Elşən Musayev: "AXCP hazırda Müsavatın dədəsinə rəhmət oxutduran vəziyyətdədir"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir
- Elşən müəllim, AXCP-nin gözlənilən qurultayında Əli Kərimlinin alternativsiz sədrlik iddiası yeni qopmalara gətirib çıxara bilərmi?
- Əli Kərimli AXCP daxilindəki despot rejimi partiyanın başına gəldiyi ilk gündən yaradıb və maraqlıdır ki, bunu heç bir zaman inkar da etməyib. Çünki özünə vurğundur. Həm də patoloji dərəcədə vurğundur. Ona görə də AXCP-nin formal qurultayından nəsə gözləməyə dəyməz. Yenə bir - iki bəy tərifi səslənəndən sonra Kərimlini aparıb oturdacaqlar sədrlik kürsüsündə. Zatən AXCP sədrinin illərdir yürütdüyü təşkilatdaxili səhv siyasəti də bu dönəmlər üçün nəzərdə tutulub, ya da belə deyək: bütün ziyalıların, ağıllı adamların, eyni zamanda özündən daha hörmətli və güclü olan müavinlərin, müşavirlərin təşkilatdan uzaqlaşdırılması o məqsədə xidmət edirdi ki, nə vaxtsa qurultayda, sədr seçimi məqamında alternativ - filan olmasın. Deyəsən bu adam bu gün konkret bir nəticəyə gəlib. Amma bir daha təkrar edirəm: planlı şəkildə. Hər hansı bir qopmanı isə gözləmirəm. Qopacaq bir şey qalmayıb - ona görə gözləmirəm. AXCP çoxdan pərən - pərəndir, çoxdan tarixin arxivinə gömülüb.
- Necə düşünürsünüz, Əli Kərimlinin iddiaları AXCP-nin dağılmasına gətirib çıxara bilərmi?
- Bu, iddia deyil, siyasi debilizmdir. Ona görə də radikal düşərgədə inkişaf, rentabellik, müsbət dinamika yoxdur. İşləri-gücləri ancaq "Azadlığ"ın manşetindən hakimiyyət üzərinə nifrin, iftira və təhqir püskürməkdir. Belə hakimiyyətəmi gəlmək olar? Hansı ölkədə müxalif komanda bu ideologiya, bu xətt ilə hakimiyyətə gəlir? Varmı belə bir president? Yoxdur! Bax, ona görə də böhran durmadan dərinləşir.
- Bu halda Müsavatdakı durum AXCP- də təkrarlana bilərmi?
- İnanın və əmin olun: AXCP hazırda Müsavatın dədəsinə rəhmət oxutduran vəziyyətdədir. AXCP yoxdur! Əli Kərimlinin klaviatura siyasətini istisna etsək, bu təşkilat, həqiqətən yoxdur!
- Parlament seçkiləri ilə bağlı müxalifətin fəaliyyətsizliyini partiya sədrlərinin böyük iddialarının acı nəticəsi kimi qiymətləndirmək olarmı?
- O partiya sədrlərinin iddiası yoxdur. Sadəcə, pafosları var. O da normaldır. Yəni baxırlar ki, heç nə alınmır. Üstəlik, dəqiq bilirlər ki, heç bir zaman da alınmayacaq. Belədə isə qışqırmaqdan, utopik düşüncəyə köklənməkdən, 5-6 hərif tapıb pul qazanmaqdan savayı çarə qalmır. Fəaliyyətsizlikləri də bu səbəbdəndir. Eyforiyada olan adam uğur qazana bilməz. Siyasət belə siyasətcikləri hər zaman öz burulğanında batırıb.
- Necə düşünürsünüz "Milli Şura" ilə Müsavatın parlament seçkiləri ilə bağlı əməkdaşlıq etməsi mümkündürmü? Çünki bu barədə müxtəlif təkliflər və ideyalar səslənməkdədir.
- Ən azından Arif Hacılı buna cəhd edir. Amma Kərimli və ya Həsənlini sevdiyi üçün deyil, müxalif imicini qorumaq və pul qazanmaq üçün. Amma nəticə necə olacaq, orasını bilmirəm. İdeya sarıdan isə bunlar həmişə bol olublar. Nələri olmasa da boş – boş ideya vermək məsələsində kasadlıqları heç müşahidə olunmayıb.
- Parlament seçkilərində də müxalifətin məğlub olacağını indidən proqnozlaşdırmaq olarmı?
- Birmənalı şəkildə! Bunu mən demirəm, ortalıqdakı siyasi mənzərə deyir. Bir təşkilatın lideri ki, arvad adı ilə "facebook" profili yaradıb adam söyür, onunla bərabər gedilən bütün yolların, ünvanların sonu uçurumdur. Bir müxalifətin ki, sosial bazası, siyasi elektoratı bir sünnət toyunun kontingenti, adam sayı qədər deyil, o zaman hakimiyyətə gəlməyi də, qələbələr qazanmağı da yalnız və yalnız yuxuda görmək olar.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib