Müasir dövrdə kənd təsərrüfatı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan sahələrdən biri hesab olunur. Əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunması, regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından aqrar sektorun rolu danılmazdır. Azərbaycan da bu sahənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atır.
Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkədə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Dövlət tərəfindən fermerlərə göstərilən maliyyə dəstəyi, subsidiyalar, güzəştli kreditlər və texniki təminat kənd təsərrüfatında məhsuldarlığın artmasına ciddi təsir göstərmişdir. Müasir texnologiyaların tətbiqi hesabına istehsal prosesləri təkmilləşdirilmiş, məhsulun keyfiyyəti yüksəlmiş və istehsal həcmləri genişlənmişdir.
Aqrar sahədə həyata keçirilən yeniliklər arasında aqroparkların yaradılması xüsusi yer tutur. Bu təsərrüfat kompleksləri müasir texnologiyaların tətbiqinə, innovativ idarəetmə üsullarının formalaşmasına və resurslardan daha səmərəli istifadəyə imkan verir. Aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətində yüksək məhsuldarlığın əldə olunmasına şərait yaratmaqla yanaşı, kənd yerlərində yeni məşğulluq imkanları yaradır.
Ərzaq təhlükəsizliyinin gücləndirilməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində ölkədə bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunur. Yerli istehsalın genişlənməsi idxaldan asılılığın azalmasına, daxili bazarın daha etibarlı şəkildə təmin olunmasına və ərzaq təminatının möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın təbii-iqlim şəraiti bağçılıq, tərəvəzçilik və bostançılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Son illər intensiv bağçılıq təsərrüfatlarının genişləndirilməsi, yüksək məhsuldar sortların tətbiqi və müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi nəticəsində bu istiqamətlərdə mühüm nailiyyətlər əldə olunmuşdur. Meyvə və tərəvəz məhsullarının ixrac imkanlarının genişlənməsi isə ölkənin qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.
İstixana təsərrüfatlarının inkişafı da aqrar sahədə əldə edilən uğurlar sırasında xüsusi qeyd olunmalıdır. Müasir istixanalarda ilboyu məhsul istehsalının mümkün olması bazarın fasiləsiz təminatına şərait yaradır. Eyni zamanda, ixracyönümlü məhsulların istehsalının artması ölkəyə əlavə gəlirlərin daxil olmasına və kənd təsərrüfatının gəlirliliyinin yüksəlməsinə səbəb olur.
Heyvandarlıq sektoru da dövlət dəstəyi nəticəsində davamlı inkişaf edir. Damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının gücləndirilməsi və müasir təsərrüfatların yaradılması bu sahədə məhsuldarlığın artmasına şərait yaradır. Ət və süd məhsullarının istehsalının yüksəlməsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Su ehtiyatlarından səmərəli istifadə və müasir meliorasiya tədbirlərinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Suvarma sistemlərinin yenilənməsi və innovativ texnologiyaların tətbiqi torpaq sahələrinin məhsuldarlığını artırır, kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə geniş kənd təsərrüfatı potensialının mövcudluğu bu istiqamətdə böyük perspektivlər açır.
2026–2030-cu illəri əhatə edən dövlət proqramları aqrar sahənin inkişafında yeni mərhələnin əsasını təşkil edir. Bu proqramlar kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini, emal sənayesinin genişləndirilməsini, ixrac potensialının artırılmasını və innovativ istehsal üsullarının təşviqini nəzərdə tutur. Balıqçılıq və akvakultura sahələrinin inkişafı da ərzaq təminatının gücləndirilməsinə və iqtisadi şaxələndirməyə xidmət edir.
Azərbaycanda həyata keçirilən aqrar siyasət kənd təsərrüfatının dinamik inkişafını təmin edir. Dövlət dəstəyi, innovativ yanaşmalar və müasir texnologiyaların tətbiqi sayəsində aqrar sektor ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr kənd təsərrüfatının rəqabət qabiliyyətini daha da artıracaq, regionların inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı