“Birinə yaxşılıq etmək istəyəndə balıq verməkdənsə, balıq tutmağı öyrət”
Özünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır.
Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir.
Özünüməşğulluq proqramının üstün tərəfləri ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması, ictimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatda inklüzivliyin gücləndirilməsidir.
Öz bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur.
Kimlər iştirak edə bilər?
Proqram 2019-2020-ci illər üzrə Azərbaycanın Binəqədi, Sabunçu, Abşeron rayonlarında, habelə Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində icra olunur. Proqramda qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər. Proqram namizədlərin sahibkarlıq barədə biliklərinin qiymətləndirilməsi və seçilməsi ilə başlanır. Yuxarıda göstərilən rayon və şəhərlərdə seçiləcək 700 namizədə sahibkarlıq haqqında məlumatlar veriləcək və iqtisadi cəhətdən əlverişli və davamlı biznes planları hazırlamaq üçün pulsuz təlim kursları təşkil edilir.
Təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planın hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstərilir. Ən yaxşı biznes plana malik 500 namizədə yeni biznesin qeydiyyatdan keçirilməsində dəstək göstərilir və onlar natura formasında qrantla təmin olunur.
Qazilərə özünüməşğulluq fürsəti
Ötən il “Özünüməşğulluğa dəstək-2023” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirildi. Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılmasıdır.
Layihə çərçivəsində müvafiq istiqamətlər üzrə biznes təlimlərdə iştirak etmiş ümumilikdə 300 nəfər işsiz və işaxtaran vətəndaşın aktivlərlə təmin olunması nəzərdə tutulurdu. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildə 17 362 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Onlardan 5610 nəfəri qadınlar, 2973 nəfəri gənclər, 1246 nəfəri məcburi köçkünlər, 339 nəfəri şəhid ailəsi üzvləri, 312 nəfəri cəzaçəkmə müəssisəsindən azad olanlar, 74 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir. Ötən il də özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, Həmkarlar İttifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri də icra edilib. Ümumilikdə bu layihələrə 923 şəxs cəlb olunub. Həmçinin proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb, 18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”” istiqaməti çərçivəsində hazırlanıb
Büdcədəki boşluq səbəbindən...
İqtisadiyyat tənəzzülə uğrayır və Pekinin imicinə ümidsiz şəkildə ziyan dəyib...
Rus rublu maliyyə qaydalarına baxmayaraq möhkəmlənməyə davam edir...
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.