PDF Oxu

Müsahibə

  • 9

YAP Azərbaycanın inkişafına böyük töhfə verib

YAP Azərbaycanın inkişafına böyük töhfə verib

Məlum olduğu kimi, noyabrın 21-i Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 17 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Yeni Azərbaycan Partiyası yarandığı zaman mövcud olan tarixi şərait, ölkədəki ictimai-siyasi durum, müasir dövrdə partiyanın fəaliyyəti dazim cəmiyyətdə əsas müzakirə mövzusu olub. Beləliklə, ilk öncə, bir suala aydınlıq gətirmək lazımdır. Yeni Azərbaycan Partiyası hansı tarixi zərurətdən yarandı? Bu sualla YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik.

- Aydın müəllim, söhbətimizə partiyanın yaranma zərurətindən başlayaq...

- YAP-ın yaranma zərurətindən danışarkən, ilk növbədə, həmin dövrün proseslərini nəzərdən keçirmək lazımdır. 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycanda həm siyasi, həm də iqtisadi böhran hökm sürürdü. Azərbaycan iqtisadiyyatında iqtisadi artım yox idi. Məsələn, inflyasiya səviyyəsi 1300-1600 faiz idi. Ümumdaxili məhsul, ümumiyyətlə, get-gedə 15-17 faiz aşağı düşürdü. Yəni, iqtisadiyyatımız dağılmışdı. Belə bir durumda ölkəni həm siyasi, həm də iqtisadi yollarla dirçəltmək lazım idi.
Bu, böyük missiyanı da Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü və öhdəsindən layiqincə gəldi. O, Azərbaycanı iqtisadi tənəzzüldən qurtardı. Ulu Öndər bilirdi ki, ölkənin yüksək iqtisadi potensialı var və onu inkişaf etdirmək lazımdır. Bugünkü iqtisadiyyatımızın dinamik surətdə inkişaf etməsinin əsasını Heydər Əliyev qoyub.
Ulu Öndər hələ Moskvada olarkən, Azərbaycanın düşdüyü ağır durumu görür və ölkəsinə kömək etmək haqda düşünürdü. Onun ölkəyə gəlməsi üçün problemlər yaradırdılar. Yəni, əsas məsələ Heydər Əliyevin Moskva şəraitindən çıxması idi. Hamı bilirdi ki, o zaman Moskvada Mərkəzi Komitənin birinci katibi Ona böyük təzyiqlər göstərirdi. Beləliklə, Ulu Öndərin bütün yollarını kəsməyə çalışırdılar.
Heydər Əliyevin ilk dəfə mətbuata çıxması xəstəxanada Andrey Karaulovun Ondan müsahibə götürməsi ilə gerçəkləşdi. Həmin müsahibədən sonra Heydər Əliyev Azərbaycanda yenidən yada düşdü. Bu müsahibənin kasetlərini biz əldə etmişdik. Həmin görüntüləri bir sıra şəxslərin evində yayaraq, Heydər Əliyevin təbliğatını aparırdıq. Ən yaxşısı o idi ki, adi insanlar da Ümummilli Liderə böyük etimad göstərirdilər, Ona inanırdılar.
Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi, oradan evinə sağ-salamat qayıtması da tarixi bir hadisə idi. Deməli, Tanrı Heydər Əliyevin özünü və ailəsini çox istəyirdi. Azərbaycanda da, İttifaqda da Mərkəzi Komitə katiblərini və Siyasi Büro üzvlərini ya dərmanla zəhərləyirdilər, ya da qəzaya düşürürdülər və s.
Bunlara baxmayaraq, ulu öndər respublikaya gəldi, bir gün Bakıda qaldı və sonra Naxçıvana getdi. Bunları deməkdə məqsədim odur ki, Heydər Əliyevə qarşı Moskvada güclü təzyiqlər vardı.

- Azərbaycanda da müəyyən problemlər var idi...

- Bəli, həm də Azərbaycanda. Yaş senzi ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Bunun əsası Naxçıvanda qoyuldu. Orada bir qədər imza yığıldı və sonra qərar verildi ki, Bakı şəhərində bununla bağlı mitinqlər keçirilsin. Bu mitinqlərə ilk vaxtlar az adam gəlirdi. YAP yarandıqdan sonra təşkilatlanma işi aparıldı. Artıq xalq bu partiyaya və onun liderinə inanırdı. Ulu Öndəri dəstəkləyən aksiyalar davam edirdi. Sonra bu aksiyalar böyüdü və bu, dövləti bir qədər silkələdi.
O zaman hakimiyyətə xidmət edən qüvvələr bizi oradan dağıtmaq üçün hərəkətə keçdilər. Heydər Əliyev dedi ki, orada qarşıdurma ola bilər, ona görə də dağılışın. Bu, Ulu Öndərin müdrikliyi idi. O istəmirdi ki, kimlərsə əziyyət çəksin.
Heydər Əliyev hələ DTK rəhbəri olan vaxtlardan milli siyasət aparıb. O vaxt DTK-da cəmi 7 faiz azərbaycanlı işləyirdi, digər 93 faiz qeyri-millətlərin nümayəndələri idi. Heydər Əliyev bu sistemi də yenidən qurdu və onu milliləşdirdi.
Heydər Əliyev Azərbaycana təkcə siyasi deyil, həm də iqtisadi, mədəni, elmi qurtuluş gətirdi. Dünyada Azərbaycan haqda müsbət fikir formalaşdırdı. Ölkəmiz bütün sahələrdə böyük inkişafa qədəm qoyub. Bütün bunlar Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanıb. Ona görə də, biz həmin tarixi Milli Qurtuluş Günü kimi qeyd edirik. Bu gün həmin siyasəti İlham Əliyev uğurla davam etdirir və Azərbaycanı yüksəklərə qaldırır.

