Qarabağ işğalda olduğu müddətdə Azərbaycan iqtisadiyyatından əhəmiyyətli pay da işğal edilmiş sayılırdı. Çünki Qarabağın təbii ehtiyatlarla zəngin torpağı ölkəmizin iqtisadi gəlirlərində əhəmiyyətli paya malik idi. Belə ki, Dağlıq Qarabağda 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı var. Bundan əlavə Qarabağ nadir bitki örtüyü ilə də dünyada məşhur olan bir ərazi olub.
Zəngilan Azərbaycan üçün nə deməkdir?
Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olub. Zəngilan nadir bioekoloji əlamətinə görə bənzərsizdir, bu səbəbdən onu “Şərq florasının mirvarisi”, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə çinarlarını “Cənubun nəhəng ağacı” adlandırırdılar. Zəngilanda yaşı 1500-ə, hündürlüyü 50 metrə, gövdə diametri 4 metrə çatan ağaclar var idi.
Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən İran islam Respublikası ilə ticarət münasibətləri yarana bilər. Həmçinin Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı bu rayondadır.
Ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil yataqları və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları da buradadır.
Dünyada yeganə “Qırmızı Çinar Meşəliyi”
İşğal dövründə böyük bir xarabalığa çevrilən Qarabağın həm təbii sərvətləri məhv edilib, həm də bərpası mümkünsüz olan misilsiz nümunələri talan edilib. Bu nümunələrdən biri də Zəngilanın dünyaca məşhur qırmızı çinar meşəliyi idi.
Çinar Meşəsi təbii olaraq bütün dünyada marağa səbəb olurdu. Bu çinar meşəsi təkcə Azərbaycanın deyil, bütün Qafqazın flora-faunasının zənginliyində özünəməxsus yer tuturdu. Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada marağa səbəb olub.
Çinar meşəsi çox nadir və füsunkar yaşıllıq mənbəyidir və ölkəmizin əvəzolunmaz sərvəti hesab edilirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. XX əsrin əvvəllərində sahəsi 120 hektara yaxın olan bu Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi.
Lakin 20-ci illərdə Zəngəzur torpaqlarının yarısının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi– Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər bu çinar meşəsinin də bir hissəsini öz ərazilərinə qatıblar.
Sonralar akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradıldı.
Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra 2-ci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, bu dövlətin rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi– Şərq çinarı meşəsi dünyanın ən böyük çinar meşəliyi olub.
Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarında qeyd edir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edirdi.
Zaman-zaman xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldikləri də məlumdur. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər.
Daşı-torpağı qızıl Zəngilan
Heç şübhəsiz ki, Zəngilanın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun əhəmiyyətli paya malik olduğunu nəzərə alsaq, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda liderlik edir. Daha dəqiq desək, Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq.
İşğalda ikən Zəngilan rayonu ərazisində sübut olunmuş sənaye ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis olan Vedjneli qızıl yatağı da işğalçıların əlində qalıb. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var idi ki bunlar da Zəngilan rayonundakı Vedjneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqlarıdır.
Dağlıq Qarabağın işğal olunmuş ərazilərində təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılmışdı. Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşviyyat və istismar məqsədi ilə ərazidu da inşa edilmişdi.
Zəngilanın turizm üçün əlverişli potensialı var
Zəngilan qızıl və mis kimi dəyərli metallarla və sənaye əhəmiyyətli ehtiyatlarla zəngindir. İllərdir işğalçı Ermənistan Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib, yataqlar vəhşicəsinə istismar edilib. Zəngilan meşələrindən kəsilən nadir ağaclar ermənilər tərəfindən bəzi Avropa şirkətləri vasitəsilə qonşu ölkələrə daşınırdı. Xüsusilə, Bəsitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılırdı.
Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.
Zəngilan rayonu termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə bilər. Həmçinin müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilər turizm üçün yararlıdır. Hətta maraq çoxdur. Rayonun əsrarəngiz dağlıq əraziləri var ki orada dağ-idman turizmi təşkil oluna bilər.
1974-cü ildə yaradılan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bölgənin turizm potensialının bir göstəricisidir.
Gözümüz kimi qoruduğumuz tarixi abidələri məhv edilib
Zəngilanın 8 tarixi-dini abidəsi, 20 ziyarətgahı, 18 tarixi memarlıq abidəsi olub. İşğaldan azad edildikdən sonra məlum oldu ki ermənilər abidələrin əksəriyyətini yerlə yeksan edib, xarabalığa çeviriblər. Həmçinin Zəngilanda olan 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edilib.
Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənirdi. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, tariximizə, toponimikamıza, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırırdı. Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara burada ibtidai insanların yaşayışından xəbər verir.
İşğaldan azad edildikdən sonra Zəngilanda tarixi abidələrin bərpası işlərinə başlandı, dağıdılmış abidələr, məscid və ziyarətgahlar yenilənir. Zəngilan rayonunun müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyasına uyğun bərpa işləri sürətlə davam etdirilir. Çox uzaq olmayan gələcəkdə bu rayonun Azərbaycan iqtisadiyyatına önəmli dərəcədə töhfələri olacaq.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb