Hər il, mütəmadi olaraq keçirilən beynəlxalq musiqi festivallarında çıxış edən Bakı Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Azərbaycanın adını bu il də layiqli şəkildə təmsil edib və uğurlara imza atıblar.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, bu dəfə məktəbin uğur qatarı Brüsseldə keçirilən 18-ci Beynəlxalq Musiqi Festivalından keçib. "Musica Mundi" Beynəlxalq Kamera Musiqi Festivalına dəvət alan şagirdlərin ifası seçim turunda minlərlə göndərilən səsyazmaların içindən seçilib.
İyulun 17-dən başlayaraq 31-nə qədər davam edən festivalda 30 ölkədən 68 ifaçı iştirak edib. Festival çərçivəsində tələb olunan proqram çox çətin və texniki baxımından mürəkkəb olub. Öyrənilməsi aylar tələb edən əsərləri şagirdlər çox qısa bir zaman kəsiyində mənimsəməli, konsertdə ifa etməli və ən əsası qala-konsertə vəsiqə qazanmalı idilər.
Bakı məktəbini təmsil edən şagirdlərin hamısı bu çətin məsuliyyətli işin öhdəsindən böyük məharətlə gələrək, Azərbaycan ifaçılıq məktəbini layiqli şəkildə təmsil ediblər. Festivalda çıxış edən violonçel ifaçısı Orxan Hüseynov, skripkaçı Zərrin Əliyeva, fortepiano ifaçısı Nərgiz Əliyeva və alt ixtisası üzrə Elnarə Tağızadə seçim turundan keçərək, konsertlərdə yüksək səviyyədə çıxış edib, yekun qala-konsertdə iştirak etmək üçün vəsiqə qazanıblar. Azərbaycanı təmsil edən hər dörd şagird münsiflər heyətinin, o cümlədən, dinləyicilərin böyük rəğbətini qazanaraq, vətənə fəxri fərmanlarla qayıdıblar.
Qeyd edək ki, dünyanın bir çox ölkələrindən festivala dəvət almış İvri Qitlis, Maksim Vengerov, Menahem Pressler, Leonid Kerbel kimi peşəkar müəllimlər burada ustad dərsləri keçərək, uşaqlara böyük ifaçılıq nümunələri də nümayiş etdiriblər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...