PDF Oxu

Mədəniyyət

  • 1 870

Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahiliyi edəcək

Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahiliyi edəcək

Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirəcək

Bu gün odlar diyarı olan Azərbaycanın dünyanın istənilən qitəsindən səsi eşidilir. Hər bir məkanda Azərbaycan artıq imicini formalaşdırıb və onunla bağlı dolğun, təfsilatı ilə görüşlər, fikirlər mövcuddur. Neçə onilliklər əvvəl, əgər Azərbaycan məfhumu o qədər də geniş olan coğrafi məkanda tanınmırdısa, müasir dünyamızda hər tərəfdən Şimal, Cənub, Şərq, Qərb tərəfdən qapısını dünyaya açaraq, tarixi keçmişi ilə müasir həyatını təqdim edir. Ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı, "Bakı-2015" ilk Avropa Oyunları, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, beynəlxalq sərgilər və sayı hesaba gəlməyən onlarla belə beynəlxalq tədbirlər Azərbaycanın ictimai-siyasi və mədəni həyatı ilə bağlı həqiqətləri dünyaya bəyan edir.

Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə meydan verir. Son illər Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsin verir. Azərbaycan muğamının YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" Festivalının təşkil, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan oldu. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olundu. Bütün bunlar Azərbaycan mədəniyyətinin beşiyi kimi dünyaya tanıdılmasında əsas vasitədir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutan Qəbələ Festivalı da dünya musiqiçilərini bir araya gətirərək, Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim edir. 2009-cu ildən ənənəvi olaraq keçirilən festival digər mədəniyyət layihələri kimi, beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada çəkilməsi uğurlardan xəbər verir. Qeyd etdiyimiz musiqi bayramında iştirak edən dünya ölkələrinin təmsilçiləri festival və Qəbələ ilə bağlı təəssüratları hər zaman zəngin olmuşdur. Eyni zamanda, Qəbələ Festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa da öz töhfəsini verir. Bu layihə bütün dünyada mədəniyyətin inkişafına təkandır. Qəbələ Festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. İyulun 30-dan avqustun 5-dək isə Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcəklər.

Ölkəmizə gələcək festival iştirakçıları bir daha Azərbaycandakı mühitin, qonaqpərvərliyin, fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər