Siyasət

  • 983

Azərbaycan xalqı şərəf dolu tarixi günlər yaşayır

image

Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi.

Postmüharibə dövründə rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq götürdüyü öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Nəhayət, 2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və Daxili İşlər Nazirliyinin dörd polis əməkdaşının şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.
Nəticədə düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Antiterror əməliyyatları çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq dəqiq zərbələrlə neytrallaşdırdı. Beləliklə, 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi, qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
19-20 sentyabr tarixli lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Bununla bir daha sübut olundu ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik Prezidenti, Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi.
Bu növbəti tarixi Zəfərlə Qalib Sərkərdə İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Dövlət başçısı öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır.
Misilsiz dövlətçilik təfəkkürünə malik olan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Eldar Əsədov
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər