PDF Oxu

İqtisadiyyat

  • 1 458

Qarabağda ekosistem: yenə, yenidən

image

Qarabağın canlı növləri yenidən təbiətə qaytarılır, fauna və flora dirçəlir

Biomüxtəliflik bir ekosistemdə və ya Yer kürəsində rast gəlinən müxtəlif həyat formalarıdır. İnsanların yaşaya bilmələri üçün yaşadıqları mühitin təmiz su və havası, münbit torpaqları, qida maddələri və digər ehtiyaclarını ödəmək üçün istifadə edə biləcəkləri müxtəlif materiallar olmalıdır. Həyat üçün zəruri olan maddələr və şərait, ətraf mühitin və bakteriyaların, göbələklərin, bitkilərin və heyvanların sayəsində təmin edilir. Bütün bu canlılara biomüxtəliflik deyilir.

Bir ekosistemdə biomüxtəliflik artdıqca həmin mühitin ekoloji keyfiyyəti də artır. Bu artım yalnız bioloji müxtəlifliyi təşkil edən növlər arasında balanslaşdırılmış qarşılıqlı əlaqə olduqda etibarlıdır. Buna görə də, biomüxtəliflik artdıqca ekosistemlərdə maddə dövranı və enerji axını daha effektiv olur. Əksinə, bir ekosistemdə biomüxtəliflik azaldıqda, ekosistem xidmətlərində azalma olur. Məsələn, ilan öz ekosistemindəki siçan və qurbağa kimi növlərdən qida olaraq istifadə edir. Beləliklə, siçan və qurbağa populyasiyalarının həddindən artıq artmasının qarşısı alınır. Nəticədə, siçan və qurbağalarla eyni qidanı paylaşan digər heyvanların qida maddələrindən faydalanmasına icazə verilir.

Biomüxtəliflik üzrə Beynəlxalq Müqavilə 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yer Sammitində 150 ​​ölkə tərəfindən imzalanıb. 4 iyul 1993-cü il tarixinədək imzaya açıq saxlanılan müqavilədə iştirak edən ölkələrin sayı bu tarixdən etibarən 168-ə yüksəldi. 29 dekabr 1993-cü ildə Birləşmiş Baş Assambleyada müzakirə edildikdən sonra qüvvəyə mindi. Müqavilə davamlı inkişaf və inkişaf konsepsiyalarına xüsusi diqqət yetirir. Heyvanların, bitkilərin, mikroorqanizmlərin və onların ekosistemlərinin müxtəlifliyindən kənara çıxan saziş insanların qida, təhlükəsizlik, sığınacaq, dərman, sağlam və təmiz ətraf mühitdə yaşamaq hüquqlarını nəzərə alaraq davamlılığı daha geniş perspektivdən nəzərdən keçirir.

Mütəxəssislər vurğulayırlar ki, saziş qüvvəyə mindikdən sonra kifayət qədər irəliləyiş əldə olunmayıb və biomüxtəlifliyin itirilməsi davam edir. Son 50 ildə quruda yaşayan canlı növlərinin populyasiyalarında 38 faiz, dəniz növlərinin populyasiyalarında isə 36 faiz azalma müşahidə olunub. Bununla belə, bu tendensiyanı geri qaytarmaq imkanı var. Növlərin mühafizəsi proqramları ilə birlikdə qorunan ərazilər sürətlə genişləndirilməli və gücləndirilməlidir, təbii ehtiyatlardan istifadə edən bütün sektorlar (enerji, tikinti, istehsal və s.) öz işlərində biomüxtəlifliyi nəzərə almalıdırlar. Məsələn, 1970-ci illərdən bəri həyata keçirilən uğurlu təbiəti mühafizə səyləri ilə Çində pandaların sayı artdı. Aralıq dənizində dəniz tısbağası (Caretta) populyasiyalarının artması və son 20 ildə həyata keçirilən sistematik qoruma tədbirləri sayəsində təbiətlə harmoniyada daha da artması göstərir.

Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağ ərazisində basdırdıqları çoxsaylı minalara insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanları da düşür.

30 ildə Azərbaycanın təbiətinə vurulan ziyan böyük miqyaslıdır. İşğaldan azad olunmuş ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektardan çoxdur. İşğala qədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. 2020-ci il 2-ci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəmiz - ağaclarımız var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki, pöhrə belə verməsinlər.

Yola saldığımız il ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirmişdi ki, Qarabağ və Şərqi Zəngəzurda meşəbərpa işləri həyata keçirilir, meşələrimizə, bölgənin ətraf mühitinə, fauna və florasına dəymiş ziyanlar hesablanır və aradan qaldırılması istiqamətində aramsız tədbirlər görülür. "Qırmızı Kitab"ın 3-cü nəşrində nadir, nəsli kəsilmək təhlükəsində olan 241 fauna (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki, 37 göbələk) öz əksini tapıb. Onun sözlərinə görə, birinci nəşrdə kitaba düşən flora növlərinin sayı 140, fauna növlərinin sayı 108 idisə, bu rəqəm ikinci nəşrdə iki dəfədən çox artaraq flora üzrə 300 növ, fauna üzrə isə 223 növ təşkil edib.

Meşəbərpa və biomüxtəlifliyin bərpası ilə bağlı layihələrə çoxdan başlanılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 60 hektardan çox sahədə-Zəngilan, Cəbrayıl, Füzuli ərazilərində meşəbərpa layihələri həyata keçirilib, daha 160 hektarda isə 130 mindən çox ağac əkilib. Cəbrayılda Türkiyə ilə birgə layihə çərçivəsində Cəbrayıl Meşə Təlim-Tədris Mərkəzi və ağıllı tingçilik kompleksinin tikintisinə başlanılıb, dostluq meşəsi və ətraf ərazilərdə yaşıllıqlar salınıb.

Nazir müavinin sözlərinə görə, 2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmaq planlaşdırılıb. Bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələr var. Artıq Şərqi Zəngəzur və Qarabağ ərazisinə 33 baş ceyran, 5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu buraxılıb.

İşğaldan azad olunmuş ərazilərdə bir neçə ildir ki, biomüxtəliflik komponentlərinin tarixi areallarına qaytarılması işi davam etdirilir. Həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

Artıq balıq növlərinin populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub və bu işlər növbəti dövrlərdə də həyata keçiriləcək. Ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Ümumilikdə, 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb. Xüsusilə zubrların Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi aparılır.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıda olan növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. Azad edilmiş ərazilərdə ekoloji fəlakət ürək ağrıdır. 30 illik işğal dövründə ərazidə xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi heyvanlara qarşı da kütləvi qırğındır.

Lalə Mehralı

Digər xəbərlər