PDF Oxu

Müsahibə

  • 17 214

Sevinc Abdullayeva: “Gəncliyi inkişaf edən bir dövlətin gələcəyi də parlaqdır” MÜSAHİBƏ

image

YAP Nizami rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin üzvü və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın SİA-ya müsahibəsi

-Sevinc xanım, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclərin qarşıda duran vəzifələrinin həlli, onların dövlət və milli maraqlar istiqamətindəki fəaliyyətlərinin gücləndirilməsi baxımından önəmini necə şərh edərdiniz?

-Ölkə başçısı cənab İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamının imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin ifadəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması işində silsilə tədbirlər görülür. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın qəbulu sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan gənclər üçün də çox sevindirici bir hadisəyə çevrildi. Strategiyada sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan gənclərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi, təlimlərin təşkili vasitəsilə informasiya texnologiyaları barədə bilik səviyyəsinin artırılması xüsusi vurğulanır. Həmçinin bu kateqoriyadan olan gənclərin ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif qurumların əməkdaşlığını və koordinasiyasını təmin etmək, onlara göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartlar müəyyənləşdirilməsi öz əksini tapmışdır. Xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şəraitin yaradılması və asudə vaxtının səmərəli keçirilməsi də göstərilən diqqətin bariz nümunəsidir. Ölkə başçısının gənclərə, o cümlədən də sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan gənclərə göstərdiyi bu diqqət bir daha cənab prezidentimizin "Mən hər bir azərbaycanlının prezidentiyəm" fikrini təsdiq etmiş oldu.

- 2 fevral Gənclər günü barəsində nə deyə bilərsiniz?

-1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan tarixinə Gənclər Günü kimi düşdü. Düşünürəm ki, ölkəmizdə gənclərə xüsusilə diqqət ayrılır. Ümumiyyətlə, gənclik və gənclərimiz həmişə diqqət mərkəzində olmalıdır. Elə ona görə də, 2 fevral gənclər gününün qeyd edilməsi Azərbaycanda gənclərə verilən qiymətin bariz nümunəsidir. Gəncliyi inkişaf edən bir dövlətin gələcəyi də parlaqdır.

- Rəhbərlik etdiyiniz təşkilatın 2014-cü il üçün fəaliyyətini necə dəyərləndirirsiniz və 2015-ci il üçün qarşıda dayanan vəzifələriniz nədən ibarətdir?

-"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi hələ gənc olsa da, qarşısına qoyduğu bir sıra hədəflərə doğru inamla irəliləyir. Bildiyiniz kimi, birliyimizin tərkibinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilən "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi" və "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi daxildir. 2014-cü il bizim üçün xeyli məhsuldar oldu. Uşaqlarla birlikdə müxtəlif tədbirlər həyata keçirdik, onların bacarıqlarını daha da təkmilləşdirməyə çalışdıq. Birliyimizin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların sosial həyata inteqrasiyasını maksimal dərəcəyə çatdırmaqdır. 2015-ci ildə də tədbirlərimizin sayını artırmağı, uşaqların fəaliyyət sahələrini daha da genişləndirməyi qarşımıza məqsəd qoymuşuq.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib