PDF Oxu

Siyasət

  • 1 069

Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

image

Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır” mövzusunda tədbir keçirilib.

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı idarəsi ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı idarəsinin direktoru Rəşad Vəliyev, ərazi partiya təşkilatının sədri Nuranə Əmiraslanova, rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak etdilər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Ötən əsrin 60-70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin postsovet respublikaları arasında öz inkişafına görə ön sıralarda olduğunu qeyd edən şöbə müdiri Heydər Əliyevin keçmiş SSRİ-nin dövlət rəhbərliyində yüksək vəzifə tutan yeganə azərbaycanlı olduğunu deyib. Fəxrəddin Vəliyev çıxışında həmçinin, ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi xaos və Azərbaycan dövlətçiliyinə yaranmış təhdidlər, torpaqlarımızın işğalı haqqında da ətraflı danışıb.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda siyasi böhranın aradan qaldırıldığını və ölkəmizin iqtisadi inkişaf yolu tutduğunu qeyd edən şöbə müdiri çıxışında Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə də toxunub.

Çıxış edən Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı idarəsinin direktoru Rəşad Vəliyev Nizami Gəncəvinin kəlamını xatırladaraq, “xidmət edən insanın həm öz dünyasını, həm də axirətini abad etdiyini” bildirib. Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevdir. O, Vətəninə, xalqına xidmətdə keçirdiyi bütün həyatını doğma Azərbaycanını qurub, abad etməyə həsr edib və haqq dünyasına qovuşduğuna baxmayaraq, hələ çox nəslin nümunəsi olaraq qalacaq.

Sonda çıxış edən digər partiya fəalları da vurğulayıblar ki, zaman bizi Ümummilli Liderdən uzaqlaşdırdıqca onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin sınaqlarından keçərək özünü doğrultmuş, ictimai-siyasi mühitdə hakim partiya kimi qalaraq ölkəmizin bütün sahələrinin inkişafına töhfə verir və Heydər Əliyev irsini layiqli şəkildə davam etdirir.

Yekunda ərazi partiya təşkilatının bir neçə fəal üzvünə fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər