Son zamanlar Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın bir dövlət kimi nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi. Regionda baş verən istənilən bir prosesin ölkəmizin mövqeyi və razılığı olmadan reallaşmasının qeyri-mümkünlüyü artıq üzə çıxdı. Doğrudur, regionda olan ölkələr Azərbaycanın güclənən nüfuzunu bir qədər qulaqardına vursalar da, amma həlledici məqamda bununla razılaşmağa məcbur olurlar.
Buna əyani misal olaraq, qonşu Gürcüstan və Türkiyədə baş verənlərlə yanaşı, Rusiyanın da Azərbaycanı bir güc mərkəzi olaraq qəbul etməsini göstərmək olar. Çünki torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən işğal edilmiş bir ölkənin, bu qədər güclü mövqe əldə etməsi region dövlətləri üçün də təəccüb doğuran məsələlərdən idi. Son anda isə hər kəs Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin və xalqımızın milli mənafeyi naminə atdığı addımların şahidi olaraq, öz mövqeyindən çəkilməli oldu. Eyni zamanda, Azərbaycanla dostluq və qardaşlıq münasibətləri olan Türkiyə Cümhuriyyəti də Avropa İttifaqının və ABŞ-ın diqtəsi ilə regionda bir qədər fərqli siyasi kursu tutmağa çalışsa da, bu prinsipdə Azərbaycanın mövqeyini nəzərə almadan irəliləməyin mümkünsüzlüyünü, nəhayət ki, dərk etdi.
Bu yaxınlarda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə və digər rəsmi dövlət məmurları ilə keçirdiyi görüşlər, bəyanatlar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm prinsiplər üzərində davam edəcəyini göstərdi. Türkiyə Baş nazirinin ölkəmizə səfəri ziyalıların, ictimai-siyasi xadimlərin və politoloqların da nəzər-diqqətindədir.
Bizimlə həmsöhbət olan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da, regionda baş verənlərə nəzər salaraq, artıq Cənubi Qafqazda bir güclü Azərbaycan amilinin digər qonşu dövlətlər üçün də inkarolunmaz olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizlə istənilən bir formada münasibət qurmağa çalışan dövlətlər, hər hansı bir prinsip olursa-olsun, Azərbaycanın milli maraqlarını tanımalı və ona hörmətlə yanaşmalıdır.
- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərindən sonra hər iki ölkə arasındakı münasibətləri necə qiymətləndirmək olar?
- Bu səfəri müsbət qiymətləndirirəm. Türkiyənin Baş naziri R.T.Ərdoğanın böyük bir heyətlə Azərbaycana səfəri və ölkə Prezidenti ilə keçirdiyi görüşlər, eləcə də, Milli Məclisdəki çıxışı Türkiyə və Azərbaycan arasındakı münsibətlərə yenidən aydınlıq gətirmiş oldu. Azərbaycanın artan nüfuzu və regiondakı liderliyi artıq təkcə R.T.Ərdoğan hakimiyyəti üçün deyil, eyni zamanda, onu bu işə təhrik edən Avropa Birliyi, ABŞ-ın rəsmi administrasiyası üçün də bəlli oldu. Onlar başa düşdülər ki, vəziyyət heç də onların düşündüyü kimi deyil. Həmçinin, o da məlum oldu ki, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqının milli maraqlarını, Azərbaycan dövlətinin maraqlarını qorumağa qadirdir və burada hər hansı bir güzəştdən söhbət gedə bilməz. Bu, birmənalı şəkildə hər kəsə bəli oldu. Düşünürəm ki, hər kəs bundan özü üçün nəticə çıxaracaqdır. Bundan sonra Qafqazda münasibətlərin qurulması, ancaq və ancaq Ermənistanın təcavüzə son qoymasından keçir. Ermənistan təcavüzə son qoymadan Qafqazda hər hansı bir sülhdən söhbət gedə bilməz.
- Ümumiyyətlə, bütün bu baş verənlər regionda güclü Azərbaycan amilinin olmasını söyləməyə əsas verir?
- Əlbəttə, Azərbaycan bu gün Cənubi Qafqazda lider dövlətdir. Azərbaycanın mövqeyi regionda getdikcə daha da güclənir. Bu gün Azərbaycan regionda kifayət qədər güclü mövqeyi olan dövlət kimi hər kəs tərəfindən qəbul edilir. Azərbaycanın razılığı olmadan, onun rəyi olmadan Cənubi Qafqazda bu və ya digər məsələnin həlli mümkün deyil. Ona görə də, xüsusi olaraq Cənubi Qafqaz respublikaları ilə bağlı, bu və ya digər layihələrin həyata keçirilməsində Azərbaycan dövləti ilə hesablaşmaq lazımdır. Elə bu səbəbdən digər dövlətlər Azərbaycanın mövcud mövqeyi ilə razılaşmaq məcburiyyətindədir.
- Bu gün Qafqazda, xüsusilə, Gürcüstan və Ermənistanda baş verən prosesləri necə dəyərləndirmək olar?
- Qafqazda hazırda qeyri-müəyyən vəziyyət olduğuna görə, hələlik, gözləmə mövqeyi tutmaq vacibdir. Çünki Azərbaycan-Ermənistan prezidentlərinin Praqa görüşü də bir nəticə vermədi. Fərqli bəyanatlar meydana çıxdı. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan çaşqın vəziyyətdədir, nə edəcəyini bilmir. Digər tərəfdən, münaqişənin həlli ilə bağlı konkret addım atılmasına ehtiyac duyulduqda, Ermənistan özünəməxsus şəkildə hiyləgərliyindən istifadə edir. Beləliklə, problemin həllində konstruktiv mövqe nümayiş etdirmir. Ona görə də, bizim üçün bir çox məsələlərin həlli cari ilin iyun ayında Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilməsi gözlənilən Azərbaycan -Ermənistan prezidentlərinin görüşündən asılıdır.
- Praqa görüşündə prezidentlərin müəyyən qədər pozitiv məqamlara toxunduqları bildirilir. Sizin qənaətinizcə, bu görüşün münaqişənin həllində rolu nə dərəcədədir?
- Qeyd edim ki, bu görüşlə bağlı heç bir pozitiv məqam müşahidə etmək olmur. Bununla bağlı Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov kifayət qədər aydın açıqlamalar verib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əsaslı olmayan, həqiqətə söykənməyən bəyanatlarını ifşa etdi və bəlli oldu ki, bu görüşdə heç bir ciddi irəliləyiş əldə olunmayıb.