- Ulu Öndərin hakimiyyətə gəlməsi və partiyanın yaranması üçün xalqın dəstəyi necə əldə edildi?

- Azərbaycanın ötən əsrin əvvəllərində düşdüyü ağır durumdan çıxması Yeni Azərbaycan Partiyası yarandıqdan, bu partiyanın yaradıcısı və rəhbəri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verdi.
Heydər Əliyevin hakimiyyətə gəlməyi, Onun özünə lazım deyildi, Azərbaycan xalqına lazım idi. O, hakimiyyətə gəlmək istəmirdi, ancaq xalqın taleyini dəyişmək və onu bəlalardan qurtarmaq üçün buna razılıq verdi. Heydər Əliyev xalqın tələbi, təkidi ilə hakimiyyətə gəlib və hətta deyərdim ki, xalqın əmri ilə gəlib. Yəni, Heydər Əliyev də xalqın övladı kimi, xalqın əmrinə müntəzir idi və buna görə də, məsuliyyəti öz üzərinə götürdü.
Partiyanın təşkilinə gəldikdə isə, Yeni Azərbaycan Partiyası ona görə yarandı və möhkəmləndi ki, onun lideri Heydər Əliyev idi. O dövrdə Azərbaycan xalqının ümid yeri olan Heydər Əliyevin ətrafında birləşənlərin sayı sürətlə artırdı və hamı xilas yolunu Ulu Öndərimizdə görürdü.
Bu mübarizə, əslində, Azərbaycanın müstəqilliyi uğrunda idi. Azərbaycanın nicatı da yalnız Heydər Əliyevdə idi. O, millət üçün, dövlət üçün çalışırdı və bütün həyatını da, Özünün dediyi kimi, buna həsr etmişdi.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi strategiyasının əsasını, təməlini qoyan lider olub. Məhz bu siyasətin uğurlu nəticəsi olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdı. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının əsası qoyulub.
Aparılan məqsədyönlü iqtisadi siyasi nəticəsində Azərbaycan iqtisadi inkişafına görə, dünyada lider dövlətə çevrilib. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşması, yeni iş yerlərinin yaradılması, ölkədə geniş quruculuq-abadlıq işlərinin həyata keçirilməsi Ümummilli Liderimizin əsasını qoyduğu tərəqqi inkişaf siyasətinin bəhrəsidir. Bu siyasəti bu gün Onun ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətini qurması böyük zəhmət hesabına başa gəlib. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə baş alıb gedən xaos, anarxiya, şimalda "sadvalçı"ların, cənubda Əlikram Hümbətovun qondarma "Talış-Muğan Respublikası" yaratmağa səy göstərməsi Azərbaycanın parçalanacağından xəbər verirdi.
Amma xalqın son anda ümidini dahi oğlu Heydər Əliyevə bağlaması, Ona müraciət etməsi problemin daha da gərginləşməsinin qarşısını aldı. Ulu Öndər Bakıya gələrək, ölkənin və xalqın üzləşdiyi problemləri dərindən öyrəndi. Qısa zamanda, çətinliklər aradan qaldırıldı, dövlət müstəqilliyi möhkəmləndirildi. Həyatın bütün sahələrində inqilaba bərabər islahatlar həyata keçirildi.

- Ulu Öndər Heydər Əliyev Azərbaycan və dünya tarixinə necə həkk olunub?

- Heydər Əliyev o tarixi şəxslərdəndir ki, gərəkli, xeyirxah əməli ilə Azərbaycan xalqının qəlbində özünə əbədi iz qoyub. Nə qədər Azərbaycan dövləti var, dahi Öndərimiz Heydər Əliyevin də adı yaşayacaq. Onun haqqında kitablar yazılıb. Təbii ki, bundan sonra da haqqında araşdırmalar aparılacaq və yeni-yeni kitablar yazılacaq.
1993-cü ilin iyun ayında Ulu Öndər hakimiyyətə gələn zaman neft müqavilələrinin heç birinə qol çəkmədi. Düşündü ki, onları daha dərindən təhlil etmək lazımdır. O, ilk öncə, fikirləşirdi ki, Azərbaycan bu müqavilələrdən nə qazana bilər, onun payı konkret nədən ibarətdir. Heydər Əliyev 1994-cü ildə neft müqavilələri imzalayıb.
Beləliklə, Ümummilli Lider ölkəmizin neft kontraktlarındakı payını artırdı. Azərbaycanın iqtisadi potensialının qiymətləndirilməsi bacarığı, məhz Heydər Əliyevdə idi. O yaxşı bilirdi ki, ölkənin qurtuluşu iqtisadiyyatın inkişfından asılıdır.
Qeyd edim ki, Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin və "Səs" qəzetinin xüsusi rolu var idi. AXC-Müsavat hakimiyyəti artıq öz rəhbərliyini qorumaq üçün çalışırdı. Lakin onları xalq tez unutdu, Heydər Əliyev isə dünya tarixinə görkəmli şəxsiyyət kimi düşdü.
Bütövlükdə, bu hadisələrin hamısı bir tarixdir. Heydər Əliyev Azərbaycanın xilaskarıdır, bugünkü və gələcəkdə çiçəklənəcək ölkəmizin yaradıcısıdır. Biz Ulu Öndəri çox sevirik, O, vətənimiz üçün çox böyük işlər görüb.
Dünya azərbaycanlılarının bir lideri var idi- Heydər Əliyev. O, bütün dünya azərbaycanlılarına çatdırdı ki, sizin bir vətəniniz var- Azərbaycan.

Digər xəbərlər