PDF Oxu

Müsahibə

  • 10

Sərdar Cəlaloğlu: “DUİ” və AMİP “6-lar”la bir yerdə olmayacaq”

Sərdar Cəlaloğlu: “DUİ” və AMİP “6-lar”la bir yerdə olmayacaq”

- Sərdar bəy, "Ümid" partiyasının qərargahında bir neçə partiyanın iştirakı ilə tədbir keçirildi. Bu tədbirin keçirilməsinin məqsədi nə ilə bağlı idi?

- Orada xüsusi tədbir keçirilməyib. "Respublika və Qarabağ Uğrunda Hərəkat"ına daxil olan siyasi partiyaların növbəti yığıncağı keçirilib. Bu cür yığıncaqlar növbə ilə partiyaların ofisində keçirilir.

- Necə düşünürsünüz, bu cür tədbirlərin keçirilməsi müxalifətin inteqrasiyasına hər hansı bir formada yardım göstərə biləcəkmi?

- Müxalifətin bir mövqedən çıxış edərək blok şəklində fəaliyyət göstərməsi, əslində, klassik inteqrasiyanın bir formasıdır. Daha dərin forması isə müxalifətin vacib partiyaya çevrilməsidir. Bu gün müxalifətdə təkpartiyalı siyasi sistemin nostalgiyası yaşanır. Bu, köhnə cəmiyyətin şüurumuzda qoyduğu izlərlə bağlıdır. Amma təbii ki, demokratiya yalnız plüralizmi tələb etmir. Plüral tələblər müəyyən əməkdaşlığı, inteqrasiyanı tələb edir. Bu baxımdan, partiya ittifaqlarının, assosasiyalarının yaradılması əhəmiyyətə malikdir. Hesab edirəm ki, "Respublika və Qarabağ Uğrunda Hərəkat"a daxil olan partiyalar, artıq bu ittifaqı yaratmaqla inteqrasiya vəzifəsini yerinə yetiriblər.

- Burada şübhəli məqamlar ola bilərmi? Çünki bir zamanlar Sərdar bəylə Əli Kərimov, İqbal Ağazadə ilə İsa Qəmbərov arasında da müəyyən ziddiyyətlər var idi. İndi bu ziddiyyətlər aradan qaldırılıbmı?

- Bu ziddiyyətlər inkişafın mənbəyidir. Ziddiyyət olmayan yerdə inkişaf olmaz. Biz ziddiyyətlərin vasitəsilə cəmiyyətdəki problemlərin həllinə nail olmağa çalışmalıyıq. Belə demək mümkünsə, əbədi dost, əbədi düşmən yoxdur. Vaxtilə aramızda olan fikir ayrılıqları konkret situasiyalarla bağlıdır. Əgər o situasiyalar keçib gedibsə, biz elə keçmişdən sallanıb qala bilmərik. Rassinin belə bir sözü var: "Tarixə vurğun olanlar, gələcəyə gedə bilməzlər". Tarix insanların ayağında onları hərəkətdən saxlayan amildir. İnsanlar arasındakı konfliktləri əsas götürərək, dövlətin, millətin maraqlarından birləşə bilməməyimiz siyasətimizin zəifliyini göstərir. Buna görə müəyyən fikir ayrılıqlarının olması, əslində, demokratiyanın əlamətidir.

- Dediniz ki, ziddiyyətlər inkişafın mənbəyidir. Amma nəzərə alın ki, bu, bəzən qarşılıqlı, şəxsiyyəti təhqir edən ittihamlara gəlib çıxırdı...

- Biz tez-tez siyasiləşmədən danışırıq. Bu siyasiləşmə həm siyasi mədəniyyətin, həm insanın, həm kodeksin, həm də bu kimi məsələlərin inkişafı ilə bağlıdır. Təəssüf ki, müxalifətdə arzulanan siyasi inkişaf müşahidə olunmur. Yəni, bütün istiqamətlərdə, siyasi etika, mədəniyyət və s. baxımından inkişaf mövcud deyil. Bunun da nəticəsində bəzən siyasi fikirlərimizi siyasi etikadan kənar qaydada ifadə etmişik. Bunların heç biri qüvvələrin yaxınlaşmasına mane olmamalıdır. Əksinə, qüvvələrin yaxınlaşması özü göstərir ki,  keçmişdə olan iradlar və yaxud ürəkbulandırıcı mövqelər milli maraqlar baxımından ikinci dərəcəli əhəmiyyət daşıyır.

- "Azadlıq" partiyasının sədrinin iddiasına görə, Sərdar bəyin yenidən Ə.Kərimovun yanında olmaq cəhdi ADP-yə müsbət imic gətirməyəcək?

- Əhməd Orucun fikirləri mənim üçün, ümumiyyətlə, məna ifadə etmir. Cəmiyyətdə hər cür fikirlər ola bilər. Siyasətdə olan hər hansı fikirləri nəzər alıb siyasətini quran insan əsil siyasətçi ola bilməz. Hər bir siyasətçi addım atacaqsa, birinci növbədə, öz vicdanına, ağlına qulaq asıb addım atmalıdır.

- "6-lar"la bir yerdə "DUİ"-nin, AMİP-in olması nəzərdə tutulurmu?

- Yaxın gələcək üçün yox. Səbəb odur ki, bu qüvvələrlə referendumda sıx əməkdaşlıq üçün cəhd etdik. O vaxtı hansısa səbəblərdən bu qüvvələr imtina etdi. Yəni, faktiki olaraq, imtina ediblər və həmin əhval-ruhiyyə də davam edir. ciddi dəyişikliklər baş verməyib.

- Mirmahmud Mirəlioğlu də müxalifətin ümumi konfransının keçirilməsi təklifi ilə çıxış edib. Bu konfransın baş tutulmasını referendumda qalan kin-küdurətlə əlaqələndirmək olarmı?

- Qətiyyən. Sadəcə olaraq, Dağlıq Qarabağla bağlı müxalifətin formunun keçirilməsi təklifi olub. Düşünürəm ki, bu təklifin tərəfdarları bir o qədər səmimi deyillər. Buna görə də, fikirləşdik ki, bu forumun keçirilməsinə ehtiyac yoxdur.

- Zamanında ADP konstruktiv təkliflə çıxış etmişdir. İndi bir arada olduğunuz partiyalar o zaman sizə qarşı çox kəskin mövqedə dayanmışdılar. Bunu nəzərə alırsınız?

- Müxalifət bütün məsələlərdə mütləq razılaşmalıdır. Bizim ən yaxın müttəfiqlik etdiyimiz partiyalarla ayırı-ayrı məsələlərdə fərqli baxışlarımız ola bilər. Bunun da müxtəlif səbəbləri var. Birinin təcrübəsi çoxdur, o birinin az, milli məsələlələrə yanaşmaq qaydası var.

Digər xəbərlər