Müsahibə

  • 7 711

Sergey Markov: Makron Azərbaycana qarşı Paşinyanla gizli sui-qəsd qurub - MÜSAHİBƏ

image

İyulun 30-da Türkiyə və Ermənistan sərhəddə öz nümayəndələrinin görüşü zamanı Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası, habelə diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində Ankara ilə İrəvan arasında əldə olunan razılaşmaların Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişatına necə təsir göstərə biləcəyi, həmçinin Nikol Paşinyanın İlham Əliyevlə görüşdən niyə imtina etdiyinin səbəblərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Tərəflərin əvvəlki razılaşmalarının son nəticədə tam yerinə yetirilmədiyini nəzərə alsaq, Türkiyə-Ermənistan münasibətlərinin perspektivləri necədir?

-Hesab edirəm ki, bugünkü görüş bu və ya digər dərəcədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması üçün artan perspektivlərin siqnalı oldu. Fakt budur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün Ankaranın İrəvan qarşısında qoyduğu şərt məhz budur. Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransından əvvəl baş tuta bilər. Qeyd etdiyiniz kimi, əvvəllər ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesi çərçivəsində Türkiyə və Ermənistan bir sıra qərarlar qəbul etsə də, onlar tam yerinə yetirilməyib.

Ankara ən yaxın müttəfiqi kimi Azərbaycanın xahişi ilə bu prosesi dayandırıb. Bakı Ankaradan Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalanmayana qədər İrəvanla münasibətlərin normallaşdırılmasına dair saziş imzalamamağı xahiş edib. Bu, ümumilikdə məntiqlidir, çünki bu, Ermənistanı Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması məsələsində daha qəti addımlar atmağa sövq edəcək.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü bu istiqamətdə öz bəhrəsini verə bilər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin yekun nizamlanmasında müsbət perspektivlərin yaranmasına gətirib çıxara bilər.

Xatırladığımız kimi, bu gün Azərbaycan Ermənistanla sülh sazişi imzalaması üçün iki şərt qoyur. Bu şərtləri Azərbaycan lideri İlham Əliyev bu yaxınlarda keçirilən Şuşa Qlobal Media Forumunda bir daha səsləndirdi. Bunlardan biri Ermənistanın öz Konstitusiyasına etməli olduğu dəyişiklikdir- onun mətnindən və digər qanunvericilik sənədlərinin mətnlərindən Azərbaycan Respublikasına qarşı ərazi iddialarının çıxarılmalıdır. İkinci şərt Qarabağ münaqişəsi üzrə yaradılmış ATƏT-in Minsk Qrupunun qanuni ləğvidir. Əliyevin qeyd etdiyi kimi, bunun üçün Azərbaycan və Ermənistan müvafiq sorğu təqdim etməlidir. Minsk qrupunun ləğvi həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması demək olacaq. Minsk Qrupunu bu gün Qarabağın və digər Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğal olunduğu siyasi proseslər mərhələsinin “relikatı” adlandırmaq olar. Bu gün Qarabağ münaqişəsi həll olunub. Buradan belə çıxır ki, bu məsələ ilə məşğul olan beynəlxalq struktur da ləğv edilməlidir. Ləğv edilməzsə, Azərbaycanın bunu guya həll olunmamış Qarabağ probleminin şərhini konsolidasiya etmək cəhdi kimi qiymətləndirmək hüququ var.

-Deyirsiniz ki, ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ehtimalı yüksəkdir. O zaman Ermənistanın baş nazirinin bu yaxınlarda Böyük Britaniyada Azərbaycan prezidenti ilə danışıqlardan imtina etməsini nə ilə əlaqələndirirsiniz? Və bundan sonra- Ermənistan pilotsuz təyyarələrinin Azərbaycan mövqeləri üzərində silsilə kəşfiyyat uçuşları, eləcə də atəşkəsin pozulmasını necə qiymətləndirirsiniz?

- Ola bilsin ki, atəşkəsin pozulması erməni hərbçilərinin şüurunda hakim olan azərbaycanafobiya ilə bağlıdır.

Paşinyanın Əliyevlə Britaniyada görüşməkdən imtina etməsini Fransa prezidenti Makronun Ermənistanın baş nazirinə bu görüşdən imtina etməsi ilə bağlı gizli şəxsi xahişi ilə əlaqələndirirəm. Müraciət Fransanın “müstəmləkə” ərazilərinin nümayəndələrinin qurultayı və Parisin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan cəbhənin Azərbaycanın dəstəyi ilə Bakıda keçirilən qurultayının yekunlarına əsaslanan maarifləndirmə işi fonunda verilib. Düşünürəm ki, Makron Bakının bu hərəkətinə son dərəcə qəzəblənib. Və o, Paşinyandan Əliyevlə görüşü pozmağı xahiş edib.

Yeri gəlmişkən, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı Fransa telekanallarından birində şərhçinin siyasi təxribat törətməsi də Fransa prezidentinin üzərinə düşür, çünki o, ardıcıl, cilovsuz anti-Azərbaycan kampaniyası aparır- həm ölkəsində, həm də xarici platformalarda. Fransız şərhçi bu siyasi nalayiq bəyanatları məhz Parisin bu çox anti-Azərbaycan siyasətinin təsiri altında edib.

İnanıram ki, bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan ilin sonuna kimi həqiqətən də sülh sazişi imzalaya bilərlər.

- Bəs amerikalıların danışıqlar “yorğanını” öz üzərlərinə çəkmək və bir növ vasitəçilik etmək cəhdləri necədir?

-Bəli, ABŞ bunu edir, amma mən inanıram ki, Ermənistan rəhbərliyi sonda hər hansı bir ölkənin vasitəçiliyi olmadan sülhün imzalanmasına razı olacaq. İrəvan istərdi ki, Qərbin vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi imzalansın. Amma Azərbaycan bunun qəti əleyhinədir. Və bu şərtlər daxilində Ermənistan seçim qarşısında qalacaq: ya Qərb vasitəçiliyi olmadan imza at, ya da heç imza atma. Düşünürəm ki, Paşinyan yekunda müqaviləyə imza atmağı seçəcək.

-Cənubi Qafqazdakı vəziyyət və Qərbin ona təsir etmək cəhdləri Rusiyaya təsir etməyə bilməz. Rusiya sərhədçiləri avqustun 1-də Yerevan Zvartnots hava limanını tərk edəcəklər. Ermənistanın bu addımını necə şərh edirsiniz?

- Bu addım simvolik xarakter daşıyır. Bunu Ermənistanın təhlükəsizlik sistemində Rusiyanın mövcudluğunun aradan qaldırılmasının başlanğıcının simvolu kimi də baxmaq olar.

1992-ci ildən Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri respublikanın təhlükəsizliyini gücləndirmək üçün İrəvan hava limanında xidmət göstəriblər. Siyasətdə simvolların böyük əhəmiyyəti var. Paşinyan Rusiyanın Ermənistan ərazisində mövcudluğunu azaldır. Bu isə Ermənistanın Rusiyadan siyasi gedişini və eyni zamanda Qərblə yaxınlaşmasını simvollaşdırır. Ermənistan Rusiyanı Qərblə əvəz edir, o cümlədən təhlükəsizlik sistemində.

Qərbin Ermənistan ərazisində olması Ermənistanın ekspansiyasını, respublikanın təhlükəsizlik sisteminə onun nəzarəti bərqərar etməsini ifadə edir. Bu, Ermənistan ərazisində Qərb hərbi bazalarının açılması perspektivi ilə Ermənistanın NATO standartlarına keçməsini və Ermənistanla NATO arasında sazişin imzalanmasını nəzərdə tutur (və bu artıq baş verir). Ermənistan sonda Şimali Atlantika Alyansının yarımmüstəmləkə peykinə çevriləcək.

- Ermənistanda Qərbin mövcudluğunun artması Rusiya və Azərbaycana necə zərər verə bilər?

-Şübhəsiz ki, Qərb Rusiyaya qarşı düşmənçilik edir. Onun Ermənistana təsirinin istənilən artırılması Rusiya Federasiyasına ziyan vurmaq məqsədi ilə istifadə olunacaq.

Qərb-Azərbaycan münasibətlərinə gəlincə, bu gün Qərb Bakı üçün ekzistensial düşmən deyil. Amma bununla yanaşı, Qərbin Azərbaycana daha çox təzyiq göstərməyə çalışdığını görürük. Bu, həm də Qərb ölkələrində ən güclü erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Həm də Azərbaycanın müstəqil siyasət aparması ilə. Qərb Azərbaycan Respublikasının neft və qaz ehtiyatlarına nəzarəti bərqərar etmək istərdi.

-Ermənistan Azərbaycanla sülh sazişi imzalaya bilər. Amma bu, bizə sual verməyə mane olmur: İrəvanın gələcəkdə Azərbaycana qarşı hansısa hərbi qisas almaq variantı varmı?

-Bəli, Ermənistan revanş variantını nəzərdən keçirir. Amma hələlik bu, yuxudan başqa bir şeyə bənzəmir. Ermənistan ordusunu müasir Azərbaycan ordusu ilə müqayisə etmək olmaz. Döyüşlər baş verərsə, o, sadəcə məğlub olacaq. Kiçik dağlıq Ermənistan respublikası böhran içindədir. Bu böhran Qarabağdakı məğlubiyyətlə, onun geosiyasi himayədarının Rusiyadan Qərbə keçməsi ilə bağlıdır.

-Əgər indi qisas almaq mümkün deyilsə, niyə Qərb Ermənistanı silahla təmin edir?

-Ona təsir etmək üçün. Və gələcəkdə bu təsirdən öz xeyrinizə istifadə etmək üçün. Birinci maraq Qərbin ümumi genişlənmə istəyidir: İtin bir tikə ət üçün can atdığı şövqlə Qərb də genişlənməyə can atır. İkinci maraq Rusiya ilə hibrid müharibədə erməni amilindən istifadə etmək istəyidir. Üçüncü maraq gələcəkdə İranla müharibədə bu amildən istifadə etmək istəyidir. Dördüncüsü isə, bundan Türkiyə, Azərbaycana, Gürcüstana qarşı istifadə etməkdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər

Bayden suala cavab verməkdən yayınıb...

...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı