İqtisadiyyat

  • 2 349

Ərzaq təhlükəsizliyini bu yolla təmin etmək olar - TƏKLİF

image

Azərbaycanda neftdən sonar ən potensiallı sahə aqrar sektordur. Aqrar sektorda əsas vacib sahə isə, ilk növbədə, ərzaq istehsalı ilə bağlıdır. Xüsusən də, taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəzçilik, balıqçılıq və s. kənd təsərrüfatı sahələrinə daha böyük dövlət dəstəyinin göstərilməsi vacibdir. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Üstəlik, bu sahədən yaxşı gəlir də əldə etmək olar.

Hazırda ölkəmizin əsas tələbat məhsullarına olan ehtiyacının təxminən yarısı idxal hesabına ödənilir ki, bu da riskli göstəricidir. Beynəlxalq elmi mərkəzlərin proqnozlarına görə, qarşıdan qlobal quraqlıq, aclıq və qıtlıq dövrü gəlir. Dünya iqtisadi mərkəzləri, sosial təşkilatlar bu haqda həyəcan təbili çalır. Son illərdə bütün dünyada ərzağın qiymətləri artır. Bəzi ölkələr ağır vəziyyətə düşür. Bu faktlar bir daha aqrar sektorun əhəmiyyətini və onun sürətli inkişafı üçün dövlət dəstəyinin daha da artırılmasının vacibliyini göstərir.

Son illərdə dövlətin bu sahəyə böyük investisiyalar qoyduğu, böyük həcmdə subsidiyalar, kreditlər ayırdığı, müxtəlif dövlət proqramları vasitəsilə güzəştlər tətbiq etdiyi müşahidə olunur. Lakin hələlik, əldə olunan nəticəni qənaətbəxş adlandırmaq olmaz. Faktiki olaraq, əhalinin ərzağa olan tələbatının təxminən yarısı idxal hesabına ödənilir.

Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma mümkün olur. Belə ölkələrdə əsas tələbat mallarının çox böyük hissəsi ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Məsələn, Rusiya, ABŞ və Hindistanda, həmçinin, əksər Avropa ölkələrində dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun bazar qiymətinə alınacağı haqda qabaqcadan müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə ərzaq qıtlığı və bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Bu məqsədlə hökumət tərəfindən məsələyə kompleks yanaşma ilə strateji aqrar proqramlar hazırlanıb yerinə yetirilsə daha məqsədəuyğun olardı. Kənd Təsərrüfatı Nazirliyi və Su Ehtiyatları Agentliyi su mənbələrinin səmərəli istifadəsi, su ehtiyatlarının artırılması, şoran torpaqların yaralı hala gətirilməsi kimi tədbirləri həyata keçirməklə aqrar sektorun inkişafına böyük töhfə verə bilərlər.

Qəribəsi odur ki, ölkə özünü meyvə-tərəvəzlə artıqlaması ilə təmin edə biləcək gücdədir, lakin bazarlar bu məhsulların xarici analoqları- genetik modifikasiya olunmuş məhsullarla doldurulub. Belə məhsullar yerli məhsullardan xeyli ucuz satılır. Yerli meyvə-tərəvəz bazarlarda baha satılsa da, bundan kəndli yox, alverçilər qazanır.

Kəndli məhsulunu min bir əziyyətlə əkib-biçəndən sonra onu ucuz qiymətə alverçilərə verməyə məcbur olur. Çünki hərdən təşkil olunan və az sayda fermerin iştirak etdiyi yarmarkaları nəzərə almasaq, onların öz məhsulunu sərbəst satması üçün lazımi şərait yaradılmayıb. Bazarlar isə alverçilər tərəfindən zəbt olunub və məhsul istehsal edən kəndlilər oraya giriş imkanları yoxdur. Bu səbəbdən də, hər hansı bir məhsulu kəndlidən sahədə 20 qəpiyə alan möhtəkirlər onu bazar dükanda ən azı 1 manata satırlar.

Belədə, iki tərəf uduzur- istehsalçılar və istehlakçılar. Bir tərəf də udur ki, bunlar da dəllallar, yəni möhtəkirlərdir. Bu prosesdən qazanan daha bir tərəf isə xaricdən ərzaq idxal edənlərdir.

Ona görə də təklif edirik ki, KTN tərəfindən ölkənin bütün şəhərlərində daimi fəlaiyyət göstərən və yalnız öz məhsulunu satan kəndlilərin buraxıldığı yarmarkalar təşkil edilsin. Bakı şəhərində azı 5-6, Gəncə və Suymqayıt kimi iri şəhərlərdə 2, digər şəhərlərdə 1 daimi yarmarka təşkil edilsə, rayonlardan öz nəhsulunu satmağa gətirənlər pulsuz olara qoraya buraxılsa, o zaman ərzaq bazarında ucuzluq yaranacaq. Öz məhsulunu rahat, manesəiz sata bilmiş və gəlir əldə etmiş təsərrüfat sahibləri növbəti illərdə daha çox məhsul istehsal etməyə çalışacaqlar və nəticədə ölkə bazarında ucuzluq və bolluq yaranacaq.

Bununla paralel olaraq, aqrar sektorda suvarma, gübrələmə, növbəli əkin sistemi, aqrotexniki qulluq, kənd təsərrüfatı texnikaları ilə təchizat işləri də qaydasına salınsa böyük nailiyyətlər əldə etmək olar.

Kənd təsərrüfatı məhsulları həm də yüngül və yeyinti sənayesi deməkdir. Bölgələrdə çox sayda kiçik və orta emal müəssisələri yaradılsa biz məhsulumuzu xaricə xammal kimi ucuz satmarıq, hazır məhsul kimi daha baha sata bilərik və buradan həm istehsalçılar, həm də dövlət xeyli gəlir əldə edə bilər. Beləliklə, nəhəng aqrar-sənaye zənciri formalaşa bilər ki, ölkəmiz nəinki özünü əsas tələbat məhsuları ilə təmin edə bilər, hətta xeyli həcmdə hazır məhsul ixrac edə bilər.

Dövlət başçısının aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı hökumətin üzərinə qoyduğu vəzifələr düzgün yerinə yetirilsə, həm neftdən sonrakı dövr üçün böyük və gəlirli istehsal sahələri yaradılmış olar, həm də əhalimiz xaricdən gətirilən mənşəyi dəqiq aydın olmayan keyfiyyətsiz ərzaq məhsullarından azad olub, öz torpağımızın təbii və təmiz məhsulu ilə qidalanmış olar. Beləliklə, ərzaq təhlükəsizliyimiz tam təmin olunmuş olar.

Elçin Bayramlı

Digər xəbərlər