Biləsuvar şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirə keçirilib. Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər və digər iştirakçılar bir araya gəliblər.
Müşavirə bu il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Tədbirdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, kənd təsərrüfatı və balıqçılıq sektorunun inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, həmçinin regionlarda aqrar sahənin dayanıqlı inkişafına dair məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov son illərdə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və əldə edilmiş nəticələr barədə danışıb. Bildirib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin daha da artırılması yeni yanaşmaların tətbiqini zəruri edir. Bu məqsədlə qəbul edilmiş 2026–2030-cu illər üçün Dövlət Proqramı kənd təsərrüfatının yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd kimi çıxış edir. Proqram aqrar sahədə intensiv istehsal modelinə keçidin sürətləndirilməsini, emal və ixrac imkanlarının genişləndirilməsini, eləcə də ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, Dövlət Proqramının icrası regionlarda istehsal infrastrukturunu gücləndirəcək, müasir texnologiyaların tətbiqini və fermerlərin bazarlara çıxış imkanlarını genişləndirəcək. O qeyd edib ki, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq konsolidasiyası və rəqəmsal idarəetmə həllərinin tətbiqi məhsuldarlığın artırılmasına töhfə verəcək. Salyan rayonunun torpaq konsolidasiyası üzrə pilot ərazi kimi seçildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, saxlama, emal və logistika infrastrukturunun inkişafı aqrar sektorda dayanıqlı inkişafı və fermer gəlirlərinin artımını dəstəkləyəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Şirvan-Salyan iqtisadi rayonunun aqrar və akvakultura potensialının reallaşdırılmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, yeni suvarma kanallarının çəkilməsi və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Bildirilib ki, proqram çərçivəsində rəqəmsal monitorinq, dəqiq su uçotu və fermerlərin maarifləndirilməsi prioritet istiqamətlərdən olacaq.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun aqrar sahədə mövcud vəziyyəti barədə məlumat verib. Bildirib ki, Biləsuvar pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində ölkənin aparıcı rayonlarından biridir. Aqroparkların fəaliyyəti və müasir suvarma sistemlərinin tətbiqinin istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edən icra başçısı əlavə edib ki, Dövlət Proqramı mövcud potensialın daha səmərəli reallaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Müşavirədə Biləsuvar, Hacıqabul və Neftçala rayonlarından olan fermerlər və sahibkarlar təsərrüfatlarının mövcud vəziyyəti və ümumi inkişaf istiqamətləri barədə məlumat veriblər. Onlar kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir etdiyini deyiblər.
Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunmasında mərkəzi və yerli icra orqanlarının əlaqələndirilmiş fəaliyyətinin, eləcə də özəl sektorun fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramı regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Qeyd etmək lazımdır ki, son illərdə müxtəlif bölgələr belə müşavirələr tez-tez təşkil olunur və ölkəmizin aqrar sektorunun inkişafı üçün görülən və görüləcək işlər müzakirə olunur. Müşavirələrdə aqrar sektordakı problemlər araşdırılır, həlli üçün görülməsi vacib işlər müzakirə olunur. Xüsusən də, böyük potensial olaan rayonlarda əkinçilik, başğçılıq, heyvandarlıq, balıqçılıq kimi sahələrin inkişafına diqqət yetirilir. Həm də təkcə xammal istehsalı üçün yox, aqrar sənaye komplekslərinin yaradılması ilə hazır məhsul istehsalının da artırılmasına çalışılır. Aqrar sektorun sonuncu həlqəsi yüngül və yeyinti sənayesinin inkişafı deməkdir ki, bu da ölkəmizin xammal ölkəsi kimi yox, hazır məshul ölkəsi kimi formalaşmasına səbəb olacaq. Bölgələrdə yüzlərlə yeni müəssisələr yaradıla bilər- konserv zavodları, pambıq müəssisələri, tütün və barama fabrikləri və s.
Ölkə prezidentinin hökumət üzvləri ilə keçirdiyi sonuncu müşavirədə də dövlət başçısı aqrar sektorda ölkəmizin böyük potensiala malik olduğunu qeyd etdi və bu sahədə inkişafın sürətləndirilməsinin vacibliyini vurğuladı. Dövlət tərəfindən fermerlərə, təsərrüfatçılara, aqroparklara hər cür yardımlar göstərilməsi qısa müddətdə ölkəmizin aqrar sektorunda böyük nəticələrin əldə edilməsinə səbəb olacaq.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun ən perspektivli sahələrindən olan kənd təsərrüfatına dövlət dəstəyi artılır və bu da özünü tezliklə qeyri-neft ÜDM-nin artmasında biruzə verəcək. Bu həm ərzaq təhlükəsizliyimizin təmin olunması demək olacaq, həm də daxili istehsalın və iqtisadi dövriyyənin artmasına səbəb olacaq. Bütün bunlar isə öz növbəsində kənd rayonlarında məşğulluğun artması və bölgələrin ümumi inkişafına gətirib çıxaracaq.
Elçin Bayramlı
Rusiya yanacaqdoldurma məntəqələri Belarusdan bahalı yanacaq almağa məcburdur…
2008-ci il səviyyəsinə düşüb...
Əsas səbəblər sanksiyalar və Rusiyadakı tənəzzüldür...