Mədəniyyət

  • 3 586

Sevginin gücü var…

image

Son dövrdə ədəbiyyatımıza gəlmiş gənc yazıçılar sırasında Tural Həsənli qısa zamanda oxucuların qəlbinə yol tapa bilmişdir. Hələ tələbəlik illərindən, 19 yaşından başlayaraq ədəbi aləmə qədəm qoymuş, “Mən həyata gecikmişəm”, “Psixodrama”- “Özünü axtarış”, “Təşəbbüs” romanları, “Dünyanın dünyası”, ” İki sıfır, bir dörd” şeir kitabları, “İgid ölər, igidlik ölməz” povesti nəşr olunmuşdur. Tural Həsənli bu nəsr və nəzm əsərlərində mövzu, fikir və düşüncələri, duyğuları ilə bizi heyrətləndirmiş, ehtirasları, çılğın fikirləri, hissləri ilə oxucuların qəlbinə iz salmış, sirli-soraqlı, fəlsəfi şeir nüminələri və bədii əsərlər yaratmışdır.

Beləliklə, Tural Həsənli bizim yaşadığımız günlərdə “Koma” adlı romanını yazıb bitirərək nəşr etdirmiş, ədəbiyyatımızda psixoloji, dedektiv romanın yeni numunəsini yaratmışdır. Gənc yazıçının özünəməxsus üslubda, dedektiv janrda yazıb-yaratdığı əsər, onun yaradıcılıq istedadı, qabiliyyəti, həyat həqiqətlərini dərindən anlaması nəticəsində hasil olaraq özünü yüksək səviyyədə təcəssüm etdirmişdir. ”Koma” romanını mən bir oxucu kimi birnəfəsə, böyük maraqla oxudum. Əsərə “Gücün sevgisi yoxdur, sevginin gücü vardır” epiqrafını seçən gənc yazıçı ilk səhifədən bizi gözəl həyat aləminə bir dünya baxışına apararaq varlıq, yoxluq... həyat amalı, güclü sevgi, məhəbbət duyğuları ilə bir dünya hekayəsini bizə bəxş edir. Gənc yazıçının qəlbində yaşayan duyğular, cərəyan edən hadisələr daha gözəl bir dünya yaratmaq naminə “Koma” romanında öz əksini və ifadəsini tapır.

...Bakıda yaşayan, atasını itirən 23 yaşlı qız- Adel dünyanın ən zəngin iyirmi adamından biri olan Yusifin qızıdır. Bu qız nəyin bahasına olur-olsun, gizli bir həqiqəti öyrənmək, xaricdə öldürülən atasının axtarışı, “Atamı kim və nə üçün öldürmüşdür? sualını qarşısına məqsəd qoyaraq yola çıxır. İstanbula ( 2016-ci ildə) magistrr təhsili almağa gedir.Adelin atası Yusuf 1994-cü ildə Bakıda bağlanmış “Əsrin müqaviləsi” nə qoyulacaq investisiyanın 17, 01 faizi həcmində payı olan ABŞ-ın “Amako” istehsalçısının Azərbaycandakı səlahiyyətli nümayəndəsi olmaqla sərvət qazanmış böyük bir iş adamı idi. Akademik, professor adlarına layiq görülmüşdü. Azərbaycanlı iş adamı qısa Amerika səfərində müəmmalı şəkildə öldürülmüşdü...

...İstanbulda tədris həyatının ikinci həftəsində magistrlərin sırasına yeni tələbə-Jonasın gəlişi Adelin həyatını dəyişdirir. Jonasa aşiq olur, onların sevgi həyatı başlanır. Bir axşam “Böyük ada” da restoranda Adelin doğum gününü qeyd edən sevgililər oradan Adelin evinə gəlir və doğum gününün qalan hissəsini keçirirlər. O gecə sonda Adel: -“Ruhuma sahib olmadığım müddətdə bədənimə sahib olmağına icazə verə bilmərəm...” deyərək Jonası yaxına buraxmır...

Bir axşam cangüdən Fati Adelin iş otağına gələrək: -Adel polis gəlib sizinlə görüşmək istəyir. Beynəlxalq Kriminal Polis Təşkilatından- İnterpoldan gələnlər Adelə deyirlər ki, biz bura atanızın cinayəti ilə bağlı deyil, ananızın haqqında danışmağa gəlmişik. Söhbət zamanı İnterpol məlumatından aydın olur ki, Adelin anası Məryəm yəhudi əsilli Azərbaycan gəlini olub. Azərbaycanda yaşayan yəhudilərdən olub. Atası Yusuf bəylə Məryəm xanım Azərbaycanda, Bakıda tanış olublar. Yusif 1984-88-ci illərdə Kembric Universitetində təhsil alıb. Adel Azərbaycanda yox, İsraildə doğulub. Anası doğuş zamanı iki qız övladı dünyaya gətirib: Adel və Ayseli. Ananın ölümü ilə nəticələnən əkiz bacılar eyni gündə, eyni yerdə doğulublar...

