Mais Səfərli: "Belə dialoqlar müxalifətin özü üçün faydalı ola bilər"
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Mais bəy, fevralın 12-də yenidən iqtidar-müxalifət dialoqu keçiriləcək. Sizcə, bu dəfə dialoqda daha hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir?
- Azərbaycan iqtidarının siyasəti ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev Azərbaycanda çox ciddi bir stabilliyin əsasını yaradıb. Bu stabillikdə dövlətmizin həyatının bütün sahələrində əldə etdiyimiz yüksəlişlərin bazasını təşkil edib. Bu gün isə bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, ölkədə siyasi sabitliyin qorunub-saxlanması və milli barışığın, ölkədə vətəndaş sözünün davamlı olması üçün iqtidar-müxalifət dialoqunun çox böyük əhəmiyyəti var. Amma təəssüflər olsun ki, hər zaman müxalifət təmsilçiləri iqtidar-müxalifət dialoqunun keçirilməsindən qaçıblar. Amma Azərbaycan cəmiyyətini narahat edən məsələlərin bu dialoqlarda müzakirə edilməsi normal bir haldır.
- Əvvəlki dialoqda AXCP və Müsavat kimi partiyalar iştirak etmədilər. Sizcə, keçiriləcək növbəti dialoqda bu partiyalar iştirak edəcəklərmi?
- Əgər AXCP və Müsavat kimi partiyalar bu dialoqda iştirak etməsələr, bu, bir daha onun göstəricisi olacaqdır ki, bu partiyalar dialoqdan, normal əməkdaşlıqdan qaçırlar. Beləliklə də özlərini çox çıxılmaz bir vəziyyətə salacaqlar. Düşünürəm ki, Müsavat partiyasında başqan dəyişikliyi oldu və bu baxımdan, bəlkə də yeni başqan bir addım ataraq bu görüşdə iştirak etsin. İştirak etməsələr, bu, onların özləri üçün mənfi bir haldır. Onsuz da onlar bu gün siyasi bir burulğana düşüblər və oradan da çıxa bilmirlər. Bu da müxalifət təmsilçilərinin biri-birinə olan mənfi münasibətləri ilə bağlıdır.
- Bu tip dialoqların keçirilməsi müxalifət düşərgəsində konstruktiv ab-havanın yaranmasına yardımcı olacaqmı?
- Bu tip dialoqların keçirilməsi müxalifətin özü üçün xeyirli ola bilər. Çünki Azərbaycan iqtidarı bütün digər məsələlərdə olduğu kimi bu məsələlərdə də çox səmimi bir mövqeyə malikdir. Ona görə də, belə dialoqlar müxalifətin özü üçün faydalı ola bilər.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib