İqtisadçı ekspet Aydın Hüseynovun "Səs" qəzetinə müsahibəsi
- Aydın müəllim, maliyyə böhranı ilə əlaqədar olaraq qiymətlər müəyyən dərəcədə aşağı düşmüşdü. İndiki mərhələdə qiymətlərdə artımın müşahidə olunması inflyasiyanın yaranmasına gətirib çıxara bilər?
- Dünyada maliyyə böhranı baş verən andan Azərbaycanın iqtisadi potensialını təhlil edən ekspertlər belə yekdil qərara gəldilər ki, bu böhranın Azərbaycana ciddi təsiri olmayacaq. Böhranın yarandığı dövlətlərdə bunun başvermə səbəbləri məlum idi. Azərbaycanda isə o səbəbləri doğuracaq amillər yox idi. Əksər ölkələrdə bu böhranın baş verməsi maliyyə-kredit və bank sahəsində əsaslandırılmamış fəaliyyətin nəticəsidir. Ancaq ölkəmizdə iqtisadi sistem çox güclü elmi əsaslara və elmi proqnozlara, düzgün müəyyən edilmiş metodikaya söykənir.
Azərbaycanda islahatlar əsaslı şəkildə həyata keçirilir. Bu isə müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt idi. Yəni, ulu öndərimiz ölkəyə rəhbərlik etdiyi dövrdə idarəçiliyin bir prinsipini hər zaman ön plana çəkirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Müstəqil Azərbaycan dövlətində aparılan iqtisadi islahatlar hərtərəfli şəkildə öyrənilmiş və inkişafımıza təkan verəcək bütün amillər nəzərə alınmışdır. Eyni zamanda, respublikanın daxili resursları, iqtisadi potensialı nəzərə alınaraq bu işlər həyata keçirilmişdir. Aparılan islahatların ən böyüyü ondan ibarət idi ki, iqtisadi islahatların aparılması üçün qanunvericilik sahəsində möhkəm baza yaradıldı. Bu baxımdan, Azərbaycandakı islahatlar hər hansı bir ölkənin modelini kortəbii şəkildə deyil, özünün spesifikliyini və yerli xüsusiyyətlərini nəzərə alaraq reallaşdırılırdı. Bu islahatlar da öz uğurlu nəticələrini verir.
Qeyd edim ki, Azərbaycanda qiymətlərin müəyyən dərəcədə aşağı düşməsi maliyyə böhranı ilə deyil, psixoloji amillə bağlı idi. Qiymətlərin aşağı düşməsi, eləcə də, indiki məqamda müəyyən bahalaşmanın müşahidə olunması o qədər də nəzərəçarpacaq dərəcədə deyil. Bu amillərin maliyyə böhranının elementləri ilə heç bir əlaqəsi yoxdur. Bir məqama da diqqət yetirməliyik ki, dünya bazarında neftin qiyməti bir qədər aşağı düşmüşdü, indi isə artım var. Bunun da məsələyə bu və ya digər formada təsiri var. Fikir versək, görərik ki, bu istehsalat sahələrində özünü büruzə verməmişdi. Sadəcə olaraq, kənd təsərrüfatı sahələrində müəyyən qədər hiss olunurdu.
İnflyasiyanın yeganə meyyarı manatın digər valyutalara, xüsusilə, dollara nisbətində özünü göstərir. Manatın dollara nisbətində o qədər də fərq yoxdur. Ona görə, bu gün Azərbaycanda inflyasiyanın olmasından söhbət gedə bilməz. Ümumilikdə isə, birrəqəmli inflyasiya hələ inflyasiya həddi demək deyil. Bu, iqtisadiyyatın diqtə etdiyi bir prosesdir. Hər il birrəqəmli inflyasiyanın olması mümkündür. Hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatına xas olan bir xüsusiyyətdir. Bir sözlə, birrəqəmli inflyasiya iqtisadi proseslərin tərkib hissəsidir.
- Bəzi iqtisadçıların fikrincə, inflyasiyanın artmasına yol verməmək, eləcə də, tikinti sektorunda müşahidə olunan durğunluğu aradan qaldırmaq üçün sosial ipotekaların verilməsinə ehtiyac var. Sizcə, belə bir zərurət varmı?
- İpotekaların müəyyən şəkildə tətbiqi və verilməsi lazımlıdır. Əslində, Amerikanın iqtisadiyyatına ən böyük zərbəni ipoteka kreditləri verdi. İpoteka kreditlərinə ehtiyac var və onun verilməsi labüddür. Bununla yanaşı, o tam nəzarət altında və düzgün proqnozlaşdırılmış şəkildə həyata keçirilməlidir. İqtisadi proseslərə müsbət təkan verəcək.
- 2009-cü ildə Azərbaycana qoyulan xarici investisiyaların artacağı proqnozlaşdırılırdı. Sizcə, dünyada hökm sürən maliyyə böhranı məsələyə problem yarada bilərmi?
- Artıq Azərbaycana xaricdən gətirilən investisiyalar getdikcə azalır. Çünki Azərbaycanda yerli sahibkarların, iş adamlarının investisiya qoyma imkanları genişlənir. Yəni, xarici investisiyaların sayının azalması maliyyə böhranı ilə deyil, sırf bu məqsədlə azalır. Öz ölkəmizdə müşahidə etməsək də, inkişaf etmiş ölkələrdə çox ciddi iqtisadi böhran yaşanır. Ona görə də, təkcə Azərbaycana deyil, digər ölkələrə də investisiya qoyuluşu artıq azalır.
- Bu il ümumi daxili məhsulun (ÜDM) yüksək templə artacağı müəyyənləşdirilmişdi. Hazırkı mərhələdə isə bəzi iqtisadçı kspertlər ÜDM-nin 2007-ci iillə eyni müqayisədə olduğunu söyləyirlər. Bu durğunluğu nə ilə izah etmək olar?
- Əvvəlcə, ümumi daxili məhsulun mahiyyətinə nəzər salaq. ÜDM bir il ərzində görülən işlərin mövcud bazar qiyməti ilə ifadəsi deməkdir. Məsələn, 2007-ci il üçün nəzərdə tutulan layihələr artıq həyata keçirilib. Ona görə görülən xidmətlər ÜMD-də özünü göstərirdi. Modul tipli elektrik stansiyaları, yollar, körpülər tikildi, bir sıra istehsalat müəssisələri açıldı və s. Bunların hamısı reallaşması gözlənilən işlər idi. 2009-cu ildə isə nəzərdə tutulan iqtisadi layihələrin əksəriyyəti başa çatdığı üçün görüləcək işlər də azdır. Bu da ötən illərin ÜDM-i ilə müqayisəsində özünü göstərməlidir. Eyni zamanda, bizim həmin vəsaitimiz rezerv kimi durur. Əgər həmin vəsaiti görülən işlər üçün müəyyən sektorlara yönəldirdiksə, indi isə bunlar valyuta ehtiyatı formasında saxlanılır.
- Dollara olan tələbatın artması manatın sıxışdırılmasına səbəb ola bilər?
- Qiymətli kağızlar bazarının öz xüsusiyyətləri var. Bizim dollar, manat və s. kimi ifadə etdiyimiz bu qiymətli kağızlar bazarda əmtəə kimi çıxış edir. Hər hansı əmtəəyə tələbat artırsa, onun qiymətində fərq olmalıdır. Əlbəttə, dollara tələbat artarsa, manata öz təsirini göstərəcək. Əvvəla, manatla dollar arasında fərq çox cüzidir. Əgər müəyyən fərq müşahidə olunarsa da, bu kəskin həddə çata bilməz. Çünki Azərbaycanın yerli bank sektoruna olan inam çox yüksəkdir. Digər tərəfdən, yerli sahibkarlar, investorlar artıq Azərbaycanda sərmayə qoyurlar. Bununla yanaşı, ölkəmiz də digər xarici dövlətlərdə sərmayələr qoyur. Deməli, Azərbaycanın başqa yerlərdə sərmayə qoyması, artıq manatı təmsil etmək deməkdir. Bu baxımdan, əminliklə, demək olar ki, Azərbaycanda dollara tələbat o qədər yüksək deyil.
- Bir müddət öncə Mərkəzi Bank manatın dövriliyinin təmin edilməsi üçün 300 milyon manat vəsait xərcləyib. Bəs, gələcəkdə bu prosesin baş verməməsi üçün hansı tədbirlər görülməlidir?
- Bu proses qəti şəkildə baş verə bilməz. Çünki dövlət büdcəmizdə olan məbləğ qədər bizim rezervimiz, yəni manat ehtiyatımız var. Artıq istehsal sahələrimiz, o cümlədən, sahibkarlarımız manatla gəlir gətirir. Manatın öz alıcılıq qabiliyyətini itirməsi və sıxışdırılıb çıxarılması halları baş verə bilməz. Eyni zamanda, Azərbaycan dövləti bununla mütəmadi olaraq məşğul olur. Görülən işlərlə yanaşı, hər bir manatın arxasında qızıl ehtiyatlarımız, təbii resurslarımız var. Bu baxımdan, bu prosesin baş verməsi mümkün deyil.
- Yeri gəlmişkən, indiki məqamda Azərbaycanın ÜTT-yə daxil olmasını tələsik addım kimi qiymətləndirirlər. Sizcə, quruma qoşulmağımız hansı müsbət nəticəyə gətirib çıxarar?
- Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasının heç bir mənfi təsiri yoxdur. Həm də beynəlxalq təşkilatlara üzv olan zaman müəyyən şərtlər qəbul olunmalıdır. Əgər həmin təşkilatın şərtləri bizi qane edirsə, o zaman həmin təşkilata üzv olmağımıza dəyər. Əks təqdirdə, həmin təşkilata üzv olmağa can atmaq lazım deyil. İndiki halda Azərbaycanın üzv olduğu Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. bir sıra beynəlxalq təşkilatlar var. Konkret olaraq həmin təşkilatlar Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsi üçün maddi yardımlar ayırır. Həmin beynəlxalq təşkilatların fəaliyyət istiqamətində müəyyən korrektələrə ehtiyac var. Çünki Azərbaycan 10 il bundan öncəki Azərbaycan deyil. 10 il bundan qabaq ölkəmizin həmin beynəlxalq təşkilatlara qəbulu zamanı müəyyən diqtələr ola bilərdi. İndi isə, Azərbaycan həmin təşkilatlara üzv olarkən, onun şərtləri mütləq nəzərə alınmalıdır.
- Bəzi beynəlxalq maliyyə qurumları Azərbaycanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlər sırasında olduğunu bildirir. Bunu ölkəmizlə aparılan düzgün iqtisadi siyasətin bəhrəsi hesab etmək olar?
- Birbaşa əlaqədardır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hər il ona üzv olan ölkələrin makroiqtisadi göstəricilərini təhlil edir. Bunun nəticəsi olaraq, Azərbaycandakı iqtisadi vəziyyət yüksək qiymətləndirilir. Bu nəticələrin əsasında Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət durur. Azərbaycan iqtisadi artıq tempinə görə dünyada liderdir. Ulu öndər Heydər Əliyev idarəçiliyində iqtisadiyyatın güclü olmasını həmişə ön plana çəkib. Prezident cənab İlham Əliyev isə iqtisadiyyatı beynəlxalq iqtisadiyyat kontekstində dərin təhlil etməyi, idarə etməyi, istiqamətləndirməyi, proqnozlaşdırmağı bacarır. Bu, dövlət başçısının şəxsi keyfiyyətlərindən irəli gələn məsələdir. Onun iqtisadiyyat sahəsində biliyi, təcrübəsi çox yüksək səviyyədədir. Ona görə də, Azərbaycan bu müsbət nəticələri əldə edə bilir.