İqtisadiyyat

  • 9 105

Sosial siyasət: Mütərrəqqi idarəetmənin məntiqi nəticələri - MƏQALƏ

image

Son 4 il ərzində Azərbaycanda sosial müdafiə sistemində idarəetmənin təkmilləşdirilməsi və şəffaflaşdırılma işlərinin aparılması birmənalı olaraq öz yüksək nəticələrini verməkdədir. Nəticə etibarilə bu istiqamətdə yüksələn trendlə dayanıqlı siyasətin aparılması dövlət büdcəsində də sosial müdafiə və sosial təminat xərclərinin daha da artmasına imkan yaratdı. Belə ki, 2022-ci il dövlət büdcəsinin xərclər bölməsinə nəzər salsaq görərik ki, 2022-ci il üzrə sosial müdafiə xərcləri və sosial təminat xərcləri 3 728 597 932,0 manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 35,851,387 manat daha çoxdur. Digər tərəfdən, əgər sosial siyasətlə bağlı bir sıra göstəriciləri təhlil etsək görərik ki, ötən il ərzində 77 mindən çox işsiz və iş axtaran şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən iş ilə təmin olunub. Ümumiyyətlə son 4 il ərzində əmək haqqı fondunun ÜDM-ə nisbəti 25 faizə yaxınlaşmış və bütövlükdə 2 dəfəyə yaxın artmışdır. Digər tərəfdən minimum əmək haqqı 2 dəfədən çox, minimum pensiya isə iki dəfəyə yaxın artmışdır. Xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti son üç ildə 11,5% yüksələrək 38%-ə çatmışdır. Bütün qeyd etdiyimiz göstəricilərdəki inkişaf əlbəttə ki, ölkədə mütərrəqqi sosial siyasətin aparıldığını deməyə bizə imkan verir.Dünya iqtisadiyyatında baş verən struktur dəyişikliklər, kənar faktorlar ilk olaraq məhz əhalinin sosial həyatına təsir göstərməkdədir. Ümumiyyətlə bu istiqamətdə ən həssas olan sahə sosial müdafiə və sosial təminatdır. Eyni zamanda dünya iqtisadiyyatında tələb və təklif inflyasiyalarının üst üstə düşməsindən yaranan qiymət artımının əhalinin sosial vəziyyətində yarada biləcəyi mənfi istiqamətləri aradan qaldırmaq məqsədilə Ölkə Prezidentinin sərəncamları çərçivəsində əhalinin əmək haqqlarının və minimum əmək haqqının artırılması da təbii ki, insanların həyat səviyyəsinin daha dayanıqlı inkişafını təmin edərək, insanların sosial rifahının qorunmasına istiqamətlənmişdir.Digər tərəfdən, 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin ailələrinin və qazilərimizin həyat standartlarının yüksəldilməsi istiqamətində aparılan islahatlar ölkədə aparılan sosial siyasətinin ən önəmli istiqamətlərindən biridir. Ölkə Prezidentinin tapşırığına əsasən müharibə iştirakçılarına və onların ailələrinə 11 minə yaxın ev və mənzilin verilməsi nəzərdə tutulmuşdur. Ötən il şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin aylıq təqaüdünün məbləği 66.7 faiz artırılmışdır ki, bu da ölkədə şəhid ailələrinə hər zaman yüksək diqqətin göstərilməsini səciyyələndirən əsas amillərdəndir. Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılmışdır. Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılmış və Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin 2000 manat olaraq aylıq təqaüdü təsis olunmuşdur.Bütün bu amillər məhz ölkədə aparılan mütərrəqqi sosial siyasət nəticəsində əhalinin sosial rifahının dayanıqlı inkişafını şərtləndirən magistral istiqamətlərdəndir. Əhalinin sosial müdafiəsi və sosial təminatının mövcud olan bu inkişaf ölkədə sosial rifahın artırılması istiqamətində aparılan siyasətinin effektivliyini səciyyələndirməkdədir və bu zənnimizcə, o cümlədən, son 4 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan effektiv islahatların məntiqi nəticəsidir.

Elşad Məmmədov
İqtisad elmləri doktoru, professor
Aslan Əzimzadə
İqtisadçı-ekspert

Müəllif: Qönçə Quliyeva

Digər xəbərlər