PDF Oxu

İqtisadiyyat

  • 1 100

Bu sahədə böyük potensial var: Pambıq müşavirəsində nələr müzakirə olundu? - TƏHLİL

image

İyunun 24-də Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış Neftçala, Salyan, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Zərdab rayonlarından fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, dövlət başçısının tapşırığına əsasən iyunun 12-dən başlayaraq 13 iqtisadi zona üzrə bu proqramın geniş müzakirələri aparılıb. Müzakirələrə ümumilikdə 4 min 565 nəfər qatılıb, aqrar sektorda fəaliyyət göstərən fermerlər və sahibkarlar Azərbaycan Respublikası Prezidentinin çağırışını dəstəklədiklərini bildirərək mühüm təşəbbüslərlə çıxış ediblər.

Zeynal Nağdəliyev qeyd edib ki, dövlət proqramında prioritet istiqamətlərdən biri olan pambıqçılıqda dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. Vurğulanıb ki, yeni Dövlət Proqramı pambıqçılığın intensiv inkişafını, müasir suvarma və aqrotexniki texnologiyaların tətbiqini, həmçinin emal sənayesinin gücləndirilməsini nəzərdə tutur. Bildirilib ki, proqramın uğurlu icrası pambıqçılığın iqtisadi səmərəliliyini artıracaq, ixrac imkanlarını genişləndirəcək və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verəcək.

Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Nazir bu sahənin potensialından daha səmərəli istifadə olunmasının, məhsuldarlığın yüksəldilməsinin və istehsal prosesində müasir yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Həmçinin pambıqçılıqda mövcud çağırışlar, resurs təminatının yaxşılaşdırılması və emal imkanlarının genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər diqqətə çatdırıb. Məcnun Məmmədov əlavə edib ki, yeni Dövlət Proqramında pambıqçılığın klaster prinsipi əsasında inkişafı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması və emal sənayesinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub. O, pambığın yalnız xammal kimi deyil, daha çox emal olunaraq əlavə dəyər yaradan məhsullara çevrilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, hazırda 6,6 min hektar pambıq sahəsi müasir suvarma sistemləri ilə təmin olunub. Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək təxminən 42 min hektara çatdırılması planlaşdırılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov pambıqçılığın dayanıqlı inkişafında su təminatının həlledici rol oynadığını vurğulayıb. Bildirilib ki, son illərdə ölkədə suvarma infrastrukturunun modernləşdirilməsi, yeni su mənbələrinin yaradılması və magistral kanalların yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Qeyd olunub ki, Şirvan və Qarabağ suvarma kanalları da daxil olmaqla icra olunan layihələr pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda su təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına xidmət edəcək. Zaur Mikayılov, həmçinin su ehtiyatlarından səmərəli istifadənin vacibliyini qeyd edərək müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib ki, pambıqçılıq ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında, ixrac potensialının artırılmasında və regionlarda iqtisadi fəallığın genişlənməsində mühüm rol oynayır. Qeyd olunub ki, Dövlət Proqramında pambıqçılığın yalnız xammal istehsalı istiqamətində deyil, həm də emal sənayesi ilə inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Səməd Bəşirli vurğulayıb ki, yeni iplik, parça və tekstil istehsalı müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ixrac gəlirlərinin artmasına imkan verəcək. Bildirilib ki, dövlət tərəfindən tətbiq olunacaq dəstək mexanizmləri və investisiya təşviqləri sahənin rəqabət qabiliyyətinin yüksəldilməsinə və özəl sektorun bu istiqamətdə fəallığının daha da artırılmasına xidmət edəcək.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda aqrar sahədə əldə olunan nəticələr, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət dəstəyi, müasir aqrotexniki yanaşmalar və suvarma infrastrukturunun təkmilləşdirilməsi hesabına Sabirabad rayonunda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün bütün imkanlar səfərbər ediləcək.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun pambıqçılıq sahəsində ölkənin qabaqcıl bölgələrindən biri olduğunu, 2025-ci ildə əldə olunan yüksək məhsuldarlıq göstəricilərinin fermerlərin zəhməti və dövlət dəstəyinin nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı gözlənilir.

İcra başçıları qarşıya qoyulan hədəflərə nail olunması və pambıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində bütün mövcud imkanların səfərbər ediləcəyini bildiriblər.

Müşavirədə iştirak edən fermerlər və sahibkarlar, pambıq şirkətlərinin nümayəndələri cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda pambıq istehsalında məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, suvarma təminatının yaxşılaşdırılması və dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti vurğulanıb, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, pambıqçılığın inkişafı üzrə müəyyən edilən prioritetlərin icrası kompleks və əlaqələndirilmiş yanaşma tələb edir. O qeyd edib ki, qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, texnika təminatının yaxşılaşdırılmasına və emal sənayesinin inkişafına yönəldiləcək. Zeynal Nağdəliyev dövlət başçısının müəyyən etdiyi vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayaraq yerli icra hakimiyyəti orqanlarını, fermerləri və sahibkarları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası çərçivəsində nəzərə alınacaq və aqrar sahənin dayanıqlı inkişafının təmin olunması istiqamətində zəruri tədbirlər davam etdiriləcək.

Qeyd etmək lazımdır ki, son illərdə müxtəlif bölgələr belə müşavirələr tez-tez təşkil olunur və ölkəmizin aqrar sektorunun inkişafı üçün görülən və görüləcək işlər müzakirə olunur. Müşavirələrdə aqrar sektordakı problemlər araşdırılır, həlli üçün görülməsi vacib işlər müzakirə olunur. Xüsusən də, böyük potensial olaan rayonlarda əkinçilik, başğçılıq, heyvandarlıq, balıqçılıq kimi sahələrin inkişafına diqqət yetirilir. Həm də təkcə xammal istehsalı üçün yox, aqrar sənaye komplekslərinin yaradılması ilə hazır məhsul istehsalının da artırılmasına çalışılır. Aqrar sektorun sonuncu həlqəsi yüngül və yeyinti sənayesinin inkişafı deməkdir ki, bu da ölkəmizin xammal ölkəsi kimi yox, hazır məshul ölkəsi kimi formalaşmasına səbəb olacaq. Bölgələrdə yüzlərlə yeni müəssisələr yaradıla bilər- konserv zavodları, pambıq müəssisələri, tütün və barama fabrikləri və s.

Ölkə prezidentinin hökumət üzvləri ilə keçirdiyi sonuncu müşavirədə də dövlət başçısı aqrar sektorda ölkəmizin böyük potensiala malik olduğunu qeyd etdi və bu sahədə inkişafın sürətləndirilməsinin vacibliyini vurğuladı. Dövlət tərəfindən fermerlərə, təsərrüfatçılara, aqroparklara hər cür yardımlar göstərilməsi qısa müddətdə ölkəmizin aqrar sektorunda böyük nəticələrin əldə edilməsinə səbəb olacaq.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun ən perspektivli sahələrindən olan kənd təsərrüfatına dövlət dəstəyi artılır və bu da özünü tezliklə qeyri-neft ÜDM-nin artmasında biruzə verəcək. Bu həm ərzaq təhlükəsizliyimizin təmin olunması demək olacaq, həm də daxili istehsalın və iqtisadi dövriyyənin artmasına səbəb olacaq.

Eyni zamanda qeyri-ərzaq sektorunda, xüsusən pambıqçılıqda böyük tarixi təcrübə, yüksək potenasil var. Pambıqçılıq həm dəböyük bir istehsal zənciri deməkdir. Bu da xeyli sayda fabriklərin yaranmasına səbəb olur. Nəticədə aqrar sənaye sistemi inkişaf edir. Bütün bunlar isə öz növbəsində kənd rayonlarında məşğulluğun artması və bölgələrin ümumi inkişafına gətirib çıxaracaq.

Elçin Bayramlı

Digər xəbərlər