“Bu günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq”
Müsahibimiz Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurasında "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadədir.
- Vüqar müəllim, Mətbuat Şurasında "reket" jurnalistikaya qarşı mübarizə Komissiyasının yaradılmasından bir il keçir. Komissiya özünü nə dərəcədə doğrultdu?
- Mətbuat Şurası 6 ildir ki, fəaliyyət göstərir. Cəmiyyətlə media arasındakı münasibətləri tənzimləyir. Bu auditoriya peşəkar mətbuatı qiymətləndirməklə yanaşı, jurnalistikamızın peşə dəyərlərinə yad münasibət bəsləyənlərdən təmizlənməsində israrlıdır. Amma haşiyə çıxım ki, komissiyamızın təşkili təşəbbüsü məhz həmkarlarımıza - ölkə jurnalistlərinin V qurultayının iştirakçılarına məxsusdur. Qurultayadək də Şura məsələni diqqətdə saxlayıb. Şikayət və müraciətlərin araşdırılması nəticəsində 20-dək nəşri "reket" elan edib. Sonuncu qurultayadək qeydiyyatdan keçən qəzet və jurnalların sayı 3000-i ötmüşdür. Hazırda bu rəqəm daha da artmışdır. Bu hal bir tərəfdən demokratiyanın göstəricisi olsa da, amma qeydiyyatdan keçən qəzet və jurnalların böyük əksəriyyəti də təəssüflər olsun ki, mətbu mühitə xüsusi maraqların təminatı üçün gəlir. Deməli, belələri ilə mübarizə də mövcud reallıqlara uyğun qurulmalıdır. İndi Şuranın tərtib etdiyi "qara siyahı"da yer alan "reket" nəşrlərin sayı 71-dir. Ölkə ictimaiyyəti mediadan, xüsusi buraxılışlardan onların kimliklərinə bəllidir. Çoxsaylı zənglər, məktublar, mətbu çıxışlar ümumi işimizin dəstəkləndiyini göstərir.
- Vüqar müəllim, bu kimi qəzet və jurnallar yerlərdə onlara münasibətdən narazılıq edir, nəşr və yayımla bağlı problemlərin yaranmasından gileylənir və bütün bunlarda Mətbuat Şurasını günahlandırırlar.
- Tamamilə əsassız fikirdir. Əvvəla, Şura hansısa nəşri "reket" adlandırmazdan əvvəl dəfələrlə rəhbərləri ilə söhbətlər aparıb, böhtan və təhqirlərin, tutduğu mövqedən sui-istifadənin və digər peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərin yolverilməzliyi barədə izahatlar verib, onları yanlış mövqedən çəkinməyə çağırıb. Təəssüf ki, belələri indinin özündə də hərəkətlərinin məsuliyyətini dərk etmək niyyətində deyillər. Bu nəşrlərin siyahısı ölkənin demək olar, əksər iş yerlərində, o cümlədən yayım firmalarında və nəşriyyatlarda var. İctimaiyyət klassiklərimizdən bu günə kimi yaradılan mətbu dəyərlərimizə hörmətlə yanaşanlara daim sayğılıdır.
- Mətbuat Şurası "reket" nəşrlərin yeni siyahısını nə vaxt açıqlayacaq?
- Komissiyamız hazırda araşdırmalarını başa çatdırmaq ərəfəsindədir. "Reket" qəzetlərin siyahısı "Azərbaycan" Nəşriyyatında xüsusi tərtibatda 5 min nüsxə olmaqla çap edilib və sənədin paytaxtda, eləcə də ölkənin bütün bölgələrində yayılması təmin olunub. Qeyd etdiyim kimi, Şuraya daxil olan məlumatlarda bu səpkili tədbirlərin ictimaiyyət tərəfindən dəstəkləndiyi və mediamızın tənzimlənməsində mühüm rol oynadığı göstərilir. Hazırda siyahıda peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verən, etik prinsiplərə sayğısız yanaşan nəşrlər sırasına əlavələr olacaq. Bunu elə bu ay etməyi planlaşdırırıq. Əvvəlki 71 nəşrin adı da siyahıda yer alacaq. Bu, məsələni daim diqqətdə saxlamaq zərurətindən irəli gəlir.
Onu da deyim ki, son siyahının açıqlanmasından sonra ictimaiyyətlə əlaqələrimiz bir qədər də mütəhərrikləşib. Hər gün azı 7-8 müraciətlə əlaqədar araşdırmalar aparmaq lazım gəlir. Hələlik yekun qərar olmadan konkret hansısa nəşrin adını açıqlamırıq. Ümumiyyətlə, bu işlərin həyata keçirilməsində ictimaiyyət nümayəndələri bizə daim dəstək olur. Bu da bizim fəaliyyətimizin düzgün istiqamətdə inkişafından xəbər verir. Proses ictimai dəstək olmadan uğurla yekunlaşa bilməz. Bölgələrdən, təkcə Gəncə və Sumqayıtdan təxminən 70-ə yaxın kütləvi informasiya vasitəsi ilə bağlı şikayət xarakterli informasiyalar daxil olub. Hazırda araşdırmalar gedir. Müxtəlif yayım firmalarına və nəşriyyatlara da tövsiyələrimizi vermişik. Təqdirəlayiq haldır ki, çağırışımıza müsbət yanaşılır. Bu baxımdan "Azərbaycan" Nəşriyatının fəaliyyətini yüksək qiymətləndiririk. Ümid edirik ki, digər qurumlar da "reket" nəşrlərlə əməkdaşlıqdan uzaq durmaqla mediamızın mütərəqqi ənənələrinə hörmətlərini göstərəcəklər.