PDF Oxu

Mədəniyyət

  • 2 043

"Ölülər" əsəri yeni quruluşda nümayiş olundu

"Ölülər" əsəri yeni quruluşda nümayiş olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib və tragikomediya yeni quruluşda nümayiş olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Akademik Milli Dram Teatrının birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə teatrın direktoru, tamaşanın quruluşçu rejissoru və rəssamı, xalq artisti Azərpaşa Nemət çıxış edərək bildirib ki, məşhur "Ölülər" tragikomediyası bədii xüsusiyyətlərinə görə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olub. 1909-cu ildə yazılmış "Ölülər" komediyası ideya orijinallığı, mövzu zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bədii sənət incisidir.

A.Nemət bildirib ki, yeni quruluşda hazırlanan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ərsəyə gəlib. Görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər"ə bəstələdiyi musiqi yeni tamaşada simfonik orkestr üçün işlənib. Musiqi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestr tərəfindən ifa olunur.

Tamaşanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, bu gün yeni quruluşda tamaşaçıya təqdim olunan "Ölülər" dünya ədəbiyyatında ən mükəmməl dram əsərləri ilə yanaşı durmağa layiq bir əsərdir. Əsər dünya dillərinə tərcümə olunarsa, böyük maraq doğurar və insanları həyat və ölüm haqqında yenidən düşünməyə məcbur edər. Ötən 100 il ərzində "Ölülər" qədər teatrlarımızın repertuarında yer tutan ikinci bir əsərə rast gəlmək mümkün deyil. Bu əsər Azərbaycanda neçə-neçə görkəmli sənətkarın yetişməsinə, tanınmasına təkan edib.

İ.Həbibbəyli bildirib ki, bu tamaşaya ilk dəfə baxan böyük ədiblərimiz Sultan Məcid Qənizadə, Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və başqaları dəyərli fikirlər söyləyiblər. Akademik vurğulayıb ki, hər zaman Azərbaycan mədəniyyətinə xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev də "Ölülər" əsərinə yüksək qiymət verib.

Sonra yeni quruluşda hazırlanmış tamaşa nümayiş olunub.

Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Bu dəfə "Ölülər"in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub.

ZÜMRÜD

Digər xəbərlər