Elşən Musayev: "Əli Kərimli kimilər nadanlıq və nakişilik adına hansı vasitə varsa hamısından bəhrələnirlər "
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir
- Elşən müəllim, Əli Kərimlinin xaricdəki dostlarının imkanları hesabına yaradılan "24 saat" deyilən televiziya verilişində Azərbaycan əleyhinə təbliğat kampaniyası aparılır. Bu kampaniyanın aparılması onu deməyə əsas verirmi ki, həmin verilişin müəllifləri ermənipərəst qüvvələrdən heç nə ilə fərqlənmirlər?
- Əli Kərimlinin nəyi, hansı addımı düzdür ki, apardığı kampaniya da düz olsun? Əlbəttə, bu adamı dəyişmək mümkün deyil. Əlinə hər hansı bir fürsət keçsə, nə imkan düşsə, ondan dövlətə və dövlətçiliyə qarşı istifadə edəcək. Bu adama fərqi yoxdur, məkan "24 saat" TV olsun, ya da digəri. Kərimlinin düşündüyü, beyninə əxz elədiyi tək şey öz ambisiyalarının, yalanlarının və nağıllarının təbliğidir. Belə olan halda isə təbii ki, onun ermənipərəst qüvvələrdən heç bir fərqi qalmır. Çünki hər ikisi eyni amallar uğrunda "vuruşurlar".
- Sizcə, niyə xarici qüvvələrlə eyni mövqedən çıxış edən daxili qüvvələr məhz Avropa Oyunları öncəsi fəallıq göstərirlər?
- Bu, fəallıq tablosundan daha çox fitnə və riyakarlıq tablosunu xatırladır. Çünki fəal olan bu fəallığı hər zaman göstərməli və nümayiş etdirməlidir. Kvartaldan-kvartala, seçkidən-seçkiyə, tədbirdən-tədbirə ortalığa atılıb oyun çıxarmamalıdır. Hazırda isə antimilli qüvvələr, "ələkçinin qıl verənləri", bəlli beynalxalq dairələr ona görə aktivləşiblər ki, qarşıdan möhtəşəm bir idman turniri gəlir. Hansı ki, ev sahibliyini özümüz edəcəyik. İndi məntiqlə düşünək: Əli Kərimli kimi avantürist, millətinə və dövlətinə qənim kəsilən biri belə fürsəti əldən vermək istəyərmi? Ya da illərdir Azərbaycanı hədəf alan, öz şərtlərini diktə etməyə çalışan bəzi Qərbmeyilli qüvvələr? Təbii ki, xeyr. Ona görə də əllərindən gələni əsirgəmirlər. Əli Kərimli kimilər nadanlıq və nakişilik adına nə vasitə varsa, hamısından bəhrələnirlər.
- "Article 19" beynəlxalq hüquq-müdafiə təşkilatı Londanda tədbir keçirərək Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək jurnalistləri ölkəmizdə neqativ halları araşdırıb, insan hüquqları ilə bağlı pozuntuları aşkarlayıb yazmaq istəyib. Sizcə, Azərbaycana qarşı bu qərəz nədən irəli gəlir?
- "Article 19" "Azadlıq" qəzetinin rayon bürosu kimi bir şeydir. Onların heç ofislərindəki işçilərin sayından, kimliyindən xəbərləri yoxdur, o ki qalsın Azərbaycandakı vəziyyətdən. Hamısı beynəlxalq dairələrdən, böyük layihələrdən pul silməklə məşğuldur. Adlarını da qoyublar demokratiya, hüquq və azadlıq carçısı. Hərgah, hamısı da saxtakarın və artistin biridir. Qərb nə əmr eləsə, ağaları hansı təlimatı versə, "baş üstə" deyib dərhal işin icrasına başlayırlar. Amma onlardan bir soruşan lazımdır ki, Avropa Oyunlarına qədər harda gecələyib, harda yatırdınız? Seçki yaxınlaşmamış o "girdirmə" priotetləriniz niyə gündəmi zəbt, gözümüzü mazol eləmirdi? "Demokratiya", "insan hüququ" deyilən anlayış sizin fəlsəfənizdə mövsümləmi ortaya çıxan "məhsuldur"?
- Avropa Oyunları öncəsi bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı geniş şəkildə təzyiq vasitələrindən istifadə edirlər. Sizcə, onlar bu məkirli niyyətləri ilə nəyə isə nail ola bilərlərmi?
- Əsla. Çünki bu, ilk deyil. İndiyə qədər yüz yox, min dəfə bu cür təqiblərlə üzbəüz qalmışıq. Amma sonucda ədalət və düzgün olan tərəf qazanıb. Beynəlxalq təşkilatlar, bəlli qüvvələr çox cəhd edə bilər, necə ki, edir. Fəqət, onların qarşısında duran dövlət nə Ukraynadır, nə Gürcüstan nə də Ermənistan. Bu dəfə söhbət Azərbaycandan gedir. O Azərbaycandan ki, onun gücü və əzəməti bütün xainlikləri, məkrləri və hədələri dəf etmək gücünə malikdir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib