Nazim Kazımov: "Azərbaycanı gözü götürməyən daxili və xarici qüvvələr bir daha ölkəmizin uğurlarının şahidi olacaqlar"
Müsahibimiz Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovdur
- Nazim müəllim, Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirib, uğurlu daxili və xarici siyasət həyata keçirməkdədir. Bu baxımdan, ölkəmizin əldə etdiyi nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Azərbaycanın yüksək templə inkişaf edən iqtisadiyyatı bütün sahələrdə nailiyyətlərin əldə olunması ilə yanaşı, ölkəmizin simasının dəyişməsinə səbəb olub. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, iqtisadi yüksəliş, sosial-mədəni tərəqqisi ilə seçilən Azərbaycanda yaranan bu mənzərə həyata keçirilən dövlət proqramları, islahatlar, genişmiqyaslı layihələr əsasında reallaşıb.
Bu inkişaf müstəqil Azərbaycan dövlətinin paytaxtından da yan keçməyib. Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima, rəng verən müasir tikililər də məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən "Alov Qüllələri", Dövlət Bayrağı Meydanı, "Crystal Hall", Heydər Əliyev Mərkəzi kimi tikililər və memarlıq inciləri kimi heyrətə səbəb olan nadir nümunələr onun panoramasında nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Bu nadir tikililər sırasında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən inşa olunan Xalça Muzeyi də müasir Azərbaycanın gücünün, inkişafının göstəricisidir. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının 2015-ci ildə dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.
Azərbaycan mədəniyyəti, təhsili sahəsində də qazanılan uğurlar danılmazdır. Ulu Öndər Heydər Əliyev demişdir":Təhsil millətin gələcəyidir". Təhsili olmayan bir millətin gələcəyi də yəqin ki, acınacaqlı olardı. Azərbaycanda təhsilin inkişafı üçün dövlət proqramları hayata keçirilir, qarşıya qoyulan məqsədlər layiqincə yerinə yetirilir. Mədəniyyət siyasəti nəticəsində milli sənətimiz dünyanın istənilən ölkəsində maraqla qarşılanır. Mədəniyyətimiz vasitəsilə biz ən müxtəlif dairələrdə səsimizi çatdıra, təbliğatımızı apara bilirik. Dövlətimiz milli mədəniyyətimizin qorunması, təbliği ilə bağlı uğurlu mədəniyyət siyasəti həyata keçirir. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də bu isiqamətdədir. Dövlətimiz Azərbaycan mədəniyyətinə bütövlükdə sahib çıxıb. Son dövrlərdə az qala unudulmaqda olan muğam sənəti Mehriban xanım Əliyevanın dəstəyilə yenidən parladı və bu gün bizim mədəniyyət və incəsənətimizin bir simvolu halına çevrilib. Ölkəmiz ciddi və böyük yarışlarda, festivallarda iştirak edir. Eyni zamanda, bizdə də bu cür tədbirlər yüksək səviyyədə keçirilir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir.
- Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Paytaxtımızda keçiriləcək Birinci Avropa Oyunlarına artıq 28 gün qalır. Nazim müəllim, oyunlarla bağlı bir mədəniyyət xadimi olaraq fikirlərinizi bilmək maraqlı olardı.
- Bilirsiniz, Azərbaycanın sürətli inkişafı ölkəmizdə idman hərəkatının daha geniş vüsüt almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımı maddi-texniki baza da yaradılıb. Beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir, Bakıda bu yarışları yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə də dünya liderləri sırasında olduğunu göstərir.
Təbii ki, uğurları ilə tanınan ölkəmiz ilk Avropa Oyunlarının təşkilində tarixə imza atacaq. Məlumdur ki, 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. "Bakı-2015" idman tarixində yeni maraqlı səhifə olacaq. "Bakı-2015" oyunları Azərbaycanı parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Həm də Azərbaycan üçün böyük sınaqdır. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu bir daha nümayiş etdirəcək.
Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi artıq bu oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verir. Çünki Mehriban Əliyevanın rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər həmişə yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Evrovision-2012" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə xeyli nüfuz qazandı. Heç şübhəsiz ki, Avropa Olimpiya Komitəsinin Azərbaycana göstərdiyi etimadı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya Oyunlarının tarixində, sadəcə, Birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır.
Artıq Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Avropa Oyunlarının dünya ölkəlrində təqdimat mərasimləri keçirilib. Azərbaycan Avropa Oyunlarına artıq tam hazırdır. Aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Bu hadisə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Bu gün Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşır və böyük coşqu ilə qarşılanır. Bəli, Bakı Oyunlara hazır vəziyyətdədir. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi artıq reallığa çevrilir.
- Qeyd edək ki, paytaxtımızda Avropa Oyunlarının keçirilməsinə qısqanclıqla yanaşan qüvvələr də var.
- Sizi inandırım ki, o insanlar vətənini, xalqın sevməyən, dövlətin inkişafına göz yuman və bilərəkdən bu uğurları qəbul etmək istəməyən insanlardır. Azərbaycanın nəyə qadir olduğunu zaman təsdiqləyəcək. "Evrovizion" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirildiyi ərəfədə də cəfəng danışıqlar oldu və bu nəticə etibarilə özünü doğrultmadı, fikirlərini alt-üst etdi. Bir daha sübut olundu ki, Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanı gözü götürməyənlər daxili və xarici qüvvələr bir daha Azərbaycanın uğurlarının şahidi olacaqlar.
"Bakı-2015" Avropa Oyunları Azərbaycanın səyi, sülsevərliyi ilə baş tutacaq. Görülən işlər səmərəsini verəcək. Avropa Oyunlarına gələcək qonaqlar Azərbaycan haqqında daha çox məlumat, zəngin təəssürat əldə edəcəklər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Avropa Oyunları ölkəmizlə tanışlıqdır. Təbii ki, bu oyunlar sülh, dostluq təmlinin möhkəmlənməsində böyük rol oynayacaq.
Bizim Musiqi Kolleci də bu oyunlara hazırlaşır. Qeyd edim ki, "Evravizion" Mahnı Müsabiqəsində ilk dəfə iştirak edən bizim təhsil ocağının məzunu Elnur Hüseynov idi. 2007-ci ildə buranı bitirdi və həmin il də müsabiqəyə iştirak etdi. Onluqda yer aldı. Bu günlərdə onun sədasını biz Türkiyədən eşitdik və Türkiyənin ən gözəl səsi adına layiq görüldü. Qarşıda bizi Avropa Oyunları gözləyir. Məsuliyyətimiz gün-gündən artır. Bizim təhsil ocağından 50 tələbə oyunlarda musiqiçi kimi iştirak edəcək. Təkcə nağara sinfində oxuyan 9 tələbəmiz isə nağara çalanlar ansanblına cəlb olunub. Kollecin həmkarlar, gənclər təşkilatları, bütövlükdə kollektivi Avropa Oyunlarını yüksək səviyyədə keçməsinə var qüvvəsini sərf edir və edəcək. Azərbaycan bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirdiyi kimi, bu oyunlarda da möhtəşəmliyi ilə tarixə öz sözünü yazacaq.
Zümrüd BAYRAMOVA
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib