Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü artıq yekunlaşsa da, xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir. Teatrdan qəzetimizə verilən məlumata istinadən, Kalmık Milli Dram Teatrının baş direktorundan sonra, bu dəfə Permdə fəaliyyət göstərən "U mosta" teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov bu mədəniyyət ocağının qonağıdır.
Sergey Fedotov RF-nin əməkdar incəsənət xadimi, "Qızıl maska", Çexiyanın Milli və RF-nin Dövlət Mükafatları laureatı, Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir. Rusiyanın aparıcı teatrlarında, eləcə də bir sıra xarici ölkə teatrlarında onun quruluş verdiyi tamaşalar hazırda uğurla oynanılmaqdadır.
Bir neçə gün şəhərimizin və teatrın qonağı olan tanınmış teatr xadimi Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, əməkdar incəsənət xadimi Mübariz Həmidovla görüşərək, bir sıra yaradıcılıq mübadilələri aparıb. Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarındakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirələr edən iki teatr rəhbəri daha sonra cari ilin sentyabr-oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da danışıblar.
S.Fedotov 2014-cü ildə iştirak etdiyi "III Beynəlxalq Bakı Teatr Konfransı"ndan maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə cari ilin 5-6 noyabr tarixlərində keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edəcəyini də bildirib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...