PDF Oxu

Müsahibə

  • 8

Azərbaycan manatı dünyada ən dayanıqlı valyutadır

Azərbaycan manatı dünyada ən dayanıqlı valyutadır

Hazırda manatın möhkəmlənməsi elə bir mərhələyə çatıb ki, Avropa Birliyi ölkələrinin vahid valyutası olan avro ilə, faktiki olaraq, eyni məzənnəni təşkil edir. Artıq avronun rəsmi məzənnəsi milli valyuta ilə paritet həddə yaxınlaşıb. Avronun rəsmi məzənnəsi 1,0093 man-a bərabərdir.
Bu isə əhalinin həm depozitlərində, həm də nağd valyuta alışında avrodan daha çox manata "üz tutmasına" səbəb olub. Avropa valyutasının ucuzlaşması əhalinin öz vəsaitlərini manatla bərabər dollara da yerləşdirməsinə üstünlük verdiyini göstərir. Bunun nəticəsidir ki, ötən illə müqayisdə dollarla aparılan ticarət əməliyyatlarının həcmi 36,2 faiz artıb. Eləcə də, manatın dövriyyəsi yüksəlib. Ən əsası isə bundan ibarətdir ki, vətəndaşlar banklara pul qoyarkən əvvəllər dollar və ya avroya üstünlük verirdilərsə, hazırda manatın kütləsi daha böyük yer tutur. Məsələn, ilin əvvəllərindən banklara qoyulan əmanətlərin manatdakı çəkisi iki dəfə artıb. Ümumiyyətlə, son iki ildə banklarda yerləşdirilmiş depozitin böyük bir hissəsi manat kütləsindən ibarətdir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycan manatına dollar tərəfindən təzyiq var:
- Milli Bankın məlumatına görə, məhz Azərbaycan manatının stabil saxlanması üçün bank yanvar, fevral aylarında 300 mln dol həcmində vəsaiti dövriyyəyə buraxıb. Rusiya Milli Bankının rəsmi məlumatına görə, Azərbaycan manatı MDB-nin ən dönəmli valyutalarından biridir. Azərbaycan manatının stabil qalmasının əsas səbəbi ondan ibarətdir ki, Milli Bank Azərbaycan manatının stabil qalması üçün kifayət qədər rezervə malikdir. Güman edilir ki, qlobal maliyyə böhranı, eyni zamanda, neftin qiymətinin dünya bazarında qalxması davam edirsə, bu, Azərbaycan manatının deformasiya edilməsinə gətirib çıxara bilməyəcək. Manatın stabilliyi birbaşa iqtisadiyyatdakı vəziyyətdən asılıdır. Qlobal maliyyə böhranı dövründə dövlətin öz milli valyutasını stabil saxlaması üçün kifayət qədər maliyyə imkanları varsa, eyni zamanda, iqtisadi artım bu deformasiyanın qarşısını almağa imkan verirsə, milli vayutanı stabil saxlamaq mümkündür. Azərbaycanda sevindirici haldır ki, Milli Bank manatın deformasiyasını gündəmə gətirmir. Güman olunur ki, Milli Bank bütövlükdə yaxın aylarda manatın deformasiyası ilə bağlı qərar verəcək. Bu gün manatın stabil qalması üçün həm də iqtisadi əsaslar olmalıdır. Bu, əsasən, hökumətə imkan verir ki, manatı stabil saxlasın. Rusiya, Qazaxıstan və Ermənistandakı vəziyyəti müqayisə etsək, həmin ölkələrin valyutasında deformasiyasının inkişafı çox ciddi problemlərdir.

- Dünyada hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycana bir o qədər təsir göstərmədi. Sizcə, bunun kökündə hansı amillər durur?

- Qlobal maliyyə böhranı qlobal xarakter daşıyır. Müxtəlif ölkələrə müxtəlif təsir göstərir. Elə ölkələr var ki, qlobal maliyyə böhranı həmin ölkələrə daha çox təsirini göstərir. Məsələn, Rusiya, Qazaxıstan və bir sıra ölkələrin qlobal maliyyə böhranına təsiri zəifdir. Güman olunur ki, qlobal maliyyə böhranı MDB ölkələrində ən az təsir göstərdiyi ölkələrdən biri Azərbaycan və Gürcüstandır. Onlar qlobal maliyyə böhranının təsirlərinə az məruz qalıb. Qazaxıstanın antiböhran proqramının hazırlanmasına cəlb olunan ekspertlərdən biri kimi, deyə bilərəm ki, adıçəkilən ölkənin iqtisadiyyatında qlobal maliyyə böhranından sonra çox ciddi problemlər yaşanır. Bu, məhz dövlət gəlirlərinin kəskin azalmasında, eyni zamanda, bir sıra sektorlarda, o cümlədən, tikinti, istehsal və sənaye sektorlarında durğunluğun və böhranın müşahidə edilməsində öz əksini tapır. Məhz bunun nəticəsində Qazaxıstanda əhalinin gəlirlərinin kəskin azalması fonunda, eyni zamanda, iş yerlərinin azaldılması müşahidə olunur. Bu baxımdan, bu gün Qazaxıstanda antiböhran proqramının hazırlanmasına baxmayaraq, yaxın zamanlarda iqtisadi artımı və inkişafı bərpa etmək mümkünsüz görünür. Azərbaycan qlobal maliyyə böhranının az təsirinə malik olan ölkələrdəndir. Baxmayaraq ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərib, ölkə başçısı yanvarın 16-da 2008-ci ilin iqtisadi və sosial yekunlara həsr olunmuş müşavirədə bildirdi ki, qlobal maliyyə böhranı xarici amil kimi Azərbaycan iqtisadiyyatına təsir göstərib. 2009-cu ildən Azərbaycan hökumətinin, bütövlükdə, dövlətin əsas vəzifəsi, məhz qlobal maliyyə böhranının Azərbaycana təsirindən azaltmaq üzərində olmalıdır.

- Bəzi ərzaq, sənaye, sement məhsullarının qiymətləri aşağı salınıb. Bəzi ekpertlərin gəldiyi qənaətə görə, qiymətlərin aşağı salınması ölkədə inflyasiyanın yaranmasına gətirib çıxaracaq. Bəs siz necə fikirləşirsiniz?

- Azərbaycanda məhsulların qiymətlərinin aşağı salınması, o cümlədən, sənaye məhsullarının, tikinti materiallarının qiymətinin aşağı düşməsi, güman etmirəm ki, inflyasiya yaradan amillərin güclənməsinə səbəb olacaq və bütövlükdə, ölkədə inflyasiya yaranacaq. Əvvəla, 2009-cu ilin Azərbaycan iqtisadiyyatının inflyasiya problemi yoxdur. 2008-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatında illik inflyasiya səviyyəsi 18 faizə yaxın idi. 2009-cu ildə illik inflyasiya faizi birrəqəmli olacaq, yəni, 10 faizdən aşağı olacaq. Praktiki olaraq, indiki halda Azərbaycan iqtisadiyyatında inflyasiyanın yaranma ehtimalları yoxdur. Nəzərə almaq lazımdır ki, bir sıra əhalinin alıcılıq qabiliyyətinin artmasına və ya tələbin yüksəlməsinə ünvanlanan dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən, may ayından ipoteka sisteminin bərpa ediləcək. Dövlət başçısının tapşırığı ilə dövlət rezervlərinin bir qisminin Azərbaycana gətirilməsi və onun real sektora yönəldilməsi güman olunur. Proqnozlaşdırılır ki, əhalinin alıcılıq qabiliyyətində artım olacaq. Bütövlükdə, qiymətlərin azalması fonunda əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi sosial baxımdan ədalətli və qəbulediləndir. Bu baxımdan, 2009-cu ildə Azərbaycanda inflyasiya probleminin olması proqnozlaşdırılır. Amma güman edilmir ki, Azərbaycan iqtisadiyyatı başqa ölkələrlə müqayisədə ciddi inflyasiya ilə üzləşsin.

- Bəzi iqtisadçılar iddia edir ki, Azərbaycanda neft və neft məhsullarının qiymətinin aşağı salınması, ölkəni iqtisadi maliyyə böhranından daha yararsız çıxmasına şərait yarada bilər...

- Ümumiyyətlə, neftin dünya bazarında aşağı düşməsi neftin qiymətinin aşağı salınmasına gətirib çıxarır. Bütövlükdə, qiymətlərin aşağı salınması vacibdir. Güman edirəm ki, bu gün mavi qazın qiymətinin aşağı salınmasına ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, mavi qaz MDB ölkələri arasında Azərbaycanda əhaliyə aşağı qiymətə satılır. Ancaq Azərbaycanda benzinin qiymətinin aşağı salınması mümkündür. O vaxt mümkündür ki, neftin qiymətinin aşağı düşməsi benzinin aşağı salınmasına imkan verir. Benzinin qiymətinin aşağı salınmasının hansı müsbət amilləri var? Ən birinci müsbət amil ondan ibarət ola bilər ki, benzinin qiymətinin aşağı düşməsi benzin istehlakını artıra bilər və qiymət aşağı düşməsi nəticəsində yaranan ziyanı kompensasiya etmək mümkündür. İkincisi, benzinin qiymətinin aşağı düşməsi istehsal olunan bir sıra sənaye məhsulların qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Təbii ki, üçüncü ən əsas məqsəd benzinin aşağı düşməsi nəticəsində aqrar sektorda yaranan xərclər aşağa salınacaq. Güman edilir ki, qlobal maliyyə böhranı davam edərsə, eyni zamanda, neftin dünya bazarında qiymətində artım müşahidə olunarsa, hökumətin benzinin aşağı salınması məsələsinə baxması mümkündür. Hər halda, antiböhran proqramı hazırlanıb. Həmin proqramda bütün məsələlər, o cümlədən, benzinin qiymətinin aşağı salınması nəticəsində iqtisadiyyata edə biləcək müsbət və eyni zamanda, mənfi təsirləri özündə əks etdirəcək.

Digər xəbərlər