Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Simfonik Orkestrinin kollektivi avqustun 1-dən 9-na kimi Almaniyada qastrol səfərində olmuş və Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera Sənəti Festivalında iştirak etmişdir.
Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, Avropada ən mötəbər musiqi festivallarından biri olan bu tədbirdə bu il dünyanın 34 ölkəsindən dirijor, rejissor və vokalçılar iştirak edirdilər. Festival çərçivəsində baş tutan bütün konsert və tamaşalar anşlaqla keçmiş, Almaniyanın KİV-lərində geniş işıqlandırılmışdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri bu festivalda artıq 9-cu dəfə çıxış etmişdir. Orkestr avqustun 7-də festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülmüşdü.
Konsertdə klassik dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri – Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Q.Qarayevin "Yeddi gözəl" və F.Əmirovun "Min bir gecə" baletlərindən parçalar, Niyazinin "Qaytağı"sı və Q.Qarayevin "Pavana" simfonik qravürləri, habelə P.Bülbüloğlunun "Eşq və Ölüm" baletindən parça və "Azərbaycan" əsəri səslənmişdir.
Konsertdən sonra festivalın təşkilatçıları – Lüdviq Bauman və Korneliya fon Kerssenbrok azərbaycanlı musiqiçilərin ifasını yüksək dəyərləndirmiş, teatrın direktoru Akif Məlikova təşəkkürlərini bildirmişlər. Onlar, həmçinin Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bu layihəyə dəstək verdiyinə və Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə böyük diqqətinə görə minnətdarlıqlarını ifadə etmişlər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...