İqtisadiyyat

  • 25 809

“TAP Azərbaycanı Avropaya nə qədər yaxınlaşdıracaq?” ÖZƏL-ŞƏRH

image

“TAP (Trans Adriatic Pipeline) boru xətti üzrə işlər başa çatmaq üzrədir, son tamamlama işləri aparılır. İstifadəsi 2020-ci illin sonuna nəzərdə tutulan bu qaz xəttinin ilkin nəql qabiliyyəti 10 milyard kubametr nəzərdə tutulub ki, bu da Rusiyadan sonra Avropaya ixrac edilən alternativ əhəmiyyətli qaz kəməri sayılır. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Bu layihənin uğurla tamamalanması əslində Azərbaycan-Avropa ölkələri arasında siyasi münasibətlər üçün yeni mərhələ sayıla bilər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti, politoloq Fidan Əzimova deyib.Politoloqun sözlərinə görə, ümumilikdə kapital xərcləri 4.5 milyard avro dəyərində olan Trans Adriatik Boru kəməri layihəsi TAP, Avropa İttifaqının ən prioritet enerji layihələrindən biri oldu.“2015-ci ildə Avropa Komissiyasının Enerji İttifaqı üzrə Vitse-Prezidenti Maros Sefcovic Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının mərkəzində Cənub Qaz Dəhlizinin durduğunu demişdi. “Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir”, - deyə cənab Sefcovic vurğulamışdı.Azərbaycan Avropa üçün strateji əhəmiyyətli ölkələr sırasındadır. Təbii qazın Avropaya ixracı Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan faydalar qazandıracaq. Covid -19-la gərgin və ayalarla sürən mübarizədən sonra TAP boru kəmərinin istismara verilməsi və xüsusilə qış aylarında Avropanın təbii qaza artan tələbatının ödəniləcəyi halda bu layihə Azərbaycan üçün yeni nəfəs olacaq. Eləcə də pandemiya zamanı İtaliya iqtisadiyyatına vurulan ziyan 2018-ci ildə İtaliya hökümət üzüvləri arasında TAP layihəsi ilə bağlı yaranan fikir ayrılığına cavab sayıla bilər.Hazırda TAP Türkiyə sərhəddini İtaliyanın cənubuna birləşdirən elə bir layihədir ki, Azərbaycan xəritənin bu hissəsində enerji mərkəzinə çevrilir. TAP Avropa ölkələrini təbii qazla təmin etməklə yanaşı, köhnə qitədə Azərbaycana sərf etdiyi şəkildə siyasi rolunu da artıracaq. Bunu 2012-ci ildə Türkiyənin o zamankı baş naziri və indiki prezidenti Rəcəb Təyyub Ərdoğanın Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə TANAP müqaviləsinin imzalanma mərasimindən sonrakı açıqlaması da sübut edir: ”Bu layihə, Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri dərinləşdirməklə yanaşı, Azərbaycanla Avropa arasında Türkiyə üzərindən orqanik bir bağ təmin edəcək”.TANAP layihəsi Cənub Qaz dəhlizinin əsas hissəsi kimi enerji təhlukəsizliyi məsələlərinin həlli üçün önəmli infrasuktrutur layihəsi olmaqla yanaşı Avropa İttifaqı və Türkiyə ilə münasibətlərin sabitliyinə də zəmin yaradır. Əlbəttə, bu layihə Türkiyə ilə Avropa İttifaqı arasındakı bütün məsələləri həll etməyəcək, ancaq köhnə qitəyə ötürülən qaz ən azı münasibətlərdə sabitlik amili rolunu oynayacaq. Digər tərəfdən yeni layihə ilə Türkiyə Azərbaycanla har zaman olduğundan daha sıx siyasi münasibətlər tarixinə keçid alır. Bu isə o deməkdir ki, Cənubi Qafqazda enerji təhlükəsizliyi və sabitlik həm də Türkiyə dövlətinin nəzarətində olacaq. Təsadüfü deyil ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirmək üçün Türkiyə hərbiçilərini və zirehli texnikalarını Naxçıvana göndərərək Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşdirdi”, deyə mərkəzin eksperti Fidan Əzimova sərh edib.Ekspert xüsusilə virğulayıb ki, boru xətlərinin təhlükəsizliyinin aktuallığı da artır.“Sərhəddəki son döyüşlər, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyi üçün aktuallaşması və xaricdə yaşayan həmvətənlərimizin erməni diasporasının qarşı güclü müqaviməti Azərbaycanın doğru yolda olduğunu göstərir. Əksinə, Rusiyanın belə mühüm anda hadisələrə soyuq münasibəti və susması Moskvanın Cənubi Qafqazda prioritetlərini bir daha nümayiş etdirdi. Rusiya 1990-cı illərin əvvəllərində Cənubi Qafqaz bölgəsində ermənipərəst siyasət yürüdərək Azərbaycana təzyiq göstərməyə davam etdiyi anda Azərbaycan enerji mənbəyi kimi, bir çox qlobal neft şirkətlərinin diqqətindən kənarda qalmadı. Çətinliklərə baxmayaraq, nəticədə 20 sentyabr 1994-cü ildə ölkəmizdə inkişafa səbəb olan “əsrin müqaviləsi” imzalandı. Bu gün TAP enerji sahəsində əməkdaşlıqdan əlavə regionda sabitlik və sülh tələb edən layihədir. Təhlükəsizlik məsələsi birbaşa ön plandadır. Ancaq sülh və sabtilik həm də Azərbaycanın ərazi bütövlüyünün təminatını diqtə edir. TAP layihəsinin tamamlanması Azərbaycanın Avropaya siyasi baxımdan kifayət qədər yaxınlaşmasından və gələcək illərdə təbii qaza minimum deyil maksimum tələbat yaranarsa bu əlaqələrin daha sıx və zəmanətli olacağından xəbər verir.Uzunluğu 878 km təşkil edən boru kəmərinin 8 km-i İtaliya ərazisindən keçir. Almaniyadan sonra Avropanın ikinci ən böyük qaz bazarı sayılan İtaliya, həm ölçüsü, həm də strateji çəkisi ilə boru kəmərləri ilə təchiz edilmiş ən vacib qaz şəbəkəsinə çevriləcəkdir. TAP-ın İtaliyaya təsiri şübhəsiz ki, müsbət olacaq. Trans-Adriatik Boru Kəməri istifadəyə veriləndən sonra İtaliya və bütövlükdə Avropa üçün dəyərli bir mənbəyə çevrilən vacib bir infrastrukturun şahidi ola bilərik. Hazırda Avropa ölkələrində pandemiya ilə əlaqədar işsizlik problemi yaşanır. İtaliya hökuməti vəziyyəti normallaşdırmağa çalışsa da turizm və sənaye sahəsində itkiləri var, əmək bazarı da çox sarsılıb. Müqayisə üçün, Milli Statistika İnstitutunun (İSTAT) hesabatlarına görə, may ayında 84.000 iş yerleri, mart ayına nisbətən apreldə 274.000 iş yerleri itirildi. İqtisadi böhran ölkə iqtisadiyyatını kifayət qədər durğunlaşdırdı.2020-ci ilin fevral ayında İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya rəsmi səfəri ərəfasində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Augusto Massari eksklyuziv müsahibəsində bildirmişdi ki, əsas məqsədimiz təkcə ikitərəfli əlaqələrin inkişafı deyil: “Bakının Avropa ölkələri və qurumları ilə güclü və qarşılıqlı faydalı əlaqələri qorumaq istəyini görürük, qiymətləndiririk və dəstəkləyirik”.

İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini asanlaşdırmaq üçün ardıcıl səy göstərir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi əsas hədəfdir, eləcə də qoşulduğumuz digər əsas təşkilatlarla və bunların arasında Bakı-NATO tərəfdaşlığını unutmayaq, deyə səfir vurğulamışdır.
TAP Avropa və İtaliya üçün niyə bu qədər əhəmiyyətlidir sualına cavablardan biri odur ki, bu layihənin icrası həm də ABŞ-ın maraqlarına cavab verir. 2018 -ci ildə Ağ Evin rəsmi saytında ABŞ prezidenti Donald Trump İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmaq istəyi barədə xəbər yayımladı. İtaliyanın baş naziri Cuzeppe Kontenin Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trumpla TAP layihəsini müzakirə olundu və cənab Trump İtaliya baş nazirinə xitabən bunları dedi: “Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirsə ümidvaram ki, cənab baş nazir, siz bu boru xəttini başa çatdıra biləcəksiniz”. 19 iyunda Florida ştatının Orlando şəhərində prezident seçkisi kampaniyasına başlayan nitqində Donald Trump, Avropa üçün enerji mənbələrini şaxələndirmək səylərinə toxunaraq bunları vurğulamışdı: “Mən hərbi qüvvələr yaratdım, Rusiyaya sanksiyalar tətbiq etdim və dünya üçün alternativ enerji mənbələrini təmin etdim ..." Şübhəsiz ki, ABŞ-ın da Avropa ölkələrinin enerji və təhlükəsizlik siyasətində öz rolu var. Amma bu rolun nə qədər böyük olduğunu 2020-ci ildən sonra izləməli olacağıq.Rəsmi Vaşinqtonun mövcud siyasəti Xəzər regionunun Avropaya meyl etməsi və yeni enerji partnyorları tapması birbaşa Rusiynın Cənubi Qafqazda aparıcı rolunu zəiflətmək üçün yeni vasitə kimi görünə bilər. Hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması layihəsini iki il əvvəl İtaliya hökumətinin ətraf mühit naziri Sergio Costa mənasız görürdü. Ancaq hazırda İtaliya borunun davamını və ya layihənin növbəti statusunu göstərəcək açar ölkələrdən biridir. Beləliklə, Avropa ölkələrində boru xəttinə olan azsaylı etirazların hamısı keçmişdə qaldı”, deyə politoloq Fidan Əzimova bildirib.

sia.az

Digər xəbərlər