Müsahibimiz YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirlidir
- Elman müəllim, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirakı və bu zəfərin keçirilməsinə beynəlxalq aləmin marağını nə ilə izah edərdiniz?
- Məlum olduğu kimi, aprel ayının 24-də paralel olaraq iki tədbir keçirilir - biri 100 il bundan qabaq yalan və uydurma bir tarixin qeyd edilməsi ilə bağlı Yerevanda keçirilən tədbirdir. İkinci hadisə isə, həqiqət olan və bütün dünyanın gözü qarşısında Türkiyənin Çanaqqala boğazında əldə etdiyi qələbə zəfəridir, qalibiyyət təntənəsidir. Bu paralelliyin özü də məsələnin mahiyyətini aydın göstərir ki, birində kin, küdurət, nifrətlə dolu olan bir tədbir, digərində isə barışığa, sülhə, ədalətə çağırışla bağlı tədbir. Bildiyimiz kimi, bu gün müasir dünyamız daha proqmativdir və əsl reallığın mahiyyətinə varıb addım atan qüvvələrin sayı da kifayət qədərdir. Elə hər iki tədbirdə iştirak edən tərəflərin sayına baxmaq kifayətdir. Məlum olduğu kimi, Ermənistan tərəfinin və dünyadakı erməni diasporunun uzun müddətdir ki, hazırlıqlarına və çox möhtəşəm bir tədbir keçirəcəkləri ilə bağlı bəyanatlarına baxmayaraq, reallıq onu göstərdi ki, əslində erməni cəfəngiyyatına dünya indi daha az inanmağa başlayır və Ermənistanın dezinformasiya maşını, necə deyərlər, artıq əvvəlki kimi işləyə bilmir. Türkiyə dövlətinin mövqeləri möhkəmləməklə yanaşı, həm də paylaşdığı həqiqətlər daha çox tərəfdaşların olması ilə nəticələnir. Faktlara diqqət yetirək. Əgər Yerevanda keçirilən tədbirə Fransa, Rusiya, Serbiya və Cənubi Kipirin prezidentləri iştirak edir. ABŞ isə maliyyə naziri səviyyəsində və bir neçə konqresmenlərlə təmsil olunurlar. Amma Türkiyədə keçirilən Çanaqqala zəfərində 20 ölkənin prezidentləri, 3 vitse-prezident, 5 ölkənin baş nazirləri ilə yanaşı çoxsaylı mətbuat nümayəndəli iştirak edir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları da bu möhtəşəm tədbirdə iştirak edir. Beləliklə bu faktlar, iştirakçıların sayının təhlili bir daha onu göstərir ki, artıq erməni yalanına dünya dövlətləri inanmır.
- Elman müəllim, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin Türkiyəni 1915-ci il hadisələrini araşdırmaq üçün arxivləri açmağa çağırmasını şərh edərkən qeyd edib ki, Ankara həmişə bu hadisələrin araşdırılması üçün arxivləri açmağı təklif edib: "Ermənistanın aça biləcəyi arxiv varsa, qoy bunu etsin".
- Bu, çox vacib bir çağırışdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentini sərt tənqid edib, bu təşkilatı ölkələr, millətlər arasında ayrı-seçkilik yaratmaqda və tərəf saxlamaqda günahlandırıb. R.T.Ərdoğan Avropa Parlamentinin Osmanlı imperiyası dövründə guya ermənilərin kütləvi qırğınını "soyqırımı" kimi adlandıran qətnamə qəbul etməyə hazırlaşmasını kəskin şəkildə pisləyib. O deyib: "Əgər belə bir sənəd qəbul edilərsə, bu sülhə yox, düşmənçiliyə yol açacaq. Biz dəfələrlə demişik ki, tarixdə baş verənlər tarixə aiddir. Bu, tarixçilərin işidir və qoy araşdırsınlar. Biz öz arxivlərimizi hər zaman açmağa hazırıq, buyursun Ermənistan da arxivlərini açsın. Türk milləti olaraq bizim alnımız həmişə açıq olub. Bu, bizə atılan iftiradır və bunu qətiyyətlə rədd edirik." Lakin Ermənistan prezidenti arxivlərin açılmasını rədd edib. Bu isə bir daha Ermənistan tərəfinin həqiqətin üstünü örtməklə məşğul olduğunu sübut edir. Hesab edirəm ki, əgər Ermənista 100 illik tədbirdə belə bir nəticə əldə edibsə, bundan sonrakı qondarma ildönümlərinin hansı səviyyədə keçirilməsi indidən bəllidir. Doğrudur, Ermənistan tərəfi çox böyük ümid bəsləyirdi ki, ABŞ prezidenti Barak Obama onların soyqırımlarını dəstəkləyəcək. 2008-ci ildə prezident seçkiləri zamanı yazılı surətdə bildirmişdi ki, əgər prezident seçilərsə, qondarma erməni soyqırımını tanıyacaq. Ancaq B.Obama prezidentlik dövründə bunu heç zaman etmədi və güman edirdilər ki, yalançı ildönümü zamanı bunu edəcək və Sarkisyanın partiyası 2016-cı il seçkilərində ermənilərin diasporasından dəstək alacaq. Ammma məlum oldu ki, dünyanın fövqəldövlətinin başçısı öz sələflərinin ənənəsinə sadiq qaldı, növbəti dəfə reallığı etiraf etdi. Reallıq da ondan ibarətdir ki, ermənilərin münasibətinə Osmanlı İmperiyasına heç bir soyqırımı olmayıb: Ermənilərin uydurma "soyqırım"larına 20-ci əsrin birinci qətli kimi yanaşmağa cəhd göstərirlər. Sözsüz ki, bu cür yalançı ildönümündə Ermənistanda müxalifətin mitinqinin yeni dalğa ilə yüksəlməsi labüddür. Bu isə Ermənistanda mürəkkəb olan vəziyyəti daha də çətinləşdirəcək. Eyni zamanda, 24 aprel tarixindən əhali sonra işğalçı ölkəni kütləvi şəkildə tərk edəcək. Beləliklə də, Ermənistanda "erməni soyqırımı" ağ soyqırımla əvəz olunacaq. Ağ soyqırım o deməkdir ki, əhali ölkəni kütləvi şəkildə tərk etməklə, torpaqlar boş qalır. Bu isə ölkənin məhvi deməkdir.
Əlbəttə, azərbaycanlıların soyqırımının dünyada tanıdılması 1-2 ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik. Sadəcə, hər kəs bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.
R.KAMALQIZI
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib