PDF Oxu

Müsahibə

  • 13

Gürcüstan Azərbaycanlıları Milli Konqresi öz fəaliyyətini genişləndirir

Gürcüstan Azərbaycanlıları Milli Konqresi öz fəaliyyətini genişləndirir
-Əli müəllim, Gürcüstan Azərbaycanlıları Milli Konqresi nə vaxtdan fəaliyyət göstərir və hansı zərurətdən yaranıb, bu günə qədər nə kimi işlər görülüb ?
-İlk öncə mən "Səs" qəzetinə, onun rəhbərliyinə, kollektivinə öz minnətdarlığımı bildirirəm. Bizim fəaliyyətimiz "Səs" qəzeti vasitəsilə işıqlandırılıb. Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bəzi qəzetlərin əməkdaşları dəfələrlə Gürcüstanda olmalarına baxmayaraq, bizim işimizlə, fəaliyyətimizlə maraqlanmayıblar. Yalnız "Səs" qəzetinin 10 iyun 2009-cu il tarixli sayında Gürcüstan Azərbaycanlıları Milli Konqresinin fəaliyyəti haqqında geniş yazı verilmişdir. Bunula əlaqədar Azərbaycan Dispora Komitəsindən bizə zəng edib yazı ilə bağlı xoş fikirlərinin söylədilər. O ki qaldı sizin suallara, Gürcüstan Azərbaycanlıları Milli Konqresi 17 mart 2008-ci ildə yaranıb. Konqresin ətrafında 9 qeyri-hökumət təşkilatı və nüfuzlu ziyalılar birləşib. Bizim əsas işimiz, məqsədimiz gürcü cəmiyyətinə azərbaycanlıların inteqrasiyasını təşkil etmək, onların hüquqlarını müdafiə etmək, mədəniyyətimizi daha da inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi qorumaq, dilimizə, dinimizə sahib çıxmaqdır. Biz bütün bunlara sıfırdan başlamışıq.
- Burada yaşayan azərbaycanlılar üçün aktual olan problemlər hansılardır?
-Gürcüstanda yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri məhz işsizlik problemidir. Bu səbəblərdəndir ki, həmin insanların böyük əksəriyyəti iş üçün, çalışmaq, ailələrini dolandırmaq məqsədilə daha çox Azərbaycana üz tuturlar. Bundan başqa Rusiyaya, Türkiyəyə gedənlər də var. Bunların nəticəsidir ki, burada yaşayan azərbaycanlıların sayı azalmaqdadır. Konqresin xüsusi komitələri yaradılıb ki, onlar da bu məsələləri, problemləri araşdırır. Bizim əlimizdə olan statistik məlumatlara əsasən, deyə bilərəm ki, Sovet İmperiyası dövründə Gürcüstanda azərbaycanlıların təhsil aldığı orta məktəblərdə dərs deyən müəllimlərin, təhsil alan şagirdlərin sayı bu günlə müqayisədə 50-60 faiz azalıb. Əvvəllər 50 min şagirdi olan orta məktəblərdə indi 23 min uşaq var. Müəllimlərin sayı isə 8-9 mindən 2 minə enib. Azərbaycanlıların təhsil aldığı 246 orta məktəbdən yalnız 120 məktəb öz fəaliyyətini davam etdirir.
Bütün bunların qarşısını almaq üçün biz əlimizdən gələni edirik, müəyyən tədbirlər həyata keçiririk. Belə ki, bu problemlərin həlli istiqamətində Beynəlxaq Təşkilatlar qarşısında məsələlər qaldırmışıq. Bu işlərdə Azərbaycan dövləti, Milli Məclisin deputatları bizim problemlərlə yaxından maraqlanır, onların həll olunması üçün işlər görürlər. Çox təəssüf ki, bu problemləri Gürcüstan televiziyalarında, bir çox qəzetlərdə işıqlandırmaq mümkün deyil, daha dəqiqi desək, onların qapıları bizim üzümüzə həmişə bağlı olub. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan telejurnalistləri də bu sahədə köməkliklərini çox zaman bizdən əsirgəyirlər. Lakin bütün bunlara baxmayaraq bizim kifayət qədər gücümüz var. Vətəndaş cəmiyyəti yaratmaq bir-iki adamın işi deyil. Bunun üçün qarşıda bizi çox işlər gözləyir. Çox təəssüflər olsun ki, bəzi soydaşlarımız Konqres ətrafında birləşib problemlərin həll olunması üçün mübarizə aparmaq əvəzinə, sovet dövründəki kimi rayon rəhbərliyinə, qubernatorlara ümid bəsləyirlər. Onlar üçün rayon rəhbərliyi, qubernatorlar hər şey deməkdir. Bu cür insanlarda nə vətənpərvərlik, nə də azərbaycançılıq hissi olur.
-Siz keçən görüşümüzdə də, qeyd etdiniz ki, gürcü dilini bilməyən azərbaycanlıları dövlət idarələrində, təşkilatlarda işə götürmürlər. Bu problemin həlli istiqamətində hansı işlər görülür ?
