İqtisadiyyat

  • 2 315

Qarabağda ekosid: talana görə təzminat tələb olunacaq

image

“İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır. Müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək.”

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

“İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir. Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”, - deyən dövlət başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb.

“Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin, transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə, Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir”, - Prezident İlham Əliyev qeyd edib.

Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Bu regionda ətraf mühitin deqradasiyası o qədər maneəsiz şəkildə baş verirdi ki, hətta Ermənistanın özündəki ekoloji təşkilatları belə narahat edirdi.

Qeyd edək ki, 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Dağlıq Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanıldı.

Bu ilin fevral ayının 27-də Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladı. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. İşğalçı dövlətin Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə dövlətimizə vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. Bu proses üzrə təzminatın məbləği də kifayət qədər yüksək olmalıdır.

Kəlbəcər rayonunun Ermənistanla sərhədində yerləşən və hazırda fəaliyyətini dayandırmış Söyüdlü (Zod) qızıl yatağı 1976-cı ildən istismar olunub və Ermənistan tərəfindən işğal edilənədək burada 27 tondan artıq qızıl hasil olunmuşdu. Sonrakı dövrdə ermənilər həm sənaye ehtiyatı 112,5 ton həcmində dəyərləndirilən Söyüdlü yatağını, həm də 13 tondan artıq ehtiyata malik olduğu düşünülən Ağduzdağ və Tutxun yataqlarını dədə malı kimi istismar ediblər. 2007-ci ildən Söyüdlü (Zod) yatağının idarəçiliyi “GeoProMining Gold Company”yə (GPM) verilib. Şirkətin saytındakı məlumata görə bu qurum Ermənistan və Rusiyada üç aktivi olan beynəlxalq şaxələndirilmiş metal hasilatı holdinqidir. O cümlədən Ermənistandakı aktivləri Sotk (Zod) kəndindəki “GPM Gold” hasilat müəssisəsi və Əgərək mis-molibden kombinatıdır. Zod mədənindən 2018-ci ildə 130 min ons qızıl hasil olunduğu bildirilir. Hesablamalara görə həmin yataq 18 il ərzində tükənəcək.

Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağ ərazisində basdırdıqları çoxsaylı minalara insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanları da düşür. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir müddət əvvəl sosial şəbəkədə Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ayı balasının qalıqlarının görüntülərini də paylaşmışdı. Prezidentin köməkçisi həmin paylaşımda belə yazmışdı:

“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.

Rəsmi məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin, terror qruplarının qalıqlarından təmizlənmiş Azərbaycan Respublikasının ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda 1 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Təxminən Livan boyda olan bu ərazi dünyanın mina ilə ən çox çirklənmiş sahələrindən biri hesab olunur.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıda olan növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. Azad edilmiş ərazilərdə ekoloji fəlakət ürək ağrıdır. 30 illik işğal dövründə ərazidə xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi heyvanlara qarşı da kütləvi qırğındır.

Azərbaycanın işğal olunmuş ərazisində 160-dan çox müxtəlif qiymətli metal yataqları, o cümlədən 5 qızıl yatağı, 7 civə, 2 mis yatağı, habelə 1 qurğuşun və sink yatağı, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı və s. var. 30 ilə yaxın bir müddət ərzində bu yataqla vəhşicəsinə istismar olunub, təbii sərvətlərimiz həm erməni, həm də beynəlxalq şirkətlər tərəfindən talan edilib. Bu talançılığa görə onların Azərbaycana təzminat ödəməsi mütləqdir.

Lalə Mehralı

Digər xəbərlər