İqtisadiyyat

  • 8 007

Rəqabətə davamlı turizm ölkəsi TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə "Turizm İşçiləri Günü" sentyabrın 29-da qeyd olunacaq

Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan Azərbaycan inkişaf dövrünü yaşayaraq, daha geniş şəkildə xarici ölkələrdən turistləri qəbul edib. Tarixən turizm məkanı olaraq tanınan Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi məqsədləri ilə əlaqəli olub. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər kimi qəbul olunub. İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub. Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub. Bütün fəsillərdə gözəlliyə qərq olan Azərbaycan təbiətin bəxş etdiyi bütün yeraltı, yerüstü sərvətləri, iqlimi ilə cəlbedici edir. Turistlər də məhz təbiəti bənzərsiz, əmin-aman bir ölkədə istirahətlərinin təşkilinə önəm verdikləri üçün seçdiklər məkanlar sırasında Odlar Diyarı kimi tanınan Azərbaycana üz tuturlar.Geniş turizm imkanlarına malik olan Azərbaycan 2001-ci ildən etibarən geniş şəkildə Dünya Turizm Gününü qeyd edir. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramı kimi qeyd olunurdu. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə "Turizm işçiləri günü" kimi təntənəli şəkildə keçirilirdi. "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə dövlət başçısı Sərəncam imzalayıb. Sərəncama əsasən, "27-si" sözləri "29-u" sözləri ilə əvəz edilib.
TURİZMİN RASTLAŞDIĞI PROBLEMLƏR HƏLLİNİ TAPDI
Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi.
Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərir. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir. Turizm fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğu, turizm ehtiyatları, ölkənin zəngin coğrafi landşafta malik olması, xalqımızın qədim mədəni-tarixi irsi, eləcə də onun fauna və florası bu sahənin sürətli inkişafına yol açan əsas amillərdir.
AZƏRBAYCANDA TURİSTLƏRİN YERLƏŞDİRMƏ BİZNESİNİN İNKİŞAFI
2016-cı ildə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması turizm sahəsinin inkişafında mühüm rol oynadı. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam"ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutduğundan Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirib. Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Onu da xatırladaq ki, Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır.
AZƏRBAYCANA DÜNYANIN 173 ÖLKƏSİNDƏN 1 MİLYON 4 MİN SƏFƏR EDİLİB
Cari ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi ölkəmizin turist ölkəsi olmasına dəlalət edir. Gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Qazaxıstan, hər birindən 1,6 faiz olmaqla İsrail və Küveyt, 1,5 faizi Oman, 1,4 faizi Özbəkistan, 1,2 faizi Böyük Britaniya, 10,9 faizi digər ölkələrin vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167,1 dəfə, Omandan - 148,8 dəfə, Pakistandan - 27,3 dəfə, Hindistandan - 15,1 dəfə, İsraildən - 6,2 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 23,2 faiz artıb.2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.Coğrafi mövqeyinə görə, əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcəkdə daha da inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsinin nəzərdə tutulması da təsadüfü deyildi. Onu da qeyd edək ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər