Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Çıxışı zamanı 2009-cu ili Azərbaycan iqtisadiyyatının yeni inkişaf dövrünün başlaması ili kimi xarakterizə edən dövlət başçısı, bildirib ki, bütün çətinliklərə, xüsusilə, dünyada yaşanan böhrana baxmayaraq, qarşıya qoyulan bütün vəzifələr, tapşırıqlar növbəti aylarda və illərdə də uğurla yerinə yetiriləcək. Dövlət başçısı çıxışı zamanı, həmçinin, ailə-uşaq problemlərinin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət daşıdığını önə çəkərək, qeyd edib ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar olunması üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Bəs görəsən, ölkə parlamentariləri məlum müşavirədə səslənən fikir və mülahizələr, qarşıya qoyulan vəzifələr, xüsusilə də, ailə-uşaq məsələləri barədə nə fikirdədirlər? Bununla bağlı, suallarımızı cavablandırmaq məqsədilə parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik:
- Əvvəla, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının özü sübut etdi ki, Azərbaycan dünyada yaşanan böhrandan yayınan ölkələrdəndir. İkincisi, dövlət başçısının bu ilin ilk üç ayına vurduğu yekun bir daha onu göstərdi ki, Azərbaycanın, bütün gərgin proseslərə baxmayaraq, sosial siyasətə ayırdığı vəsaitlər, bütövlükdə sosial proqramlar qüvvədə qalır, onlar növbəti illərdə və mərhələlərdə də ardıcıl olaraq həyata keçiriləcək. Bu ilin ilk üç ayının yekununa həsr olunmuş iclas, eyni zamanda, onun əyani sübutu oldu ki, prezidentimizin təbirincə desək, sosial müdafiə, sosial məsələlərin həlli birbaşa ölkənin prioritet məsələlərindən və istiqamətlərindən olaraq qalmaqdadır. Hesab edirəm ki, bunlar da olduqca vacib və əhəmiyyətli məqamlardır. Yeri gəlmişkən, xatırlayırsınızsa, mən bir neçə dəfə bildirmişdim ki, sosial maraqların aqreqasiyası deyilən bir siyasi texnologiya var və bu sosial maraqların aqreqasiyası prinsipi ilə yeni-yeni işlər həyata keçirilməlidir. Özünüz də görürsünüz ki, artıq bu tezisin əsasında xeyli işlər görülüb və görülməkdədir. Məsələn, infrastrukturun möhkəmlənməsi, regionların inkişafı, sahibkarlığın, orta və xırda biznesin genişlənməsi, yeni-yeni iş yerlərinin açılması buna əyani sübutdur. Bu baxımdan, bir daha əvvələ qayıdaraq bildirmək istəyirəm ki, dövlət başçısının son çıxışında daha çox ailənin cəmiyyətdə prioritet olması, ailə bünövrəsi üzərində bütün siyasi sistemin, bütün münasibətlərin qurulması tövsiyəsi öz əksini tapdı ki, bunlar da çox vacib məqamlardır.
- Hadi müəllim, ailə institutundan, ailə məsələsindən söhbət düşmüşkən, bir məsələni dəqiqləşdirmək istərdik ki, bu istiqamətdə tendensiya, doğrudanmı, ürəkaçandır, qənaətbəxşdir?
- Bilirsiniz, onu birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda dərk edib, nigaha girənlərin sayı çoxluq təşkil etməkdədir. Yəni, qeyri-ciddi, nigaha girənlərin sayı günü-gündən azalmaqdadır. Bu gün Azərbaycanda nigaha girənlərin - məsələn, son bir il, il yarımın göstəricilərinə əsasən, nigaha girənlərin sayı haradasa 83 min nəfər olub - orta yaş həddi kişilər üçün təxminən 27,4, qadınlar üçün isə 23,3 yaş təşkil edib.
Bu, onu göstərir ki, artıq ailənin məsuliyyəti, onun nə demək olduğu nigaha girənlərimiz, ailə quranlarımız tərəfindən daha dərindən dərk olunur. Bu, eyni zamanda, ondan xəbər verir ki, nigah, ailə çox məsuliyyətli məsələdir və ailənin sosial müdafiəsi yenə də gücləndirilməlidir. Bundan başqa, bir məqama da diqqət çəkmək istərdim. Son statistikaya əsasən, nigaha girənlərin 83 minindən təxminən 5 mini 18 yaşa qədər olan gənclərimiz, qızlarımızdır. Bu, əlbəttə, ilk baxışdan o qədər də təəccüblü gəlmir. Daha doğrusu, bu göstərici, bu rəqəm böyük görünmür. Amma bununla belə, bunun özü çox düşündürücü bir məsələdir. Biz fikirləşirik ki, bununla bağlı yenidən Ailə Məcəlləsinə qayıtmaq və ona müəyyən düzəlişlər etmək vaxtıdır. Yəni, nigaha girən qızlar üçün erkən nigah yaş həddini 18 yaşa qaldırmağı nəzərdə tuturuq. Onu da məlumat üçün qeyd edim ki, bu gün nigaha girənlər arasında 18 - 24 yaş həddində olanlar əsas təşkil edir. Onların sayı təxminən 52 mindir. Bundan başqa, 24-35 yaş arasında nigaha girənlərin sayı isə təxminən 20 mindir...
- Məqamı düşmüşkən, övladlığa götürmə ilə də bağlı məsələ ətrafında fikirlər, mövqelər birmənalı deyil. Siz bir komitə sədri olaraq, bu haqda nə fikirdəsiniz?
- Dünya təcrübəsi göstərir ki, ictimai tərbiyə, ailə tərbiyəsini əvəz edə bilməz. Çünki ailədə böyüyən uşaq daha təminatlı, cəmiyyət üçün daha xeyirli olur. Bu yerdə millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanımın ailə-uşaq problemlərinin həlli istiqamətində həyata keçirdiyi işləri, onun Azərbaycan qadınlarının sonuncu qurultayındakı çıxışını xüsusilə qeyd etmək istərdim. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki işlərini, fəaliyyətini vurğulamaq istərdim. Bir sözlə, onu diqqətə çatdırmaq istərdim ki, bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ailə institutunun tam bərqərar olunması, ailə-uşaq problemlərinin həllini tapmasıdır.
- Sizcə, boşanmaların kökündə dayanan əsas məqamlar, problemlər hansılardır?
- Burada, heç şübhəsiz ki, bir neçə başlıca səbəb özünü göstərməkdədir. Birincisi, yenə də yuxarıda qeyd etdiyim kimi, erkən nigah məsələsi, yaşın az olmasıdır. Boşanmalarda yaş heç də az rol oynamır. İkincisi, sosial problemlərdir. Üçüncüsü, cəmiyyətdə bəzən müşahidə olunan stress situasiyalarıdır, daha doğrusu, ailələrdə gərginlik həddinə çatan qaynana-gəlin münasibətləri və digər konfliktli situasiyalardır. Hesab edirik ki, boşanmaların sayının azalması, qarşısının alınması üçün cəmiyyət də sakit, yerində dayanmamalıdır. Bu məsələdə istər bəzi qeyri-hökumət təşkilatları, istər digər zümrələrdən olan insanlar, ağsaqqallar, ağbirçəklər, nüfuzlu şəxslər öz köməkliklərini, yardımlarını göstərməlidirlər.
Bu gün xaricdə nəyə görə boşanma halları azlıq təşkil edir? Ona görə ki, orada onların mentalitetinə uyğun olan vətəndaş nigahları deyilən nigahlar mövcuddur. Məsələn, kimlərsə uzun illər bir yerdə yaşayır, sonra qərara gəlirlər ki, bunu rəsmiləşdirmək, qanuniləşdirmək lazımdır. Düzdür, bu məsələ Azərbaycan xalqı, Azərbaycan mentaliteti üçün heç bir halda xarakterik deyil, amma reallıq da ondan ibarətdir ki, bəzən gənclərimiz təsadüfən barda, parkda tanış olduqları şəxslə, bir günün içində tanımadan, bilmədən evlənmək qərarına gəlirlər, nigaha daxil olurlar. Bu da, heç şübhəsiz, öz "məntiqi" nəticəsini verməlidir və verir. Yəni, təbii ki, barda tanışlıq nəticəsində qurulan ailə 3 aydan sonra boşanmaya gətirib çıxarmalıdır. Ona görə təsadüfən qeyd etmədim ki, bu məsələdə cəmiyyət, onun müxtəlif zümrələri daha aktiv rol oynamalıdır. Vaxtilə elçi getmək, aylarla, bəzən illərlə nişanlı qalmaq və s. kimi adətlər var idi. Bunun özü nişanlanan, ailə qurmağa hazırlaşan gənclərin, qohumluq əlaqəsinə girən ailələrin bir-birilərinə daha yaxından bələd olmalarına, bir-birilərini daha yaxından tanımalarına gətirib çıxarırdı ki, bu qohumluqdan da, bu evlilikdən də ziyan çəkənlər az olurdu. Bu məsələlər, bu adətlər bizim şəriət qanunlarımızda da əksini tapıb. İndi nəyə görə bunlardan imtina edilməlidir? Şəxsən mən belə düşünürəm ki, hansısa formada bu adətlərin bərpa olunması vacibdir. Əgər belə olarsa, bu, yeni qurulan ailələrin özülünün, bünövrəsinin daha da möhkəm olmasına gətirib çıxarar. Eyni zamanda, boşanma halları, ailələrdə söz-söhbətlər, konfliktlər azalmış olar.
Bir məqamı da qeyd etmək istərdim ki, bu gün Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasına, onun yerli, regional təşkilatlarının yaradılmasına ehtiyac var. Əvvəldə də qeyd etdim ki, bu komitə ailə-uşaq problemlərinin həlli istiqamətində çox mühüm işlər görür və bu işlər də cəmiyyətimiz tərəfindən izlənməkdə, müsbət qarşılanmaqdadır. Ancaq bununla belə, bu təşkilatın yerli qurumları olmadığı üçün onun fəaliyyəti tam dolğunluğu, çılpaqlığı ilə özünü göstərə bilmir. Odur ki, gələcəkdə bu komitənin də səlahiyyətlərinin artırılmasına, yerli qurumlarının yaradılmasına getmək və onu reallaşdırmaq lazımdır.