkcə xalqın tələbi ilə xalqına rəhbərliyi öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev xalqın həqiqi rəhbəri oldu. Gücünü xalqdan aldı. Ömrünü xalqına bağışlamaqla, gücünü xalqa qatdı. Milləti qabağa apardı. Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi. Əsl xalq rəhbəri nümunəsi olaraq xalqın Ümummilli Liderinə çevrildi. Dahiyanə əməlləri ilə xalqını xilas etdi və ölməz ideyaları ilə onun gələcək yoluna işıq saldı.

Bu baxımdan, XX əsrin əvvəllərində "Molla Nəsrəddin"çilərin arzuladığı və bu yolda çalışdıqları, azad, mütərəqqi, müstəqil Azərbaycanın yaradılması ideyasını XX əsrin sonunda Ulu Öndər Heydər Əliyev həyata keçirə bildi.

Hüseynov Yusif Hüseyn oğlu

Naxçıvan Dövlət Universitetinin

dosenti, fəlsəfə doktoru

Digər xəbərlər