Bu məlumatları biləndən sonra Adelin qarşısında həyat həqiqəti və yalanın sirli qapıları açlıır. Adel qarşısına iki sual qoyur: ya heç tanımadığım anam və bacımın izi ilə gedəcək və sevdiyim Jonası tamamilə unudacaq, ya da bu günləri kabus kimi yaşayacağam... Bu məsədlə Adel qərara gəlir və Fati ilə İsrailə gedirlər.

...Adel anası və bacısının həyatı haqqında öyrənmək üçün İsraildə KGT təşkilatının nümayəndələri ilə görüşür və yaşlı qadın Aidənin söhbətini dinləyir. Sonra bu qadın Adeli anasının qəbirinə aparır. Həmin gün Adel anasının məzarı üstündə dərmanlar içib özünü intihar edir. İsraildə doğulduğu torpaqda kimsənin xəbəri olmadan əslinə qayıdır...

Əsərin bu yerində Adelin Əraf həyatı başlayır. Adel ölümündən sonra o dünyada- Ərafda, cənnət və cəhənnəmin arasındakı yerdə Jonasla görüşür, onunla 7 gün keçirən Adel günahlarını təmizləyəcək və sonda cənnətə gedəcəkdir... Onlar Ərafda səyyahətə çıxırlar. Günahsız ölənləri, uşaqları, həssas bədənlərdən çıxan ruhların olduğu yerləri görürlər. Son gündə onlar ayrılmalı və Adel cənnətə getməlidir. Lakin Tanrı Adeli dünyaya geri göndərir... Adel ölümündən sonra dirilir. Gözünü açır ki, xəstəxanadadır. Fati yanında dayanmışdı. Həkimlər ölümdən sonra bu qayıdışın möcüzə olduğunu deyirlər. Deyilənə görə, Adel anasının məzarı üstündə içdiyi dərmanlardan sonra 7 gün komada qalmışdı... Sonra məlum olur ki, Fati Adelin içdiyi həbləri öncədən yuxu dərmanı ilə dəyişdirmişdi...

Adel İstanbula qayıdıb həyatına davam edir. İstanbuldan Bakıya döndükdən sonra Dənizkənarı restoranda bacısı Aysellə görüşür. Söhbət zamanı Aysel deyir ki, Jonas məni sevir. Jonası sənə göndərən də, “Koma”nı sənə yaşadan da mən idim...

...Əsərdə cərəyan edən hadisələr daha qarışıq hal alır. Məlum olur ki, “Koma” adı altında Yusif atanın xoş niyyətlə bağladığı layihə, Ayselin “Əraf” olaraq bacısna yaşatdığı dünya ilə nəticələnir.Qəribə bir ailə hekayəsi davam edir. İnterpol nümayəndələrinin Adellə söhbəti və sorğularından məlum olur ki, atasının qlobal istiləşmə ilə bağlı proqram ləyihəsində iştirak etməsi, bu proqramın görünməyən izlərinin qərarlarına hansı üsullasa müdaxilə etməsi nəticəsində, yəni internetdə onda olan elektron açarı mərkəzə yerləşdirdikdən qısa müddət sonra Yusif naməlum şəkildə ölmüşdür. Bütün tibbi araşdırmalar bu ölümün qarşısında aciz qaldı. Adını sadəcə virus qoydular, çünki atanın beyni həmin gün çökmüşdü. Şüur altına bir zərbə mexanizmi olduğu düşünülən bu silah hazırda internetdə dolaşır...

Bir də İnterpol məlumatından məlum olur ki, Aysel on bir yaşında ölməli idi... Adelin bacısı olaraq tanıdığımız həmin Aysel adlı qız paytaxt Bakıya Alis adı ilə giriş edib. İsrail vətəndaşıdır, doğum tarixi və yeri tamam fərqlidir...

...Adel həyatına davam edir. Özünə “Mən kiməm?” sualını verdikcə həyatı göz önünə gəlir. Adel düşünür ki, bu dünyada sevgi qədər möhtəşəm bir duyğu yoxdur. Kainatda insanlar aclıqdan deyil, sevgisizlikdən ölür...Bu xəyalların, duyğuların içində birdən Fati Adelin otağının qapısını açır və yanındakı qəribə görünüşlü adamlarla birlikdə utanmadan deyir:

Adel, getməliyik. Sizi gözləyirlər...
Yatmaq istəyirəm, Fati. Sənə son bir zəhmət, çatdıqda özün oyadarsan...
Mən getmirəm, Adel. Səni onlar aparacaq...
Romanın bu yerində “Allahlarla görüş”( ədalət mühakiməsi) başlanır...

...Adel yuxudan ayılıb gözünü açandan sonra həqiqətən də məhkəməyə bənzər dizaynı olan bir otaqda şüşə ilə qapalı olan balaca bir kürsüdə olduğunu xatırlayır...