- Jvaniya adına adminstrativ məktəbdə təhsil alan milli azlıqlar, xüsusən də, azərbaycanlılar prezident M.Saakaşvilinin verdiyi vədə əsasən dövlət qulluğunda çalışmalı idilər. Lakin vəziyyət azərbaycanlılar üçün tamam əksinə oldu. Bu da müxtəlif etiraz aksiyaları ilə nəticələndi. Bu aksiyalarda azərbaycanlılarla yanaşı, onlara dəstək məqsədilə gürcü ziyalıları da iştirak edirdilər. Gürcüstanda yaşayan azərbaycanlıların Milli Konqresinin əməkdaşları araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxarıblar. Müqayisə üçün deyək ki, Kvemokartlidə (azərbaycanlıların kompakt yaşadığı bölgə) dövlət vəzifələrində heç bir azərbaycanlı çalışmır, yalnız Samsxe-Cavaxetidə (ermənilərin yaşadığı bölgə) dövlət qurumlarında, xüsusən, rəhbər vəzifələrdə çalışanların böyük əksəriyyəti ermənilərdir. Misal üçün Ninocminda məhkəməsinin sədri, Axalkala rayon məhkəməsinin sədri, Axalsixe-Ninocminda rayon prokuroru, Adigeni rayon polis idarəsinin rəisi, Borjomi rayon polis idarəsinin rəisi erməni millətinin nümayəndələridir. Bu siyahını uzatmaq da olar. Ən pisi odur ki, Tbilisidə yerləşən Heydər Əliyev adına Azərbaycan Teatrının direktotu gürcü, erməni teatrının direktoru isə ermənidir. Bu hallar da bizim haqlı olaraq narazılığımıza səbəb olur. Azərbaycanlıların etirazlarından sonra Qaçağan polis idarəsinin rəisi azərbaycanlı oldu. Bu da hardasa bizim kiçik uğurumuzdur. Gələcəkdə bunların sayının çoxalacağına ümid edirik. Ümumiyyətlə gənc nəslə stimul vermək, onları hərtərəfli inkişafı üçün şərait yaratmaq lazımdır. Bu sahədə Azərbaycan Diaspora Komitəsi həmişə bizlərə dəstək olub, öz yardımlarını heç vaxt əsirgəməyib. Belə ki, hər il yüzdən artıq azərbaycanlı gənc Azərbaycanda səfərlərdə olur, onun görməli, tarixi yerlərini gəzirlər. Bundan başqa Azərbaycanda gedən ictimai-siyasi proseslərlə yaxından tanış olurlar. Öz üzərlərində daim böyük Azərbaycan dövlətinin qayğısını hiss edən gənclərimiz gələcəyə böyük ümidlərlə baxırlar. Bizlər də hər zaman göstərilən diqqətə, qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Bizlərə daim dəstək olan, yardımlarını əsirgəməyən Azərbaycan Diaspora Komitəsi, onun sədri Nazim İbrahimova öz təşəkkürümüzü bildiririk.
Gürcülərlə isə bizim heç bir problemimiz yoxdur. Həmişə dostluq, sülh şəraitində yaşamışıq. Artıq gürcülər də başa düşürlər ki, azərbaycanlılar onlarla daimi dostdur. Sadəcə olaraq, vaxtilə pasportlarında milliyyətlərini dəyişən, hazırda rəhbər vəzifələrdə çalışan erməni əsilli gürcülər bizim üçün müəyyən problemlər yaradırlar. Biz Konqres olaraq onların azərbaycanlılara qarşı ədalətsiz mövqeyinin qarşısını almaq, həmin insanları yerində oturtmaq üçün tədbirlər görürük. Ümid edirik ki, gələcəkdə bu cür insanlar tamamilə ifşa olunacaq, yüksək vəzifələrdən uzaqlaşdırılacaqlar. Çünki həmin maskalı insanlar, hətta Gürcüstanın parçalanması üçün də maraqlıdırlar. Bunu deməyə sarsılmaz, tarixi keçmişi olan gürcü-Azərbaycan dostluğu əsas verir.
-Əli müəllim, Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə separatizmi, qəsbkarlığı pisləsə də, onun Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistana səfərində dırnaqarası soyqırım qurbanlarının abidəsinin ziyarət etdi, önünə əklil qoydu. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən necə qarşılandı ?
- Bu M.Saakişvilinin şəxsi işidir. Bunun Gürcüstan ictimaiyyətinə aidiyyatı yoxdur və xalqın fikrini, iradəsini ifadə etmir. Hətta orada belə bir məsələ müzakirə olundu ki, Batum-Yerevan magistral yolu açılsın. Gürcüstanda keçirilən müxalifətin mitinqlərində isə bu məsələ kəskin pislənildi. Qeyd olundu ki, bu yolun açılmasına heç bir vəchlə razı olmarıq. Bu, Azərbaycanla münasibətlərə mənfi təsir göstərə bilər. Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşıdır. Çətin günlərdə Azərbaycan həmişə Gürcüstana dayaq, dəstək olub.
Gürcüstanda doğulan, hazırda Azərbaycanda yaşayan müxtəlif vəzifələrdə çalışan, bizneslə məşğul olan kifayət qədər soydaşımız var. Lakin onlar öz doğma yurdlarına gec-gec baş çəkirlər, burada yaşayan qohumlarına, yurddaşlarına az köməkliklər edirlər. Mən, eyni zamanda, fürsətdən istifadə edərək Gürcüstanda doğulub boya-başa çatan və hazırda Azərbaycanda yaşayan həmvətənlərimizə müraciətlə bildirmək istəyirəm ki, onlar mütləq öz yurd-yuvalarına tez-tez baş çəksinlər, lazım gəlsə, yardımlarını əsirgəməsinlər. Bu, təkcə mənim yox, Gürcüstanda yaşayan hər bir azərbaycanlının çağırışıdır.

Digər xəbərlər