Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən "Regional turizmin davamlı inkişaf prioritetləri" mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkil etdiyi gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi-təşkilati dəstəyi ilə təşkil olunub.
Konfransda EİF-in icraçı direktoru Elçin Babayev, ATMU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək, mövzunun aktuallığından danışıblar. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən biri olan turizmin elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır. Konfrans geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsinə mühüm yer ayırıb. Tədbir Azərbaycanda və dünyada mövcud olan turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün təşkil edilməsi, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak ediblər. Məruzələr sırasında Türkiyə və İngiltərədən təqdim olunmuş maraqlı işlər də mühüm yer tutur.
Konfrans çərçivəsində sərgi təşkil olunub, turizmlə bağlı videoçarxlar nümayiş etdirilib.
NƏZAKƏT
Bütün Polşa onun haqqında danışır...