Elşən Musayev: "Axı Əli Kərimli pulunu dollarla alır, o, niyə narahatdır?"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir
- Elşən müəllim, Milli Bankın manatın məzənnəsi ilə bağlı verdiyi məlum qərardan müxalifət yararlanmağa və şou yaratmağa cəhdlər göstərir. Sizcə, onların hay-küylərinin arxasında nə dayanır?
- Azərbaycan müxalifəti yarandığı gündən etibarən öz beyin resursuna deyil, fövqəltəbii hadisələrə ya da ekstrim vəziyyətlərə arxalanıb. Hər zaman da ən xırda nüanslardan maksimum şəkildə bəhrələnməyə çalışıb. Sadəcə elə məsələlər var ki, onların üzərində manipulyasiya eləmək olmaz. Çünki dövlətin edə biləcəyi və bilməyəcəyi şeylər var. Manatın mövcud məzənnəsini də bu kontekstdə dəyərləndirilməlidir.
Cənab Prezident mövzu ilə bağlı qısa açıqlama verdi və ən dolğun təfərrüatları xalqla bölüşdü. Yəni aydın olmayan bir şey qalmadı. Amma dağıdıcı qüvvələr yenə də israrlıdır ki, adi bir hadisəni ajiotaj həddinə çatdırsın. Bu arzu isə onların ürəyində qalacaq, hər zaman olduğu kimi. Sadəcə, bu məqamda anlamadığım əsas nüanslardan biri bilirsinizmi nədir? - AXCP sədri Əli Kərimlinin mövqeyi. Daha doğrusu canfəşanlığı. Adama deyən lazımdır: Sən ki, pulunu beynəlxalq qəyyumlardan dollarla alırsan. Sənin canının dərdi nədir?
- Müxalfiət qiymətlərlə bağlı aksiyalar keçirtməyi də planlaşdırır. Bu aksiyalara qoşulanlar ola bilərmi?
- Müxalifət bu günə qədər yüzlərlə belə aksiya düzənləyib. Hansı birinə insanlar qoşulub, xalq dəstək verib? Təbii ki, heç birinə. Odur ki, reallığı nəzərə alaraq yenə də eyni qənaəti bölüşmək olar. Xalq müxalifətin deyil, Azərbaycan Prezidentinin yanındadır və ölkə rəhbərliyi tərəfindən Azərbaycan xalqının mənafeyi naminə mümkün olan bütün addımların atıldığını düşünür və bunu təqdir edir.
- Müxalifətin manatın məzənnəsi ilə bağlı hay-küy qaldırmaları, aksiyalar keçirmək iddiaları və pozuçuluğa cəhdlərinin arxasında xarici qüvvələrin təsiri və göstərişi dayana bilərmi?
- Biz bu variantı heç bir zaman istisna etməmişik. Niyə? Çünki Azərbaycanda olan stabil durum və inkişaf bir çox ölkələri narahat edib. Həm də bütün dövrlərdə. Üstəgəl, zaman-zaman təxribat cəhdləri olub, radikal müxalifət üzərindən ictimai-siyasi proseslərə yalnış, uğursuz sərmayələr, pullar, qrantlar yatırılıb və sair və ilaxır. Amma nəticə etibarilə heç bir zaman məqsədlərinə çata bilməyiblər. Çünki dövlət yerində olub. Çünki Prezident yerində olub və bu gün də proseslərdə axın xətti dəyişməyib. Azərbaycan xalqı öz Prezidentini yekdil şəkildə dəstəkləyir. Həm də radikal müxalifət və onların stimulvericilərinin bütün təxribat cəhdlərinə baxmayaraq. Odur ki, bu vaxta qədər necə olubsa, bundan sonra da elə olacaq. Bəzi xarici qüvvələr Azərbaycanla bağlı nə neqativ addım planlaşdırırlarsa planlaşdırsınlar, nəticə dəyişməyəcək. Bu xalq kimsənin fitnəsinə uymayacaq qədər ağıllı və ötkəmdir.
- Elşən bəy, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev keçirdiyi mətbuat konfransında iddia edir ki, Böyük Biritaniya və ABŞ-ın onun hərəkətlərini müşahidə edib və danışıqlarının dinlənməsi halları olub. Sizcə, səfirliyin ölkə daxilində belə hərəkətlərə yol verməsi beynəlxalq hüquq prinsiplərinə zidd deyilmi?
- Həmin açıqlama ilə mən də tanışam və demək istəyirəm ki, əgər Razi bəyin iddiaları doğrudursa, o zaman bu beynəlxalq hüququn prinsiplərindən tutmuş diplomatik protokolun normalarına qədər hər şeyə ziddir. Ayrıca səfirlərin fəaliyyəti, onların təmsilçiliyi haqda ümumi təlimat var. Hansı ki, bütün dünya dövlətləri tərəfindən qəbul olunub. Bu təlimatın, eyni zamanda diplomatik üsul-idarənin pozulması isə dövlətlər arasında çox ciddi münasibət böhranına yol aça bilər.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib