Arzu Nağıyev: "Sarkisyan hakimiyyətinin süqutu və onun hakimiyyətdən gedəcəyi haqda söhbətlər xeyli vaxtdır gedir"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- İşğal altında olan Dağlıq Qarabağda Fransa mədəniyyət günləri keçirilib. Bu, Fransanın həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində bitərəf mövqe tutacağına şübhələr yaratmır ki?
- Fransanın bir sıra siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibəti və separatçı "DQR"-i dəstəkləməsi təzə məsələ deyil. Məlumdur ki, Avropanın ən böyük erməni lobbisi və diaspor təşkilatları məhz Fransadadır. Farnsa prezidenti Olland hətta qondarma "soyqırımı" məsələsi ilə bağlı Ermənistana səfər də etdi. Yəni Fransada hətta prezidentə belə təsir edəcək erməni lobbisi mövcuddur. Təəssüf ki, Fransa bu gün ATƏT -in Minsk Qrupunda təmsil edilir. Sorgulananda isə bunun dövlət siyasətinin olmadığını iddia edirlər. Yəni Fransa daima Dağlıq Qarabağ məsələsində qeyri-səmimi mövqe tutub və burada təəccüblü bir şey yoxdur...
- Ermənistanda kütləvi iğtişaşlar baş verib. Bu cür hallar təkrarlansa da, Ermənistanda hakimiyyət dəyişikliyi baş vermir. Sizcə,bunun arxasında Rusiya amilinin dayandığını demək olar?
- Bu gün ermənilərin əsas hissəsi Qərbyönümlü iddialarla çıxış edirlər, bu isə nə Rusiyanı, nə də ki, Ermənistanı razı sala bilməz. Sarkisyan hakimiyyətinin süqutu və onun hakimiyyətdən gedəcəyi haqda söhbətlər xeyli vaxtdır gedir. Məlumdur ki, enerji böhranı ilə başlanan mitinqlər sonda hakimiyyətin dəyişdirilməsi tələbi ilə davam etdirildi və hərbi birləşmələr və polis gücünə yatırıldı. Məlumdur ki, bu mitinqlərin arxasında Qərb də durur. Bu gün Ermənistan iqtisadiyyatı yox vəziyyətindədir, ərazisinin yarısından çox hissəsi xarici sərmayəçilərə və əsasən də Rusiyaya məxsusdur. Qərbin Rusiyaya sanksiyalarının tətbiqi isə sərmayə qoyuluşunu heçə endirib. Bundan başqa Qarabağ klanı bu gün hakimiyyətdədir və bunu davam etdirmək niyyəti var,məhz buna görə də Saakyan və Ohanyanın adları hallandırılır.
- Sarkisyanın hakimiyyətdən gedəcəyi tarix hansı zamana təsadüf edilə bilər?
- Sarkisyan və Putinin son görüşündə iki prinsipial məsələ ortaya qoyuldu və Sarkisyan hakimiyyətini davam etdirəcəyi və hələ bir müddət hakimiyyətdə qalacağı ilə bağlı zəmanət aldı, eyni zamanda Rusiyadan 200 milyon dollarlıq imtiyazlı kredit adı ilə silah əldə etdi və ya Ermənistan ərazisində yerləşən 102 saylı Rusiya hərbi bazasının silahından istifadə edəcəyini razılşadırdı. Bu, o deməkdir ki, Hələ Sarkisyanın hakimiyyətdən gedəcəyi gün o qədər də yaxında deyil...
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib