Akademik Milli Dram Teatrında mövsümə "Qarabağnamə" tamaşası ilə yekun vurulub. Mövsümün yekunu ilə bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: "Artıq bir mövsümü geridə qoyuruq. Ənənəvi olaraq teatrın həm bağlanış, həm də açılış mərasimini "Qarabağnamə" tamaşası ilə edirik. Akademik Milli Dram Teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. "Qarabağnamə"ni, inşallah, Şuşada oynayacağıq".
Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Musiqili Teatr 106-cı mövsümü başa vurdu
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü başa vurub. Bağlanış günü dahi Üzeyir Hacıbəylinin iki hissəli "O olmasın, bu olsun" musiqili komediyası nümayiş olunub. Tamaşadan əvvəl çıxış edən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrın 106-cı mövsümünün çox uğurlu və əlamətdar olduğunu bildirib: "Qazandığımız uğurlar, təşkil etdiyimiz və ev sahibi olduğumuz tədbirlər, keçirdiyimiz premyeralar, "Multikulturalizm ili", habelə "Sosial proqramlar" çərçivəsində səfərlərimiz, qastrollarımız haqqında mətbuatda kifayət qədər məlumat verilib. 106-cı mövsüm, doğrudan da, bizim üçün çox zəngin və uğurlu oldu. Mövsüm boyu ölkə başçısı Cənab İlham Əliyevin müxtəlif sərəncamları ilə xalq artisti, böyük gülüş ustamız, əvəzsiz aktrisamız Afaq Bəşirqızı "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", baş xormeysterimiz Vaqif Məstanov, aktyorlarımız Svetlana Bulax, Əzizağa Əzizov "Azərbaycan Respublikasının əməkdar artisti", Vidadi Həsənov "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adlarına, 9 əməkdaşımız isə "Prezident mükafatı"na layiq görülüb. Bu, bizim işimizə verilən ən yüksək, ən ali qiymətdir. Fürsətdən istifadə edib bir daha ölkə başçısı Cənab İlham Əliyevə teatrımıza, ümumilikdə Azərbaycan mədəniyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Artıq biz 107-ci mövsümə hazırlaşırıq. Nəzərdə tutduqlarımızı həyata keçirə bilsək, inanıram ki, daha böyük uğurlara imza atacağıq".
Qeyd edək ki, 106-cı mövsümün bağlanış günü nümayiş olunan "O olmasın, bu olsun" tamaşası Musiqili Teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqət və maraqla izlənən tamaşalarından biridir. Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. Səhnə əsərində rolları əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Aydan Həsənova, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov və başqaları ifa ediblər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...