PDF Oxu

Müsahibə

  • 6 777

Həqiqətpur haqda həqiqətlər

image

Gənc müstəqil Azərbaycan dövləti olduqca mürəkkəb geosiyasi bölgədə, qlobal və regional güc mərkəzlərinin antoqonist maraqlarının toqquşduğu həssas bir məkanda yerləşir. Uzun illər xalqımızın öz suveren dövlətindən məhrum olması, yeraltı və yerüstü sərvətlərinin, maddi və mənəvi zənginliklərinin üzdəniraq imperialist qonşular tərəfindən talan olunmasına, tarixinin və etnogen mənsubiyyətinin təhrif edilməsinə gətirib çıxarmışdır. Bu dairələr Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra da öz siyasi, iqtisadi, hərbi və digər maraqlarının təmin olunması üçün ölkəmizə qarşı çirkin əməllərindən əl çəkməmiş, bədnam fəaliyyətlərini başqa formalarda davam etdirmişlər. Dünya xəritəsində müstəqil Azərbaycanın mövcudluğu ilə barışmaq istəməyənlərdən biri kimi təəssüflər olsun ki, xalqımızla geniş tarixi bağları, din, məzhəb eyniyyəti olan və əhalisinin yarısı Azərbaycan dilində danişan bir ölkə olaraq İranın müəyyən dairələri çıxış edir.

İlk baxışda, 1979-cu ildəki inqilabdan sonra öz dövlət ideologiyasının təməlini islam dininin, daha doğrusu şiə məzhəbinin təməl postulatlarına əsaslandıran İranın dünyəvi dövlət quruluşuna malik olmasına baxmayaraq, əhalisinin böyük əksəriyyətini məhz müsəlman şiələri təşkil edən bir dövlətə qarşı bu ölkənin müəyyən qruplarının düşmən münasibəti paradoks kimi görünə bilər. Hətta geopolitik baxımdan yeni müsəlman dövlətin meydana çıxmasıyla nəhəng və ambisiyalı Rusiya ilə qonşu olmaqdansa, daha çox öz milli təhlükəsizliyinin qayğısına qalan Azərbaycanla qonşuluq İran üçün daha sərfəli görünə bilər. Lakin bütün bu həqiqətlərin üzərindən qara xətt çəkən və İranın bəzi dairələrinin Azərbaycana qarşı kölgəli və bədnam niyyətləri olmasa.

Azərbaycanın dövlət səviyyəsində İranın ərazi bütövlüyünü tanıdığını, dostluq və mehriban qonşu siyasətinə sadiq qaldığını və öz qonşusunun daxili işlərinə qarışmaq niyyətində olmadığını dəfələrlə bəyan etməsinə və İran tərəfinin də dövlət səviyyəsində eyni ruhda açıqlamalarına baxmayaraq Tehranın siyasi istiblişmentindəki müəyyən dairələr görəsən hansı əsasla ölkəmizə düşmən gözüylə baxır? "Xain xoflu olur" deyib atalar. Məhz bu xof İrandakı bəzi qrupları Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanı blokadadan çıxararaq dəstəkləməyə, ona hər cür hərbi-siyasi və iqtisadi yardımlar etməyə, birgə layihələr həyata keçirməyə, o cümlədən ölkəmizə qarşı kəşfiyyat-təxribat yoluna qədəm qoymağa gətirib çıxarmışdır.

Kimdir Həqiqətpur?

Lakin təəssüflər olsun ki, İranın şovinizm, mili müstəsnalıq xəstəliyinə tutulan, Azərbaycanı yalnız coğrafi anlayış kimi qəbul edən Azərbaycanın dövlət müstəqilliyinə nifrətlə, düşməncə münasibət bəsləyən dairələr və onlara xidmət edən azərbaycanlılar da var. Onlar tarixin müəyyən dövrlərində İranın qurucusu və xilaskarı faktoru olan soydaşlarımıza qarşı həyata keçirilmiş "tabula rasa - təmiz lövhə" siyasətinin, təbliğat-ideologiya aparatının son məhsulu, "uğurlu nümunələri", daha dəqiq desək "monstr"ları kimi zaman-zaman qarşımıza çıxır. Belə şəxslərdən bir də Mansur Həqiqətpurdur.

Məlum olduğu kimi, son dövrlərdə İran İslam Respublikasının İslam Şurası Məclisinin mili təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, eyni zamanda İranın Ərdəbil vilayətinin ostandarı olan deputat Mansur Həqiqətpurun Azərbaycan Respublikasının müstəqil xarici siyasətinə, dünyəvi dövlətçilik modelinə, ayrı-ayrı hakimiyyət orqanlarına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu konstruktiv mövqeyə qarşı yönəldilmiş çıxışları daha açıq və aqressiv xarakter almaqdadır. Qeyd etmək lazımdır ki, M.Həqiqətpur Azərbaycanın ABŞ və İsrail arasındakı strateji münasibətlərin, "ölkədə müsəlman din xadimlərinin təqib olunmasının", eləcə də Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsinin əleyhinə yönəldilmiş təbliğatın əsas təşkilatçılarından biridir.

Mansur Həqiqətpur əslində İİR-nin ən səlahiyyətli xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəsi Korpusunun" - "SEPAH"ın istefada olan generalıdır (bu sənət sahibləri praktiki olaraq heç vaxt istefada olmurlar). Həqiqətpur 1990-cı ildən istefaya çıxdığı dövrədək Azərbaycan Respublikası üzrə hərbi kəşfiyyat istiqamətinin rəhbərlərindən biri olmuş, ölkə ərazisində casus şəbəkəsinin yaradılmasına, Azərbaycanda islam inqilabına yönəlik ideologiyanın təbliğinə bilavasitə başçılıq etmişdir. General M.Həqiqətpur 1991-1993-cü illər ərzində "hərbi ekspertlər heyəti" tərkibində dəfələrlə Azərbaycana gəlmiş, AXC və Müsavat cütlüyünün hakimiyyətdə olduğu müddətdə "hərbi məsləhətçi" adı altında döyüş bölgələrində, hərbi hissələrdə, dövlət və hakimiyyət orqanlarında olmuş, kəşfiyyat xarakterli məlumatlar toplamışdır.

Həqiqətpurun "Azərbaycan sevgisi"

General Mansur Həqiqətpurun və onun "hərbi müşahidəçilərinin" Azərbaycanda malik olduqları imtiyazlara öz generallarımız da həsədə apara bilərdilər. Belə ki, ölkə rəhbərliyinin, müdafiə və daxili işlər nazirliklərinin "sadəlövhlüyü" sayəsində göz görə-görə kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul olan İran casusları külli-ixtiyar sahibi idilər. İstədikləri vaxt cəbhə bölgələrinə, hərbi hissələrə aparılır, əməliyyat planları, məxfi materiallarla tanış edilir, ölkə ərazisində maneəsiz hərəkətləri üçün saxta sənədlərlə təmin olunurdular. Müdafiə Nazirliyinin "Qaz-31" markalı avtomobili gecə-gündüz Həqiqətpurun qulluğunda idi. Həqiqətpur casus şəbəkəsini formalaşdırdıqdan sonra Azərbaycanda çox ləngimədi və onları təlimatlandırdıqdan sonra Tehrana qayıtdı. Onun yaratdığı "Cəlal" casus qrupu onun tapşırıqlarının icrası ilə bağlı bütün hesabatları və sorğuları radioötürücü ilə birbaşa Həqiqətpura - "Əkbər" kod adına göndərirdilər.

O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki "Mərmər" otelində, habelə Şimran səmtindəki iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdir. Həqiqətpur Azərbaycan Respublikasının 1995-ci ildə referenduma çıxarılmış Konstitusiyasına öz üzdəniraq "əlavə və dəyişikliklərini" təklif etmiş, "hüquqi və dünyəvi" ifadələrinin sənəddən çıxarılması üçün İslam Partiyasını kütləvi aksiyalara, vətəndaş itaətsizliyinə və digər təxribatlar təşkil etmək istiqamətində təlimatlandırmışdır. İslam Partiyasının ofisində aparılmış axtarış zamanı generalın təlimatları "Mansur müəllimin tövsiyələri" adı ilə aşkar olunmuşdur.

Habelə, Həqiqətpurun çirkin əməlləri bununla da məhdudlaşmamış, o Dağlıq Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir. Aldadılaraq İrana aparılan OMON əməkdaşlarının həbs olunduqdan sonra istintaqa verdikləri ifadələrindən bəzi məqamlara diqqət yetirək.

Vaqif Hüseynov: "İranda adımızla deyil, nömrə ilə çağırılırdıq. Mən 3135-ci idim. Müəllimlərimiz yüksək rütbəli hərbçilər idi. İranlı əsgərlərlə və mülki şəxslərlə ünsiyyətdə olmaq bizə qadağan edilmişdi. Kəşfiyyat və əks-kəşfiyyat məşqlərində bizə dövlət çevrilişini necə həyata keçirməyi başa salırdılar. Bakıda Prezident iqamətgahını, Milli Məclisi, Milli Təhlükəsizlik, Daxili İşlər və Müdafiə Nazirliklərinin binalarını, teleşirkəti və digər strateji obyektləri zəbt etməyin yolları öyrədilirdi.

Namiq Məmmədov: "Mənim nömrəm 3133 idi. Sübh tezdən məcburən namaz qılıb sonra təlimlərə başlayırdıq. Kəşfiyyat dərslərində adamları pulla ələ almaq, məscidlərdə, stadionlarda, ümumiyyətlə izdihamlı yerlərdə təbliğat aparmağın yollarını öyrədirdilər. Deyirdilər ki, geri qayıdandan sonra Azərbaycanda İslam Cümhuriyyəti qurmaq üçün ətrafımıza xeyli adam toplamalıyıq.

Xalıqverdi Məmmədov: "Onların hər hansı bir fikrinə etiraz edəndə zindana salıb işgəncə verirdilər. Bizə təlqin edirdilər ki, məqsədimiz İslam bayrağı altında birləşmək, dinimizə yaymaq buna mane olanları isə aradan götürməkdir. Bir dəfə qiyam etdik və bildirdik ki, biz İrana hərbi təlim keçməyə gəlmişik. Güldülər: təlimi Naxçıvanda da keçə bilərdiniz. Siz buraya başqa məqsədlə gəlmisiniz. Səfəriniz Rəhim Qazıyevlə və Rövşən Cavadovla razılaşdırılıb".

İstintaqa ifadə vermiş Rövşən Cavadov etiraf etmişdi ki, həqiqətən polis işçilərini İrana hərbi təlim keçməyə göndərmişdi. Lakin onların dövlət çevrilişnə cəhd məqsədilə hazırlıq keçməsini yalnız qruplar geri qayıdandan sonra bilib. Sabiq prezident Əbülfəz Elçibəy isə nə müdafiə nə də daxili işlər nazirliklərinin xətti ilə İrana qruplar göndərilməsi barədə sərəncam vermədiyini söyləyib. Elə isə siz deyin 120 polis işçisini dövlətdən "xəbərsiz" qaçaq yolla İrana aparıb onlara xüsusi təlim keçməkdə "SEPAH"ın məqsədi nə idi.

Eyni zamanda, Həqiqətpurun İİR-nin Azərbaycandakı səfirliyi ilə birlikdə təşkil etdiyi "hərbi ekspertlər qrupunun" döyüş bölgələrindən topladığı strateji məlumatların Bakının Naxçıvani küçəsi 38-də icarəyə götürülən mənzildən xüsusi rabitə qurğusu vasitəsilə İran və Ermənistana ötürülməsi və hazırda müxalifət mövqeyində dayanan bəzi şəxslərin həmin dövrdə onları himayə etməsi barədə kifayət qədər sübutlar mövcuddur. Məhz onun təlimatıyla "Cəlal" kod adı altında fəaliyyət göstərən peşəkar casus və onun rəhbərlik etdiyi qrup ifşa olunana qədər ölkəmiz haqqında öyrənə bildiyi bütün hərbi sirrləri, keçiriləcək əməliyyatların xəritəsini, planını, strateji ehtiyatların səviyyəsini ardıcıl olaraq Tehran, Yerevan və Xankəndinə göndərmişdir. Bütün bunlar cəbhədə ağır məğlubiyyətlərə səbəb olmuş, gənc Azərbaycan dövlətinə qarşı misli görünməmiş təxribat xarakteri daşımışdır.

İstintaq materialından: "Azərbaycandan göndərilmiş gənclərin təlim keçdiyi məntəqənin yaxınlığındakı digər bazada Ermənistandan və Qarabağdan gəlmiş erməni yaraqlıları xüsusi hazırlıq keçirdilər".

Fikrimizcə əlavə şərhə ehtiyac yoxdur...

...və sonda

Bütün bu əməllər özünü "Azərbaycansevər" adlandıran, mənsub olduğu xalqa, onun qurduğu dövlətə və sahib olduğu dəyərlərə sonsuz nifrət ruhunda yetişmiş, "SEPAH" generalı Mansur Həqiqətpurun ölkəmizə qarşı pozucu-təxribatçı fəaliyyətinin heç də tam siyahısı deyil. Lakin maraqlı məqam odur ki, bu şəxs özünü həyatı boyu əleyhinə çalışdığı bir xalqın nümayəndəsi sayır, onu "sevdiyini" hər fürsətdə bəyan edir və eyni zamanda bu xalqın qurduğu dövlətə ironik və düşməncə yanaşır... Və bu artıq onun fərqində olmadığı faciəsidir, şəxsi faciəsi.

Digər xəbərlər