Adel ədalət mühakiməsində uzun-uzadı onu sorğu-suala tutub ölümlə hədələyən allahlara söhbətin sonunda deyir:

-Siz Tanrı deyilsiniz, sadəcə bu rolu oynayan güc sahiblərisiniz. Tanrının gücə ehiyacı yoxdur, onun özü gücdür, enerjidir, qüvvədir, sevgidir. Mən sevginin qızı Adeləm. Siz sadəcə gücsünüz. Sevginin gücü vardır, gücün sevgisi yoxdur... Daha sonra Adel: -Mənim tanıdığım tək bir Tanrı var və aranızda onu görmürəm.

Səs gəlir: - Azadsan...

-Mən doğulduğum gündən azadam ...! Həqiqət artıq azaddır...

...Artıq hər şey bitmişdi. Həqiqət öz azadlığını elan etmiş və Adelin həyatında dolanırdı... İslandiyada Adellə Jonas yeni həyata başlamışdı. Kafedəki masada görüş zamanı Adel Jonasa:

-Səni biri ilə tanış etmək istəyirəm... Bizim arxamızdakı masada əyləşib...

Adelin işarəsindən sonra Aysel onlara qoşulur.

Jonas təəccüblə: - Alis? Bu gələn odur? Onun burada nə işi var...

Adel bu vaxt başqa bir hekayəni danışır:

-On yaşım olanda atam dağda bizi uca bir yerə apardı və mənə maşında gedərkən dedi ki, orada sənin görəcəyin qız, sənin bacın Ayseldi...Atam yolda mənə babamız Xalebin, bacım Ayselin adını Alis olaraq dəyişib izlərini itirdiyini dedi. Atamın Ayseli tapacağını bildiyi üçün daima izlərini itirmiş və babam Ayseli götürüb başqa şəhərə köçmüşdü. Babam ağır xəstəliyə düçar olandan sonra özü atamı tapmaq qərarana gəlmişdi. Beləlklə, bizim Aysellə ilk tanışlığımız on yaşımız olanda başlayıb. Aramızda güclü bir sevgi yaranmışdı. Atam həmişə bizim sevgimizə həsəd aparırdı, atam müxtəlif vaxtlarda bizi gizli görüşdürürdü. Gizli telefon əlaqələrimiz mövcud oldu. Və biz on yaşından sonra hər il Azərbaycanda fərqli dağ evlərində birlikdə tətil keçirdik.

Görüş zamanı Aysel bacısna Jonasın onun zovqünə uyğun gəlmədiyini söyləyir və deyir ki, mənim azərbaycanlı kişilərdən xoşum gəlir.

Jonas isə: - Səni irqçi qadın, mən yəhudiyəm, nə olub ki, mənə?

Aysel isə: -Ailə ənənəsi davam etməlidir. Adel yəhudi ilə, mən azərbaycanlı ilə evlənməliyəm...

...Əsərin “Sondan sonrakı Son” adlanan hissəsində Adel təəccüblə bildirir :

-Axı bu ola bilməz.Varlığını yalnız atamla mənim bildiyimiz Norveçin ucqar şərq nöqtəsində yerləşən Şpitsbergen adasında olan və o adaya ancaq buzqıran gəmilərlə getməyin mümkün olduğu xüsusi şifrə ilə qorunan evdən sinyal daxil oldu. Atamın şifrəsi ilə evə giriş baş tutdu. Bunun baş verməsi mümkün deyil...

Aysel :

- Adel, atamız sağ ola bilər?..

...Bəs Koma? Bu sualı əsərin müəllifi belə bir fikirlə izah edir ki, insanlar güc sahibi olmaq üçün çalışır, məqsədlərini bu yolda səfərbər edirlər. Bir gün buna sahib olduqda sevgisizlikdən yalnızlığa çəkilir və atalara istinadən deyirlər ki, zirvədəkilər yalnızlığa məhkumdur. İnsanları var edən sevgi, məhv edən sevgisizlikdir. Bir sözlə, Koma bir dünya nağılı, sevginin kitabıdır...

Azərbaycan Yazıçılıar Birliyinin üzvü, Prezident mükafatçısı, Naxçıvan ədəbi mühitinin yetirməsi Tural Həsənlinin özünəməxsus orijinal yaradıcılıq istedadı ilə yazıb-yaratdığı “ Koma” romanı Azərbaycan bədii nəsrində psixoloji, dedektiv janrda yeni tipli roman nümunəsidir. Əsərin ideyası insan sevgisinin dünyada tək güc sevgisi olması, insanların gözəl bir dünya qurmaq naminə çarpışması baxımından böyük maraq və əhəmiyyət kəsb edir. İnamla deyə bilərəm ki, bu əsər bir neçə xarici dilə tərcümə olunub beynəlxalq aləmdə yayılmağa layiqdir.Yeni yaradıcılıq uğurlarına görə Tural Həsənlini təbrik edirəm.

Afət Sadıqoğlu,

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Elmlər Akademiyası (Avstriya) Azərbaycan bölməsinin akademiki.

Digər xəbərlər