Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Mətbuat konfransında BBMM-in əməkdaşı Sevinc Mürvətqızı bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi çoxsaylı tədbirlərdən biri də beynəlxalq multikulturalizm qış və yay məktəbləridir: "İyulun 18-27-də Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Yay Məktəbi fəaliyyət göstərib. Yay məktəbinin iştirakçıları Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka və Oğuzdakı "Yəhudilər məhəlləsi" kimi unikal multietnik bölgələrində olublar. III Beynəlxalq Multikulturalizm Məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.
Mərasimdə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək, yay və qış multikulturalizm məktəblərinin keçirilməsinin Prezident İlham Əliyevin ideyası olduğunu bildirib: "Bizi irəlidə münasibətlərimizin başqa variantları, başqa mərhələləri və başqa layihələr gözləyir. Beynəlxalq Multikulturalizm Məktəbinin alınması üçün səy göstərən hər kəsə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bilik Fondunun əməkdaşlarına, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, AMEA-ya, multikulturalizm yay məktəbinin keçirildiyi bölgələrin icra strukturlarına və yerli əhaliyə, Azərbaycan mətbuatına dərin təşəkkürlərimi bildirirəm".
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli III Beynəlxalq Multikulturalizm Məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib.
Sonra Yunanıstandan olan tələbə Dimitrios Asproulis "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib. Müraciətdə Azərbaycana gəlmək, onun qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq, ən əsası isə, multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu gözləri ilə görmək imkanına görə Prezident İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olunub: "Qəbələ, Şəki, İsmayıllı, Oğuz rayonlarına, həmçinin Lahıc, Kiş, Nic və İvanovka kimi özünəməxsus adət-ənənləri, dili, tarixi olan qəsəbə və kəndlərə səfərlərimiz, bu yerlərdə yaşayan əhali ilə, həmyaşıdlarımızla görüşlərimiz bizdə son dərəcə xoş təəssüratlar yaratdı və yaddaşımızda silinməz izlər buraxdı. Səfər etdiyimiz hər bir şəhərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan mərkəzlərdə keçirdiyimiz görüşlərdə Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkənizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevə xalqın dərin ehtiramının şahidi olduq. Cənab Prezident, biz bir daha əmin olduq ki, Sizin ləyaqətlə davam etdirdiyiniz bu siyasət ölkənizdə yaşayan bütün xalqları dövlətə daha möhkəm tellərlə bağlayaraq sabitliyə, inkişafa əvəzsiz töhfəsini verir".
Sonda BBMM-in və Bilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün Polşa onun haqqında danışır...