Müsahibimiz politiloq Elçin Axundzadədir
Elçin Axundzadə: "Azərbaycan və onun vətəndaşları sovetlər dövründə və ondan sonra nə nailiyyətlər qazanıblarsa buna görə, Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıdırlar "
- Elçin müəllim, siz keçmiş hərbiçisiniz. Bizim üçün maraqlıdır, hərbi məktəbdə təhsil aldığınız illəri necə xatırlayırsınız?
- Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil aldığım illər mənim həyatımda unudulmaz izlər buraxıb. Ulu Öndər hər il bir dəfə hərbi məktəbə gəlirdi, bizimlə görüşüb təhsilimiz, problemlərimiz və qayğılarımızla maraqlanırdı. Problemləri olan kursantların problemlərini qısa müddətdə həll edirdi. Bəzən mühafizə xidməti bizi onunla görüşməyə qoymasa da, Ulu Öndər onlardan aralanıb, bizimlə şəkillər də çəkdirirdi. Dahi Öndər bizə nəvələrim deyirdi. Həm də bu sözlərin bizim yaddaşımıza həkk olunması üçün tez-tez deyirdi: "Ordu hər bir millətin, ölkənin sütunu deməkdir. Siz də çalışın yaxşı oxuyun ki, peşəkar zabit ola biləsiniz". Deməlı, Ulu Öndər bilirdi ki, gec-tez Azərbaycan müstəqil olacaq və onun yetirmələri olan bizlər Vətənin torpaqlarını qoruyacağıq. Ona görə də Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdandan sonra keçmiş Naxçıvanski adına Hərbi Məktəbin məzunlarına müraciət etdi ki, "Vətən dardadır və sizin kimi mütəxəssislərin köməyinə xalqımızın böyük ehtiyacı var". Müasir Azərbaycanın memarı, qurucusu Heydər Əliyevin bu çağırışına mən də yüzlərlə zabit kimi səs verərək, Azərbaycana qayıdıb, Qarabağ döyüşlərində birinci gündən atəşkəs imzalanana qədər vəzifə borcumu yerinə yetirdim. Bir zabit və vətəndaş kimi burada torpaqlarımızı qorumaq üçün əlimdən gələni etdim.
- Belə deyirlər ki, Ulu Öndər həm də sizin hərbçi kimi ali təhsil almağınızı da tövsiyə edirmiş.
- Hərbi məktəbin məzunları Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə 1993-cü ildə Azərbaycanı vətəndaş qırğınından və parçalanmaqdan qorudular. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yetirmələri içərisində bu gün Azərbaycan xalqına və dövlətinə layiqincə xidmət edən bir neçə hörmətli generalın adını xüsusulə çəkmək istəyirəm. Onlar - Azərbaycan Prezidentinin müşaviri general-polkovnik Vahid Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev və onun müavini general- mayor Cavid Abdullayev, eləcə də bütün varlıqları ilə Azərbaycana və Ali Baş Komandana sadiq olan başqa generalları, zabitləri də misal göstərə bilərəm. Bəli. Ulu Öndər hər dəfə bizimlə görüşəndə, məsləhət verirdi ki, biz hökmən təhsilimizi ali hərbi məktəblərdə davam etdirək. Hətta Rusiyanın ən ucqar yerlərində olsa belə hərbi akademiyalarda təhsilimizi davam etdirək. Hərbi qoşunlarda xidmət etməklə də təcrübəmizi artiraq. Sonra da yüksək təcrübəli zabit kimi Azərbaycana qayıdaq.
- General-polkovnik Zakir Həsənov müdafiə naziri olandan sonra orduda böyük dirçəliş başlayıb. Bu haqda keçmiş zabit kimi nə deyə bilərsiniz?
- General-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məzunu kimi, qanında-canında böyük vətənpərvərlik hissi var. O, Daxili Qoşunların komandanı olanda, ölkə başçısı gördü ki, orada necə böyük əhval-ruhiyyə, nizam-intizam və yüksək döyüş hazırlığı var. Ona görə də ona belə böyük vəzifə etibar etdi. Cənab nazir də elə ilk gündən cəbhə bölgəsində olan əsgərlərimizin yanındadır. Onların bütün problemlərini də həll edir. Çünki cənab nazir və rəhbərlik etdiyi komanda, onun göstərdiyi qayğı nəticəsində əsgər heyətini təsərrüfat işlərindən ayırıb, bütün növlər üzrə təminat yüksək səviyyəyə çatdırılıb və onlar da sırf döyüş hazırlığı ilə məşğul olurlar. Cənab Zakir Həsənovun sayəsində orduda psixoloqlar işləyir və onlar da əsgərlərə böyük köməkliklər göstərirlər. Bununla da bütün hərbi qulluqçularda patriotik, Vətənə sevgi hissləri pik həddinə çatdırılır. Biz də keçmiş hərbiçilər olaraq general-polkovnik Zakir Həsənovu dəstəkləyirik. İnanırıq ki, əgər yaxın vaxtlarda Cənab Ali Baş Komandan torpaqlarımızın azadlıgı uğrunda əmr versə, ordumuz tezliklə doğma Qarabağı düşmənlərdən azad edəcək. Çünki buna bizim ordumuzun tam gücü və iradəsi çatar. Mən bunu Azərbaycan Ordusuna bələd olan peşəkar zabit kimi deyirəm.
-Elçin müəllim, bir neçə gün əvvəl orduda həbslər oldu, yüksək rütbəli zabitlər vəzifələrindən kənarlaşdırıldı, eləcə də bəzi ordu birləşmələrində yoxlamalar aparıldı. Keçmiş peşəkar zabit olaraq bu kimi məsələlər haqda sizin fikriniz də oxucular üçün maraqlı olardı...
- Mən sizin sualınıza cavabı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin toplantıda dediyi tövsiyələrlə başlamaq istəyirəm. Ölkə başçısı həmin toplantıda belə dedi: "Korrupsiya və rüşvətxorluq böyük bəladır. Və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin". İnanıram ki, həmin hərbi birləşmələrdəki yoxlamalar da dəqiq və şəffaf aparılacaq və oğurluğun mənbəyi, kimlər tərəfindən yaranma səbəbləri aydınlaşdırılacaq.
Onu da xüsusilə qeyd etmək istəyərdim ki, bahalı maşınların Müdafiə Nazirliyinin və tabeçiliyində olan hərbi hissələrin qabağında saxlanılması vicdanlı insanlarda istər-istəməz sual yaradır: onlar bu maşınlarl hansı pulla alıblar?..
O ki qaldı siz dediyiniz indiki korrupsiya ilə bağlı həbslərə, təəssüflər olsun ki, həbs olunan Müdafiə Nazirliyinin yüksək vəzifəli üç zabitindən biri də maliyyəçi-inspektordur. Bu da onu göstərir ki, maliyyə idarəsində şəffaflıq hələ də tam təmin olunmayıb. Təəssüflər olsun ki, biz bu gün ordudakı korrupsiya haqqında danışdıq. Amma inanıram ki, tezliklə biz qələbə haqqında fikir mübadiləsi aparacağıq. Qoy orduda olan həmin zabitlər də korrupsiya yox, qələbə haqqında fikirləşsinlər.
-Siz söhbət əsnasında dediniz ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev də Naxçıvanski adına Hərbi Məktəbin yetirməsidr. Avqust ayının 19-da Dövlət Sərhəd Qoşunlarının yaranmasının 96-cı ildönümü qeyd olundu. Siz zabit və politoloq kimi bu haqda nə deyə bilərsiniz?
- Mən keçmiş tələbə yoldaşım Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevi və Sərhəd Qoşunlarının bütün zabit və əsgər heyətini bu bayram münasibətilə təbrik edirəm. Ulu Öndər 1990-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məzunlarını Azərbaycana qayıdıb, yenicə müstəqillik qazanmış bu ölkəni qorumaq üçün onları Vətənə çağırmışdı. O zaman general-polkovnik Elçin Quliyev də yüzlərlə azərbaycanlı zabit kimi Vətənə qayıtdı. Özünüz də bilirsiniz ki, 1992-ci ildə AXC-Müsavat çütlüyünün hakim rejimi ölkəmizdə xaos vəziyyəti yaratmışdılar. Vətəndaş müharibəsi başlanmaq ərəfəsində idi. Dövlətin büdcəsində də pul yox idi. Elçin Quliyev də bir daha Vətənə və Ulu Öndərə sadiqliyini özünün yüksək peşəkarlığı ilə göstərdi, sübut elədi. Təbii ki, Ali Baş Komandan da onun bu şücaətini görüb, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin etdi. General-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edildikdən sonra bu sahədə ciddi uğurlara, naliyyətlərə imza atıldı. Zastavalarda əsgərlər üçün yüksək səviyyəli yeməkxanalar və kazarmalar tikildi. Qısası, ilk gündən sərhədi qorumaq üçün əlindən gələni elədi ki, Azərbaycana destruktiv qüvvələrin daxil olmasının qarşısı lazım olan səviyyədə alınsın. Mən sizə bir şeyi də səmimi vurğulayım ki, general-polkovnik Elçin Quliyevin bu vəzifədə işlədiyi 15 il müddətində gördüyü işlər böyük dövlətlərdə on illərlə görülə bilmir. Bu illərdə Sərhəd Qoşunlarında nizam-intizam, vətənpərvərlik yüksək səviyyəyə qaldırılıb. Onun böyük səyi nəticəsində Azərbaycanda Dövlət Sərhəd Xidməti Akademiyası yaradıldı. Sərhəd Qoşunları üçün xüsusi katerlər alındı. Ona görə də qürurla deyə bilərəm ki, belə genaralla Azərbaycan fəxr eləyə bilər. Çünki o, yüksək dərəcədə savadlı, hərbi işi mükəmməl bilən hərbiçidir. O, hər bir zabiti, çavuşu özü şəxsən qəbul edir, onların insani keyfiyyətlərindən əlavə fiziki hazırlığını, dünyagörüşlərini, savadını yoxlayır. Bu da onu göstərir ki, Sərhəd Qoşunlarında vətənpərvəlik hissi, nizam-intizam qaydaları yüksək səviyyədədir. Onlar Ali Baş Komandanın əmrilə hər zaman döyüşə atılmağa hazırdırlar. Mən də tələbə yoldaşımla fəxr edirəm. Bilirsiniz ki, bu yubiley ərəfəsində Sərhəd Qoşunlarında bir sıra maraqlı tədbirlər keçirilib. Bu haqda mətbuatda geniş məlumatlar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sərhədçilərimizi yüksək dərəcəli adlarla, hərbi rütbələrlə, orden və medallarla təltif edib. Ən sevindirici hal odur ki, 17 avqustda Bakı şəhərinin Xətai rayonunda sərhədçilər üçün inşa olunmuş yaşayış şəhərciyinin açılışı olub. Orada sərhədçilərə 13 və 15 mərtəbəli binalarda bir, iki və üçotaqlı mənzillər inşa olunub. Sərhədçilərə 612 mənzil verilib. Bu, çox böyük alqışa layiqdir. Axı sərhədçilərimiz müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirirlər. Xalqımız da tam arxayın ola bilər ki, Azərbaycan sərhədi Sərhəd Qoşunlarımız tərəfindən layiqli səviyyədə qorunur.
- Siz Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvüsünüz. Bu partiyanın üzvü olmadan, özünüzün dövlətçilik ideyalarınızı davam etdirə bilməzdinizmi?
- Mən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə oxuduğum illərdən Ulu Öndər Heydər Əliyev biz tələbələrin idealı olub. Məhz bu məktəbin məzunları da Azərbaycanın müstəqilliyini qorumaqda, dövlət çevrilişının və qardaş qırğınının qarşısını almaqda, qanı və canı ilə dövlətə və Prezidentə sadiqliyini əyani olaraq sübut etdilər və ölkəmizi çox bəlalardan qorudular. Mən həmişə deyirəm ki, biz hələ də Ulu Öndərin dahiliyini tam dərk edə bilmirik. Ona görə də bir fikri qətiyyətlə deyirəm ki, Azərbaycan və onun vətəndaşları sovetlər dövründə və ondan sonra nə nailiyyətlər qazanıblarsa, buna görə Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıdırlar. Mən də Onun yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olmaqla özümü xoşbəxt insan sayıram. Həyatda nə nailiyyətlər əldə etmişəmsə, məhz Ümummilli Lider Heydər Əliyevə borcluyam. Gəlin onu da unutmayaq ki, Ulu Öndər Heydər Əliyev olmasaydı və hakimiyyətə gəlməsəydi, 1993-cü ildə Azərbaycan parçalanacaqdı, qardaş qırğını olacaqdı və bəlkə heç Azərbaycan adlı ölkə də olmayacaqdı. Qətiyyətlə onu da deyə bilərəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də Ulu Öndərin layiqli davamçısı olmaqla 2013-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi sözlərə tam əməl edib. Və bir məsələni də vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev yalnız Azərbaycanda deyil, dünyada iqtisadi, siyasi məsələlərin həllində çoxlu işlər görür. Bax, buna görə də qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda Prezident İlham Əliyev Cənablarının alternativi yoxdur. O özünün müdrik siyasətilə, yüksək ordu quruculuğu ilə, dövlətin iqtisadiyyatını yüksəltməklə Azərbaycanı böyük, işıqlı sabaha aparır. Mən də buna tam əminlikə inanıram. İnam isə həyatin sərmayəsi deməkdir. Öz prezidentinə və ordusuna inanan xalq isə həmişə dünya millətləri arasıda seçilir, tanınır və böyük qələbələrə imza atır. Ona görə də hər birimiz Ulu Öndərin təbirincə desək, fəxr eləyə bilərik ki, biz azərbaycanlıyıq.
Ağalar İDRİSOĞLU,
Yazıçı-rejissor, Əməkdar İncəsənət Xadimi
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib